Sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA), o cümlədən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda koronavirusa şeir yazılması haqqında yayılan informasiyalara dair məlumat yayıb.
Musavat.com Akademiyanın münasibətini təqdim edir:
"Əvvəlcə qeyd etmək istəyirik ki, AMEA-da koronavirusla mübarizə haqqında şeirin yazılması yalnız şifahi məlumat şəklində olmuşdur. Akademiyada çalışan bir əməkdaşın koronavirusa yoluxmuş yaxın qohumunun həkimlər tərəfindən xilas edilməsinə şeirlə minnətdarlığını bildirməsinə dair eşidilmiş məlumata müsbət münasibət ifadə edilmiş və əgər belə bir yazı olarsa, onun çap edilməsi, kitaba daxil edilməsi məqsədəuyğun sayılmışdır.
Həmin şeirin mətni akademiyada heç kimə təqdim olunmamış, heç yerdə çap edilməmişdir.
Yazılması haqqında yalnız şifahi məlumat olan, heç yerdə çap olunmamış, mətni bizə də məlum olmayan bir şeirə dair məlumatı sosial şəbəkələrdə bu qədər şişirtmək və əldə olmayan bədii yazıya görə elmi kollektivlər, alimlər haqqında xoşagəlməz fikirlər səsləndirmək mediamıza hörmət gətirməz.
Bildirmək istəyirik ki, dünyanın bütün akademiyalarında elmlə ciddi surətdə məşğul olmağı əsas fəaliyyət sahəsi seçmiş tanınmış elm adamlarının həm də bədii əsər yazmaları, rəsm nümunələri çəkmələri, kitablarını nəşr etdirmələri, sərgilərini təşkil etdirmələri məqbul hal hesab olunur. AMEA-da da öz ixtisası sahəsində ölkə miqyasında tanınan alimlər var ki, həm də vaxtları və imkanları daxilində bədii yaradıcılıqla da məşğul olur, rəsm əsərləri çəkirlər. Şair, yazıçı, yaxud rəssam olmağa iddialı olmayan belə yaradıcı şəxslər üçün bədii yaradıcılıq ikinci məşğuliyyət sahəsidir. Hətta onların arasından peşəkar qələm sahibləri də yetişə bilir.
Onu da qeyd etməyi lazım bilirik ki, koronavirusla mübarizə ilə əlaqədar elmin qarşısında duran vəzifələr AMEA Rəyasət Heyətinin iclaslarında müzakirə olunmuş və bu barədə ictimaiyyətə geniş məlumat verilmişdir. Müxtəlif elmi-tədqiqat institutlarında koronavirusla mübarizə ilə bağlı immun sisteminin möhkəmləndirilməsi, yoluxma təhlükəsinin aradan qaldırılmasında dərman bitkilərinin və xalq təbabətinin rolu və əhəmiyyəti, sularda yoluxma təhlükəsinin monitorinqinin aparılması, yoluxmanın qarşısını alan endemik bitkilərin yetişdirilməsinin genişləndirilməsi, postpandemiya dövrünün iqtisadiyyatının vəzifələri və s. kimi məsələlərlə əlaqədar tədqiqatlar davam etdirilir.
Bütün bunlarla bağlı rəsmi dövlət mətbuatında, sosial şəbəkələrdə ictimaiyyətə vaxtaşırı geniş məlumatlar çatdırılmışdır.
AMEA-nın müxbir üzvü Tərlan Məmmədov Türkiyə və Azərbaycan alimlərinin birgə iştirakı ilə koronavirusun qarşısını almaq üçün vaksin hazırlanması istiqamətində elmi araşdırmalara başlamaları barədə ictimaiyyətə ilkin məlumatlar yaymışdır.
Sosial şəbəkələrdə hallandırılan AMEA-da həyata keçirilmiş “Fizika və lirika” layihəsi isə dünyanın bir çox ölkələrində, Rusiya, Çin, Polşa Akademiyalarında da tədqiq edilən, elmlə ədəbiyyatın qarşılıqlı təsiri və əlaqəsinə həsr edilmiş aktual bir problemdir. Bu problemin müxtəlif aspektləri ilə Albert Eynşteyn, Lev Landau kimi Nobel mükafatı laureatı olan görkəmli alimlər də məşğul olmuşlar.
Bütün bunlara görə sosial şəbəkələrdə koronavirusla mübarizəyə dair yazılması haqqında yalnız şifahi məlumat səsləndirilən, mətni əldə olmayan, çap edilməmiş bir bədii yazını bəhanə etməklə elm adamlarını tənqid hədəfinə tutmaq, yersiz mübahisələr açmaq xoşagəlməz məqsədlərə xidmət edir. Mətbuat işçiləri kimi, elmin də, alimin də adını və şərəfini uca tutmaq xalqımıza layiq yüksək xüsusiyyətdir".






