İnsanlara hürriyət, millətlərə istiqlal!

Xoşqədəm Hidayətqızı: "Tanzaniyada yaradılan yeni bulaqlar Azərbaycan şəhidlərinin adlarını daşıyacaq" – Video, Fotolar

1252 13.12.2021 20:12 Ölkə A A

Şərqi Afrika ölkəsi olan Tanzaniyada yeni yaradılacaq bulaqlara Azərbaycan şəhidlərinin adları veriləcək.

Bu barədə məşhur tele-aparıcı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Musavat.com-a açıqlamasında bildirib. Aparıcı qeyd edib ki, bununla bağlı Türkiyənin dəstəyi ilə böyük bir layihəyə imza atılıb. Həmin layihənin iştirakçısı olan Xoşqədəm Hidayətqızının sözlərinə görə tezliklə Afrika kəndlərində hər şəhidimizin adına bir bulaq tikiləcək:

“Bildiyiniz kimi “Səni axtarıram” layihəsi illərdir ki, xeyriyyə aksiyaları həyata keçirir. Xeyli sayda imkansız insanlara ev tikdik, əməliyyata ehtiyacı olanlara köməklik etdik, illərlə itkin düşənlər yaxınlarına qovuşdu.

Bir gün Türkiyədən belə bir təklif aldım ki, Afrikada suya ehtiyacı olan insanlara birlikdə yardım edə bilərik. İllərlə sosial layihədə olan biri kimi düşündüm ki, sərhədləri aşmaq, min kilometrlərlə uzaqlarda yaşayan insanlara, xüsusən də uşaqlara, qadınlara əl tutmaq çox gözəl ideyadır. Ona görə də mən Afrikaya, Tanzaniyaya getdim.

Oradakı insanların, körpələrin çirkli su içməkdən hansı vəziyyətə düşdüklərini öz gözlərimlə gördüm. Düşündüm ki, mən 12 ildə heç bir iş görməmişəm. O dərəcədə dəhşətli həyat hekayələri gördüm. Və beləliklə ideyanı qəbul etdim. 

Qeyd edim ki, artıq bulaqların tikilməsi ilə bağlı göstəriş verilib. Yaxın günlərdə orada görüləcək işlərlə bağlı tamaşaçılarla məlumat verəcəm”.

Xoşqədəm Hidayətqızı tanzaliyalıların bu layihəni böyük sevinclə qarşıladıqlarını vurğuladı:

“Həmin ərazidə daha çox müsəlmanlar yaşayır. Onlar biləndə ki, mən haradan gəlmişəm, hansı bölgədənəm, çox duyğulandılar. Hətta mənə dedilər ki, kəndin önünə Qarabağ yazısı olan tablo qoyacaqlar. 

Bulaqlar çəkiləcək deyə tanzaniyalılar çox sevinirdi. Axı su həyat deməkdir. Həmin vaxt belə bir təklif verdim ki, bulaqlara bizim şəhidlərimizin adı verilsin. Onlar da bunu çox dəstəklədilər. Bir köydə təxminən 8 bulaq qazılıb, daha sonra onların sayı artırılacaq. Qeyd edim ki, bu davamlı layihədir, yəni, birdəfəlik deyil.

Bundan çox qürurluyam. Doğrudur, bir neçə insan sosial şəbəkələrdə yazdı ki, bu işi niyə Azərbaycanda deyil, Afrikada edirsiniz? 12 ildir ki, burada edirik, işlərimiz, aksiyalarımız davam edir. Amma çox-çox uzaqlarda, səsi, fəryadı bəzən heç yerə çatmayan insanlara yardım etməkdən gözəl nə ola bilər”

Xoşqədəm Hidayətqızı qeyd edib ki, təkcə 44 günlük Vətən müharibəsinin deyil, bütün Qarabağ şəhidlərinin adları həmin bulaqlarla əbədiləşdiriləcək:

“Necə ki bu layihə var, bitənə qədər şəhidlərimizin adları veriləcək”.

Aparıcının sözlərinə görə layihə Tanzaniyadan sonra digər bölgələrdə də davam etdiriləcək.

 

Xalidə Gəray

Elçin Əkbərov 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR