“Təməli hələ XVIII əsrin iyirminci illərində qoyulmuş Xəzərin hüquqi statusu nəhayət, öz həllini tapdı”.
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bunu Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlətin-Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın iştirakı ilə Xəzər dənizinin statusu haqqında imzalanan konvensiyanı musavat.com-a şərh edərkən bildirdi.
Ekspert qeyd etdi ki, buna qədər xəzəryanı ölkələr sovetlər birliyinin süqutundan sonra 1992-ci ildən başlayaraq müxtəlif səviyyələrdə müzakirələr aparırdılar: “Təbii ki, ölkələr arasında çoxsaylı fikir ayrılıqları mövcud idi. İlk növbədə məsələnin həlli Rusiya və İran tərəfin hüquqi statusun müəyyən edilməsi zamanı bəzi məqamlarla bağlı nümayiş etdirdikləri “kapriz”lərə görə uzanırdı. Nəhayət ki, 26 il ərzində aparılan uzun müzakirələrdən sonra bu mübahisəli məqamlar ətrafında da fikir birliyinə gəlmək mümkün oldu. Aparılmış uzun müzakirələr sonda Xəzərin hüquqi statusunu müəyyən edən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə yekunlaşdı. Məsələnin həllində Azərbaycan hökumətinin səyləri qeyd olunmalıdır. Hesab edirəm ki, bu məsələnin həllinin Rusiya tərəfindən bundan sonra da müxtəlif bəhanələrlə uzadılacağı daha çox gözlənilən idi.
Çünki, Rusiya belə mübahisəli məsələlərin həllinin uzadılmasında həmişə maraqlı olub. Belə hallar Rusiyanın xarici siyasətində qarşı tərəfləri özündən asılı vəziyyətdə saxlamağın ən məqbul üsulu sayılıb. Bu dəfə isə nəhayət, ki, Rusiya məsələnin həllinə “hə” dedi. Bu sənədin imzalanması və Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində kimin udduğunu, kiminsə uduzduğunu demək düzgün deyil”.
F.Yusifov hesab edir ki, hövzə ölkələrinin hamısı problemin həll olunmasından dividentlər əldə edə biləcəklər: “Rusiya üçün isə siyasi baxımdan 250 ildən çox həlli gözlənilən mübahisəli bir məsələnin qapanması bir o qədər də praktik olmaya bilər.
Azərbaycan regionda reallaşdırılan qlobal layihələrin ən öncül təşəbbüskarı və aparıcı icraçısı kimi bu məsələnin də həllində öz sözünü dedi. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi sahil ölkələrinin hər birinə böyük dividentlər gətirəcək.
İmzalanmış konvensiya çərçivəsində Xəzərdə təhlükəsizlik və sabitlik təmin ediləcək, Xəzəryanı ölkələrin daha sıx qarşılıqlı iqtisadi, ticarət və nəqliyyat əlaqələri qurulacaq. Xəzərin hüquqi statusunun müəyyən edilməsi Xəzər dənizinin dərinliklərində yerləşən və indiyə qədər mübahisəli hesab olunan neft və qaz yataqlarının bundan sonra normal şəkildə işlənməsinə şərait yaradacaq”.
Sabiq nazir əlavə etdi ki, son bir neçə il ərzində Azərbaycanla İran və Türkmənistan arasında dənizin dibində sərhəddə yerləşən belə mübahisəli yataqlar var idi və Xəzərin hüquqi statusunun müəyyən edilməməsi səbəbindən onların işlənməsi problemə çevrilmişdi: “Azərbaycanın bu gün bölgənin ən aparıcı tranzit yükdaşımalar mərkəzinə çevrildiyi bir dönəmdə Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə əldə edilən üstünlüklər xüsusi qeyd olunmalıdır. Biz bununla da tranzit yükdaşımalar sahəsində başladığımız qlobal işlərin hüquqi cəhətdən etibarlılığını daha da möhkəmləndirdik. Azərbaycan artıq tranzit yükdaşımalar məqsədilə yaratdığı dəhlizlər vasitəsilə daşınan yüklərin həcminin sürətlə artmasına rəvac verib. Belə ki, 2017-ci ilin oktyabr ayından ilin sonuna qədər Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 191, cari ilin 6 ayı ərzində isə 1400-ə yaxın konteyner daşınıb, bu İlin sonunadək həmin yolla 4 minə yaxın konteynerin daşınması nəzərdə tutulur. Keçən il Şimal-Cənub marşrutu üzrə Azərbaycan ərazisindən 1700 ton, bu ilin yalnız 7 ayı ərzində isə 175 000 ton yük daşınmışdır. Bu isə yükdaşıma həcminin ötən illə müqayisədə təqribən 100 dəfədən çox artması deməkdir. Xəzərin hüquqi statusu ölkə üzərindən tranzit yükdaşımaları dəfələrlə artırmağa imkan verəcək”.
Cavid TURAN,
Musavat.com






