XİN Müsavatın müraciəti ilə bağlı açıqlama verəcək
Bu yaxınlarda Müsavatın başqanı İsa Qəmbər partiyanın növbəti qurultayı üçün yer ayrılması ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarova AŞPA-nın Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri kimi müraciət edib.
Dünən Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı müraciətin rəsmən təsdiq olunduğunu mətbuata açıqlayıb.
O, bildirib ki, müraciət bu gün rəsmi şəkildə XİN-ə təqdim olunub: “İradımız ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına qurultay keçirmək üçün normal yer ayırmır. Biz 800-1000 nəfərlik bir məkan istəyirik. Onlar isə şəhərdən kənarda qəzalı vəziyyətdə olan kiçik bir zal təklif edirlər. Azərbaycanın AŞPA qarşısında öhdəliyi var. Bu səbəbdən də biz bu qurumun məsul şəxsi kimi Elmar Məmmədyarova müraciət ünvanladıq”.
Müraciətə cavab verilməsi ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Elman Abdullayev isə müraciətlə bağlı açıqlama verəcəklərini bildirdi.
Nərgiz Yaqublu






