İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı qurbanları 29-cu ildönümündə belə yad edildi - VİDEOREPORTAJ

541 26.02.2021 19:20 Reportaj A A

Bəşər tarixinin ən qanlı faciələrindən biri, Xocalı soyqırımının 29-cu ildönümüdür.

Hər il olduğu kimi, xalqımız Xocalı qurbanlarını unutmur, onların xatirəsini yad edir, Xətai rayonunda yerləşən "Ana harayı" abidəsini ziyarət etməklə onların ruhuna dualar oxuyurlar. 28 il bu faciəni göz yaşı və kədərlə, qisas hissi ilə andıq. Bu il isə Xocalını ilk dəfə qalib ölkə, qisas almış xalq kimi anırıq.

Ziyarətə gələn vətəndaşlar pandemiya tələblərinə uyğun olaraq, kiçik qruplar şəklində "Ana harayı" abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, Xocalı soyqırımından 29 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca dünyasını dəyişdi. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırım aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycanda və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırım həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Musavat.com anım tədbirindən videoreportajı təqdim edir.

Alim Liftiyev
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR