Dünən, Xocalı soyqırımının 30-cu ildönümü idi. Hər il olduğu kimi, ölkə prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səhərin ilk saatlarında dövlət və hökümət nümayəndələriylə Xocalı abidəsini ziyarəti, Ukraynada baş verən hadisələrin işığında başqa bir əhəmiyyət daşıyırdı.
Xocalı qətliamında erməni vəhşiliyinə şərait yaradan sovet ordusunun 366-cı motoatıcı alayının timsalında, qanlı rus imperializminin bu faciədə məsuliyyət daşıdığını xatırlatmaqda fayda var.
Bu gün işğal altındakı Ukraynanın bir çox şəhərində Xocalıya ədalət adıyla afişalar asılmasını, eyni taleni yaşamış iki ölkənin növbəti həmrəyliyi kimi də qiymətləndirmək olar.

Hər iki dövlət, rus imperializmindən əziyyət çəkir, rus buxovunu qoparmasaq, Xocalıya bənzər faciələr təkrarlanmağa davam edəcək!
Bir məqamı bildirmək də fayda var.
Mən düşünmürəm ki, azərbaycanlılar rusofobdur, yaxud, Putin Rusiyasının işğalçı siyasətini tənqid etdiyimiz üçün rusofob olmuruq.
Rusiya, böyük tarixə, mədəniyyətə malik dövlətdir, rus xalqı 1917 oktyabr inqilabıyla özlərinin və dünyanın tarixini dəyişdirmiş, yön vermiş bir xalqdır.
Başa düşürük ki, Rusiyanın bir neçə əsrlik tarixə dayanan formalaşmış gücü və bu fonda ortaya qoyduğu müxtəlif regional və qlobal maraqları olub və olmağa davam edir.
Bu baxımdan, həm regional, həm də qlobal güc kimi bu ölkəylə hesablaşmaq, bu günün tələbidir.
Xüsusilə, əgər sizin Rusiya kimi qonşunuz varsa, onun maraqlarını nəzərə almağınız vacibdir.
Bu, qlobal və regional güc sayılan bütün ölkələrin qonşuları üçün də eynidir.
Məsələn, Meksikanın xarici siyasəti ABŞ-a indekslidir, yaxud Belçika, Fransanın kölgə dövlətidir. Belə, nümunələr çoxdur, müxtəlif region və qitələrlə misalları artırmaq olar.
Lakin, Rusiyadan əsas fərq odur ki, bu güclər, təsirləri altında saxladıqları dövlətin maraqlarını da nəzərə alırlar, daha çox iqtisadi paketlər və investisiyalarla bu ölkələrlə tərəfdaşlığı saxlayırlar.
İndiki, Rusiyanın keçmiş SSRİ ölkələrinə silah və hərbi sursatdan başqa verə biləcəyi bir şey yoxdur, əksinə alacağı, almaq istədikləri çoxdur.
Elə, əsl narahatedici və qəbuledilməz məqam da budur.
SSRİ-ni dağıdan amil də məhz bu idi. İqtisadi rifah olmadan, heç bir dövləti, xalqı bir arada tutmaq mümkün deyil.

Bu günkü, qlobal və imperialist-kapitalist güclər, bu məqama diqqət edir, təsir dairəsində saxladığı ölkələrdə iqtisadi azadlıqların formalaşmasında və inkişafında maraqlı olur.
Lakin, Putin Rusiyasının idarəçilik zehniyyəti, hələ də çar Rusiyasından qalma feodal zehniyyətdən irəli getmir, keçmiş SSRİ ölkələri xəraca bağlama, SSRİ dövründə olduğu kimi, bu ölkələrdə özünə bağlı hakimiyyət formalaşdırmaqla, onların sərvətlərini talama vərdişini davam etdirmək istəyir.
Bu cür açıq şəkildə aparılan feodal siyasətlə sivil və modern dünyanın razılaşması, bir mənalı olaraq mümkün deyil.
Bir az bayağı misalla izah edəsi olsam, Putini 16 kəbinli arvadı olan ərəb şeyxi kimi düşünün.
Bu şeyx, 16 kəbinli arvadına baxa bilmir, nə fiziki, nə maddi, nə də maddi dəstək olur, əksinə, bu arvadlardan olan övladlarından çalışıb, ona baxmaqlarını tələb edir.
Kiçik narazılıqda, xanımlarının etirazında isə, onları döymək yolunu seçir.
Bu şeyx, eyni zamanda narazı xanımların ondan ayrılıb başqasıyla ailə həyatı qurmaqlarına da qarşı çıxır, onları ölümlə hədələyir.
Belə olan halda, bu xanımlar nə etməli - ya hamısı vəziyyətlə barışmalı, bu mümkünsüz görünür, yaxud hərəsi, öz övladını götüürüb bir adama qaçmalı, ya da hamısı sözü bir yerə qoyub, bu şeyxi öldürməlidir. Başqa variant yoxdur.
Lakin, bu şeyxin kəbinli 1 xanımı olsaydı, onu yağ-bal içində üzdürsəydi, qıraqda da onlarla kənizi olsaydı, bəlkə bu cür qalmaqal yaranmazdı.

Övladlarına baxmayan, ailəsini səfil gününə salan, xanımlarını döyən birindən yaxşı ər yaxud ata ola bilərmi ?
Bax, Putin Rusiyasının təmsili vəziyyəti belədir.
Bu baxımdan, Ukrayna məsələsində keçmiş SSRİ ölkələrinin, açıq yaxud örtülü şəkildə birlik nümayiş etdirməsinin də səbəbi budur.
Belarusiyaya gəlincə, Lukaşenko özünü Putinin nikahdankənar oğlu kimi aparır, həyatını özünü atasına isbat etməyə həsr edir.
Ukrayna Rusiya ilə sadəcə öz müstəqilliyini qorumaq üçün döyüşmür, həm də, bütün keçmiş SSRİ ölkələri adından döyüşür!
Ukraynanın məğlubiyyəti, keçmiş SSRİ ölkələrinə yaxşı heç nə vəd etmir, əksinə daha da azğınlaşmış şimal ayısıyla qarşı-qarşıya qalacaqlar.
Buna görə də, Ukraynanı dəstəkləmək, hər bir keçmiş SSRİ ölkəsi üçün vacibdir.
Mən inanıram və əminəm ki, bu savaşda Ukrayna dövləti və xalqı, Rusiya imperializminə və onun çarı Putinə qalib gələcəklər!
Bu müharibə, Rusiyaya və Putinə elə böyük zərbə vuracaq ki, yenidən SSRİ-nin bərpası yerinə, uzun onilliklər, öz ölkələrini iflasdan və bataqlıqdan çıxartmağa çalışacaqlar.






