Biz artıq dünyanın mədəni dövlətlərinin yedəyində yox, önündə getməyi planlaşdırmışıq. Pulumuz var, istənilən vaxt ön cərgələri satın alacağıq. Xaricdən gələn teleproyektləri ekranlarımızda sınaqdan keçirə-keçirə keçid dövrünü birtəhər başa vurduq. İndi ekranlarımızdan öz milli-mənəvi dəyərlərimizə söykənən mədəniyyət və incəsənət nümunələri nümayiş etdirməliyik. Milli teleseriallarımız, milli sevgimiz, milli xəyanətlərimiz ekranlaşdırılmalıdır.
Qanun layihəsində mədəniyyət və incəsənət işləri ilə bərabər prodüser anlayışlarından, mədəniyyət və incəsənətin sənayesindən, yaradıcılıqdan, beynəlxalq mədəni əlaqələrdən bəhs olunur. Deyilənə görə, təqdim olunan layihədə şou-bizneslə bağlı məqamlar da öz əksini tapıb. Qanun layihəsindəki əsas məqsədlərdən biri də incəsənətdə pornoqrafiyanın qarşısının alınmasıdır.
Mədəniyyət komissiyasının sədri, professor Nizami Cəfərov deyib ki, şou-biznesin işıqlandırılması əsasən televiziyalardan asılı olduğuna görə şou-biznesdə sənətkarlığın, professionallığın artırılması üçün televiziyalara nəzarət mexanizmi qoyulmalıdır. Əlbəttə, istənilən millətin mənəviyyatına zərbələr olmasın deyə kütləvi təbliğat vasitələrində müvafiq “filtr” qoyulmalı, sağlam fikirli insanlar buna nəzarət eləməlidir. Yəni adı məişət pozğunu kimi çıxmış birisi incəsənət adamı adı altında ekranlarda nümunəvi obraz kimi təbliğ olunmamalıdır.
Bizdə isə əksinədi, adı cəmiyyətdə və mətbuatda ən idbar işlərdə hallanan adamlar ekranlardan camaata ağıl öyrədə, əxlaq-namus dərsi keçə, hətta verilişlərdə aparıcılıq eləyə bilirlər. Aparıcıların intellekt səviyyəsi yerlə süründüyündən mövzular yalnız qeybətdən və çalıb-oxumaqdan ibarət olur. Manısları bir-birinin arxasınca söylədir, söydürürlər. Yeni çıxan manıs özündən qabaqkı manısları söyüb batırmasa, məşhurlaşa bilməz.
Verilişlərin hamısında ya yemək hazırlaya-hazırlaya, ya da yemək yeyə-yeyə oxuyurlar. Bayağı laqqırtılar, bəzəkli süfrələr və yağlı yeməklər verilişlərə təsadüfən ayaq açmayıb. Burdakı adamların fəlsəfəsi rəngarəng yemək və qeybətlərlə qarın doldurmaqdan ibarətdi. Adları pozğunluqda hallananların parlaq yaşayış şəraitini göstərib insanlara “yaxşı yaşamaq istəyirsənsə, pozğun həyat tərzi keçirməlisən” işarəsini verirlər. Hakimiyyət onlara yoğun maaş və hündür titullar verir.
Hər yana mənəviyyatsızlıq saçan, indiki hakimiyyətin dönəmində dayandırılması mümkün olmayan nəhəng bir təkər işə düşüb. Xırda çöpləri xatırladan belə qanun layihələrinin bu nəhəng təkəri dayandırmağa heç vaxt gücü çatmaz. Bu işləri yoluna qoymaq üçün gərək bütün teleşirkətlərin fəlsəfəsini, rəhbərliyini və yaradıcı heyətini dəyişəsən, iqtidar qəzetlərini bağlayasan. Aydın məsələdi, hakimiyyət heç vaxt bunu eləyə bilməz, çünki bu təkərin işləməyi elə hakimiyyətin yaşaması deməkdi. Ona görə təkərin hərəkəti üçün milyardlarla pullar göyə sovrulur.
Deputatın fikrincə, hələ ki, bizim şou-biznesdə pornoqrafiya elementləri yoxdu. Düzdü, yoxdu, ancaq mavi aparıcıların tamaşaçı qarşısında əzilib-büzülməsi pornoqrafiyadan da betərdi. Çünki dünyada pornoqrafiya bir qayda olaraq kodlu kanallarla yayınlanır, ancaq bunlar ekranlara rahatca çıxa bilir.
Gərək siyasətdə də pornoqrafiyadan istifadənin ləğvi haqda bir layihə işlənsin. Qoy sürtük alternativin abırlı rəqibi söyüb-batırmaq imkanı əlindən alınsın...






