İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı soyqırımının tanınması üçün Moldova parlamentinə müraciət ediləcək

279 25.02.2021 20:34 Son xəbər A A

Fevralın 25-də Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi və Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə paytaxt Kişinyovda yerləşən “Time” otelinin konfrans zalında Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Musavat.com xəbər verir ki, tədbir Moldovada tətbiq edilən karantin qaydalarının tələblərinə uyğun olaraq təşkil edilib.
Anım mərasimi Xocalı qətliamına həsr edilmiş qısametrajlı sənədli filmin nümayişi ilə başlayıb.

Tədbirdə Moldova parlamentinin “Demokratiya” partiyası fraksiyasının sədri Dmitri Diakov, Sosialistlər partiyasının deputatları Odnostalko Vladimir və Nikita Çurkan, Moldovanın Effektiv Siyasət İnstitutunun direktoru, tarix elmləri doktoru, politoloq Vitaliy Andriyevski, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin əməkdaşları, Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, habelə Bolqarıstanın səfiri, Türkiyə, Macarıstan, Rusiya, Ukrayna, Belarusiya Səfirliklərinin diplomatları, ölkədə yaşayan türk, yəhudi, gürcü və digər icmaların nümayəndələri, azərbaycanlı və yerli tələbələr, eləcə də bir sıra Moldova KİV-in nümayəndələri iştirak ediblər.
Tədbirdə deputat D.Diakov çıxış edərək, ermənilər tərəfindən törədilmiş Xocalı faciəsini pisləmiş, xalqların birgə sülh içində yaşayışının önəmindən danışmış, Moldovanın ərazi bütövlüyü məsələsinə toxunaraq xalqlarımızın oxşar faciələr yaşadığını qeyd etmiş, qətliamın kədərlə yad edilməsində həmrəylik nümayiş etdirmişdir.

Tədbir zamanı politoloq V.Andriyevski öz çıxışında Moldovanın nüfuzlu ava.md xəbər səhifəsində Xocalıya dair məqaləsinin dərc edildiyini diqqətə çatdırıb (https://ava.md/2021/02/25/pomnit-dobivat-sya-spravedlivosti-ne-mstit/), gənc nəslin Xocalı soyqırımını unutmamalı olduğunu və moldova xalqının insanlıq əleyhinə törədilən cinayətə qarşı azərbaycanlılarla həmfikir olduğunu bildirib.
O, ərazi bütövlüyünü bərpa edən Azərbaycanın ötən illər ərzində istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə uğurlu inkişafına istinad edərək ölkəmizin ermənilər tərəfindən xarabalığa çevrilmiş bölgələrinin sürətlə abadlaşdıracağını dilə gətirib.
Tarixçi, həmçinin Azərbaycanın lideri İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində işğaldan azad edilmiş rayonlarımızda müxtəlif irimiqyaslı layihələrin həyata keçirildiyini vurğulayaraq, bu ərazilərdə yaşayacaq azərbaycanlılarla yanaşı ermənilərin də rifahının yüksələcəyini bildirib. Bunun oxşar münaqişələr yaşayan xalqlar üçün örnək olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tədbir çərçivəsində deputat V.Odnostalko çıxış edərək insan amilinin hər şeydən önəmli olduğunu diqqətə çatdırmış, Xocalı faciəsinin şəxsi maraqlar naminə siyasətdə atılan səhv addımların nəticəsi olduğunu və Moldovadakı azərbaycanlı icmasının burada yaşayan digər xalqlarla birgə dinc yaşayışının örnək olduğunu vurğulamışdır.

Anım tədbirində çıxış edən yəhudiəsilli deputat N.Çurkan yəhudilərə qarşı Holokost qətliamını xatırlayaraq bir xalqa qarşı törədilmiş genosidin dəhşətlərilə tanış olduğunu bildirmiş, keçmiş nəsillərdən qalan tarixi dəlillərin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd etmiş, ölkə daxilində birlikdə yaşayan xalqların bir-birinə hörmət etməli olduğunu, yalnız bundan sonra sülhə nail olmağın mümkünlüyünü diqqətə çatdırmışdır.

Yekun nitqi ilə çıxış edən səfir Qüdsi Osmanov tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib, Xocalı qətliamına dair həqiqətləri iştirakçıların diqqətinə çatdırıb, bu faciənin insanlıq əleyhinə törədilmiş ən ağrılı cinayətlərdən biri olduğunu bildirmiş və ermənilərin tarix boyu Dağlıq Qarabağla bağlı apardıqları təxribatçı siyasətdən danışıb.
Bundan əlavə, tədbirdə Türkiyə Səfirliyinin əməkdaşı öz nitqində “iki millət, bir dövlət” şüarına istinad edərək qardaş Türkiyənin ölkəmizin hər zaman yanında olduğunu vurğulayıb.
Eyni zamanda, MAK-ın sədri Elçin Bayramov, vətənpərvər diaspor üzvləri Maarif Rəhimov, Yasin Seyidov və Ramiz Ansarov azərbaycan, rus və rumın dillərində çıxışlar edərək Xocalı həqiqətlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin yekununda Xocalıda baş verən faciənin Moldova Respublikasının parlamenti tərəfindən soyqırım olaraq tanınması üçün müvafiq müraciət ünvanlanmasına dair qərar verilib.
Sonda Xocalıda və Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsinə dualar oxunub, faciə qurbanlarına həsr edilmiş foto-şəkillərdən ibarət güşənin önünə tədbir iştirakçıları tərəfindən gül dəstələri qoyulub.

Musavat.com

 1..jpg (154 KB)

c5948b63-0cb7-461d-8820-953404353287.jpg (96 KB)

a0dd6bb2-b498-4193-93a0-edc76c1934a8.jpg (103 KB)

9a4cffad-ab45-4371-9384-df7b4d2759d4.jpg (99 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR