Xocalı faciəsinin 24-cü ildönümü də arxada qaldı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən qətliamla bağlı həmin dövrdə prezident olan Ayaz Mütəllibova qarşı indiyə qədər səsləndirilən ittihamlar səngimək bilmir. Eks prezident faciənin baiskarı kimi daim tənqidlərə məruz qalır.
Hadisə ilə bağlı ittihamlardan biri də Ayaz Mütəllibovdan sonra hakimiyyətə gələn AXC-Müsavat hökuməti ilə bağlıdır. Elçibəy iqtidarı həmin vaxt daxildə qarışıqlıq yaradaraq, hakimiyyət savaşı aparmaqda günahlandırılır. Doğrudur, Xocalı faciəsindən aylar sonra Elçibəy hökuməti iqtidar olub. Amma bu amil də ittihamların qarşısını almağa kömək etməyib.
Elçibəy hökumətinin daxili işlər naziri olmuş İsgəndər Həmidov Mütəllibov hakimiyyətinin günahının Xocalının müdafiəsini təşkil etməmək olduğunu söylədi: “Biz demirik ki, Ayaz Mütəllibov bu hadisələrin birbaşa baiskarıdır. Xocalı faciəsinin birbaşa günahkarı rəsmi Moskva idi. Bunları rusların 366-cı alayının faciədə iştirakı sübut edir. Mütəllibov hakimiyyəti, sadəcə, Xocalının müdafiəsini təşkil edə bilmədi. Biz o vaxt parlamentdəki çıxışlarımızda açıq şəkildə Rusiyanın bu hadisələrdə əlinin olduğunu deyirdik”.

Sabiq nazir Xocalı qətliamında AXC-Müsavat hakimiyyətinin günahlandırılmasına da toxundu: “Bu fikirləri mən də eşitmişəm. Yaramaz insanların bizi gözdən salmaq üçün dedikləri sözlərdir. 1992-ci ilə nəzər salanda bu açıq şəkildə özünü göstərir. Çünki Xocalı faciəsindən 3 ay sonra hakimiyyət dəyişib. Onu da qeyd edim ki, Ayaz Mütəllibov səhhəti ilə bağlı olaraq, özü istefa ərizəsi yazmışdı. Yəni faciədən sonra biz onu hakimiyyətdən uzaqlaşdırmaq üçün cəhdlər etmədik. Reallıqdır ki, Xocalı soyqırımının Mütəllibov iqtidarının getməsində və bizim hakimiyyətə gəlməyimizdə rolu oldu. Amma heç bir azərbaycanlı böyük bir faciənin fonunda hakimiyyətin dəyişməsini istəməz. Bu, insanlıq olmaz”.

AXC-Müsavat iqtidarının baş naziri Pənah Hüseyn daxildə Xocalı faciəsi ilə bağlı siyasi çalarlar axtarmağın əleyhinə olduğunu bildirdi: “Bu hadisəni törətmiş ermənilərə, onların arxasında dayanan xarici havadarlara, konkret olaraq, bu hadisənin iştirakçıları olan Rusiya hərbiçilərinə qəzəb və nifrət hissinin olmasının tərəfdarıyam. Bu gün daxildə səbəblər axtarmaq, bu məsələdən siyasi yöndə istifadə edilməsinin əleyhinəyəm”.
Qeyd edək ki, Xocalı faciəsində 613 nəfər həlak olub. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qocadır. Faciə nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər yaralanıb, 150 nəfər itkin düşüb.
Cavanşir ABBASLI