İnsanlara hürriyət, millətlərə istiqlal!

Xruşova alman “şilləsi” və Moskvadakı dollar milyonçusu – 8 illik cəza necə ölüm hökmü ilə əvəzləndi...

6118 19.02.2019 13:45 Yaxın tarix A A

Axtarış zamanı onun evindən tapılanlar istintaq qrupunun üzvlərini sözün əsl mənasında heyrətə gətirib. 1961-ci ildə Moskva şəhərində sovet vətəndaşının mənzilindən 1.5 milyon ABŞ dolları, külli miqdarda qızıl və bahalı zinət əşyalarının aşkar olunması ağılasığmaz hadisə idi. Bu həmin ərəfə idi ki, milyonlarla sovet insanı dolların hansı rəngdə olduğunu belə bilmirdilər.

Bəs bu varın sahibi milyonlara necə sahib olub?

Hər şey Nikita Xruşovun 1960-cı ildə Almaniyaya səfərindən başlayıb. Xarici həmkarları ilə görüşlərinin birində Xruşova açıq və bir az da istehzalı şəkildə bildiriblər ki, dünyanın ən böyük “qara valyuta bazarı” Moskvada fəaliyyət göstərir. Təbii ki, sosialist ölkəsinin rəhbərinin ünvanına deyilən bu söz Xruşov üçün sillədən betər olub.

Nikita Xruşov Moskvaya dönən kimi təcili olaraq Siyasi Büronun iclasını keçirib. SSRİ-də valyuta alverçilərinə qarşı “müharibə” elan olunub. Hüquq-mühafizə orqanlarının keçirdiyi tədbir və əməliyyatlar haqqında mütəmadi olaraq rəhbərə məruzə edilib. Xruşov daha sərt tədbirlərin həyata keçirilməsini tələb edib.

DTK agenturasının fəallığı nəticəsində ilk ələ keçirilənlərdən biri Yan Rokotov olub. Onun qurduğu mürəkkəb şəbəkənin aşkarlanması əməliyyatçılara heç də asan başa gəlməyib. Şəbəkənin fəaliyyəti SSRİ-yə gələn turistlərdən valyuta və mallar (geyim, kiçik texnika, avadanlıq, zinət əşyaları, suvenirlər və s.) almaqdan ibarət olub.

Yan Rokotov 1927-ci ildə Moskvada dünyaya göz açıb. 20 yaşında tələbə olanda şübhəli şəxs qismində yaşadığı mənzildə axtarış aparılarkən tualetin pəncərəsindən qaçıb. Ancaq elə həmin gün də həbs edilib. Heç bir cinayət əməli sübuta yetirilməsə də, məhkəmə onu istintaqdan yayındığına görə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Rokotov qısa müddət ərzində həbsdən azad olub və bəraət alıb. Yenidən təhsilini ikinci kursdan davam etdirib. Tələbə həyatı və maddi vəziyyəti onu qane etmədiyindən institutdan könüllü uzaqlaşıb.

Yan Rokotov dolanışıq üçün kiçik valyuta alveri ilə məşğul olmağa başlayıb. Bəlkə də bu “kiçik biznes”ə girişəndə onun ağlına gəlməyib ki, nə vaxtsa milyonçu olacaq.

Hər şeyi son detallarına qədər ölçüb-biçməyi bacaran Rokotov turistlərlə xoş münasibət yaratmağı bacarıb, onların maraqlarını öyrənə bilib və əlverişli sövdələşmə aparmağa nail olub. Ancaq “uğurlu biznesmen” tək özünün fəaliyyəti ilə böyük pullar əldə etməyin mümkün olmadığını da dərk edib. Bu məqsədlə o, ətrafına etibarlı adamlar toplayıb və sözün həqiqi mənasında onlar üçün kurs keçib, mükəmməl şəkildə şəbəkə üzvlərini təlimatlandırıb. Beləliklə, böyük bir mürəkkəb mexanizmli şəbəkə yaradan Rokotov Moskvanın “qara valyuta bazarları”nı da özündən asılı vəziyyətə salıb.

Təhlükəsizliyi ən vacib məsələlərdən biri sayan Yan Rokotov Sosialist Əmlakını Dağıdanlarla Mübarizə İdarəsinin (SƏDM - OBXSS) əməkdaşlarına da müxtəlif vasitələrlə yol tapıb. Bununla da o, həm valyuta, həm də xarici malların satılmasında heç bir maneə ilə rastlaşmayıb.

Yan Rokotov dövriyyədən kənardakı şəxsi pulunu, təbii ki, heç bir banka yerləşdirə bilməyib və o, “qızıl çanta”sını evdə saxlamağa məcbur olub. Xruşovun elan etdiyi “müharibə”dən xəbərdar olan Rokotov çantanın yerini tez-tez başqa ünvanlara dəyişib. Hətta o, bir-neçə dəfə əməliyyatçıları böyük hiyləgərliklə aldada da bilib. Mənzildən çıxarkən onun əlindəki çantanı yoxlayanda “qızıl çanta”dan sabun və digər hamam ləvazimatları aşkarlanıb.

Rokotov öz milyonlarını çox da gizlədə bilməyib. Böyük pulların böyük bəlası onu da haqlayıb. Nəhayət, pulların növbəti “yerdəyişməsi” zamanı Rokotov ələ keçib. Və yuxarıda qeyd etdiyimiz kimi 1.5 milyon dollar və bahalı zinət əşyaları istintaqın ixtiyarına verilib.

Həmin dövrün mövcud qanunvericiliyinə görə Yan Rokotov ilk məhkəmədə ittiham olunduğu maddənin ən yüksək cəza həddinə, 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bu haqda Xruşova məruzə ediləndə rəhbərin qəzəbi yerə-göyə sığmayıb: “Rokotova 8 il həbs cəzası verən hakimin özünü 8 il azadlıqdan məhrun etmək lazımdır...”

Beləliklə, SSRİ-də dünyanın hüquq praktikasında görünməyən bir hadisə baş verib. Cinayət məcəlləsinin müvafiq maddəsində dəyişiklik edilərək valyuta kontarabandası ilə bağlı cəza növü kimi ölüm hökmünün tətbiqi öz əksini tapıb.
Məhkəmə ikinci dəfə Yan Rokotovun işinə baxıb. Bu dəfə ona 15 il azadlıqdan məhrum ediblər. Bu hökm də Nikita Xruşovu qane etməyib.

3-cü məhkəmə Xruşovun qəzəbini soyutmaq üçün Yan Rokotovu ölüm cəzasına məhkum edib və o, Butırka həbsxanasında güllələnib. Rokotovla bərabər onun iki şəriki Yakovlev və Faybişenko da ölüm cəzasına məhkum ediliblər.

Sonralar qərb mətbuatı Rokotovun işini dövlətin məhkəməyə kobud şəkildə müdaxiləsi kimi qiymətləndirib.

Rokotovun fəaliyyəti ilə tanış olan istər SSRİ-nin, istərsə də xarici ölkələrin tanınmış iqtisadçıları və hüquqşünasları onu uğurlu biznesmen kimi xarakterizə ediblər, hətta Rokotovu yaratdığı valyuta şəbəkəsinə görə Nobel mükafatına layiq beyin sahibi kimi dəyərləndiriblər.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR