Bu qədər tədbirlər görülməsinə baxmayaraq, paytaxtda və onun ətrafından pirotexniki vasitələrin satışı davam edir. İnsanlar isə bundan çox narazıdır, çünki bu partlağanların ictimai yerlərdə partladılması uşaqların, yaşlıların səhhətinə mənfi təsir göstərir.
Oxucumuz Əli Salamov Xırdalandan yazır: "Bu gün Xırdalan şəhərində "Bizim market"lə üzbəüz səkinin üzərində bir neçə işbaz piston və partladıcılar satırdı. Ən pisi o idi ki, onlar öz məhsullarını ictimai yerdə, insanların gür və gəliş-gedişli yerində partlatmaqla "reklam" edirdilər. Yolladığım şəkillərə diqqətlə baxın. O yerdən yaşlı insanlar, qadınlar, uşaqlar, əli körpəli analar keçirlər, bu şəxslar isə öz alverləri yaxşı getsin deyə, partladıcılarının gücünü yeniyetmələrə və digər alıcılara nümayiş etdirmək üçün onları düz insanların ayağının altında partladırlar. Mən də ordan uşaqla keçirdim. Onlar pistonu partladanda uşaq bərk diksindi. Satıcılara irad tutanda, bildirdilər ki, bunu alıcı cəlb etmək üçün edirlər. Əslində onların reklama ehtiyacı yox idi. Onsuz da ordan keçənlər onların nə satdığını açıq-aşkar görürdü. Bu insanlar başa düşmür və ya başa düşmək istəmir ki, pulu qazananda da halalıqla, başqalarına narahatlıq törətmədən qazanmaq lazımdır".
Oxucumuz daha sonra yazır: "Bu cür hal Xırdalanda "Araz" marketin qarşısında da, düz bazarın içində, insanların gur olduğu yerlərdə yaşanırdı. Bir tərəfdən belə məhsullar qadağan olunur, digər tərəfdən isə açıq satışda görünür, üstəlik, ictimaiyyətə narahatlıq verməklə. İnanmıram ki, hansısa özünü nörmal adlandıran ölkədə, özünə hörmət edən cəmiyyətdə belə hal olsun".
Ə.Salamov qeyd edir ki, tədbir görülsə, qarşıdakı dövürlərdə bayram ərəfəsində cəmiyyətimizdə belə xoşagəlməz hallarla rastlaşmarıq.
Musavat.com






