İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər dənizində külək elektrik stansiyası: mif, yoxsa reallıq...

3008 23.05.2019 10:20 İqtisadiyyat A A

 

İlham Şaban: “Ölkədə alternativ enerji haqqında qanun yoxdursa, bu sahəyə xarici investoru necə cəlb etmək olar?”

Qətər və Çin şirkətləri Xəzərin Azərbaycan sektorunda külək elektrik stansiyasının tikintisi ilə bağlı layihədə iştirak etməkdə maraqlıdır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nəzdində “Azəralternativenerji” MMC-nin sədri Aqşin Bəkirzadənin dediyinə görə, layihənin maliyyələşdirilməsi ilə bağlı xarici investorlarla danışıqlar davam edir, hansı şirkətlə saziş bağlanacağı hələlik məlum deyil.

Sənaye tipli stansiyanın dənizdə Pirallahı qəsəbəsindən Çilov adasınadək uzanacağı nəzərdə tutulur.  Verilən məlumata görə, layihə ilə əlaqədar müvafiq texniki-iqtisadi sənədləşdirmə aparılıb. Stansiyanın gücünün 200 meqavatt təşkil edəcəyi bildirilir.

Maraqlıdır ki, bu stansiyanın tikintisinin planlaşdırılması ilə bağlı ilk məlumatı ölkə prezidentinin fərmanı ilə ləğv olunmuş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov uzun illər əvvəl açıqlayıb. Onun 2016-cı ildə xarici mətbuata verdiyi məlumata görə, stansiya Xəzər dənizi hövzəsində ən iri külək elektrik stansiyası olacaq. A.Bədəlov deyib ki, layihənin ümumi dəyəri 300-330 milyon dollar təşkil edir. Stansiyanın gücü 200 MVt olacaq və bu, il ərzində 200 min kubmetr həcmində qaza qənaət etməyə şərait yaradacaq. A.Bədəlovun verdiyi məlumata görə, stansiyanın qurulması ilə xarici şirkətlərin iştirakı təmin edilməklə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məşğul olacaq və artıq layihəyə Çin, Birləşmiş Ərəb Əmirlikləri və Almaniya şirkətləri maraq göstərir. Onun sözlərinə görə, layihənin tikintisi üç mərhələdən ibarət olacaq: “Stansiyanın obyektlərinin tikintisi, su üzərində yolun inşası, həmçinin platformanın qurulması və elektrik şəbəkəsinin paylanılması işləri aparılacaq. Planlaşdırılır ki, müasir külək parkı regionun turizm sahəsinin inkişafına öz töhfəsini verəcək. İlkin hesablamalara görə, layihə 10 il ərzində özünü doğruldacaq”.

Akim Bədəlov ile ilgili görsel sonucu

Akim Bədəlov

A.Bədəlovun bu açıqlamasından 2 il sonra agentliyə məxsus  “Azəralternativenerji” MMC-nin sədri Aqşin Bəkirzadə stansiyanın tikintisində potensial investorların ərəb ölkələri, Çin və Kanadanı təmsil etdiyini deyib. A.Bəkirzadə əlavə edib ki, xarici investorların Azərbaycana cəlb olunması üçün “yaşıl tarif” tətbiq etmək lazımdır. Bu, investisiyaların bərpa olunan enerji mənbələrinin istifadə texnologiyasına cəlb olunması üçün nəzərdə tutulmuş xüsusi mexanizmdir.

Qeyd edək ki, dənizdə külək elektrik stansiyalarının qurulması Avropada getdikcə genişləndirilən bir sahədir. Dənizdə ilk külək stansiyasını 1991-ci ildə Danimarka qursa da, 2000-ci illərdə Böyük Britaniya bu sahədə bütün Avropa ölkələrini qabaqlayıb. Hazırda dünyanın ən böyük belə stansiyası “London Area” məhz bu ölkədə yerləşir.

Dənizdə külək elektrik stansiyasının qurulması böyük maliyyə məsrəfləri tələb edir. Buna görə də Avropa ölkələri müxtəlif yollarla özəl investisiyaların bu sahəyə cəlb olunmasını stimullaşdırırlar. Məsələn, Britaniya hökuməti “yaşıl enerji” paketi çərçivəsində dənizdə külək elektrik stansiyalarının tikintisini stimullaşdırır. Bu paket stansiyanın fəaliyyətdə olduğu müddətdə dövlət və müxtəlif fondlardan subsidiya almasını nəzərdə tutur.

Mütəxəssislərin rəyincə, Azərbaycanda bərpa olunan enerji mənbələri arasında günəş enerjisi illik 5000 mVt, külək enerjisi 4500 mVt, bioloji mənbənin enerjisi 1500 mVt, geotermal - yeraltı istilik enerjisi 800 mVt, kiçik su elektrik stansiyaları 350 mVt-dək enerji potensialına malikdir. Beləliklə, ölkəmizdə 25,3 min mVt həcmindəki məcmu enerji potensialı ilə illik 62,8 milyard kVt/saat elektrik istehsal edilə bilər.

Azərbaycan hökuməti alternativ enerji istehsalını genişləndirmək üçün bir sıra addımlar atır. Hökumət 2030-cu ilə qədər alternativ enerjinin payını ümumi enerji istehsalında 30 faizə çatdırmağı düşünür.

Ötən il Energetika Nazirliyi BP, “Total”, “Eguinor” şirkətlərilə bərpa olunan enerji mənbələrinin imkanlarına dair birgə tədqiqatlar aparmaq barədə niyyət protokolları imzalayıb.

Zaur Məmmədov ile ilgili görsel sonucu

Eyni zamanda Energetika Nazirliyi Azərbaycanda alternativ və bərpa olunan enerji istehsalı ilə bağlı yeni qanun layihəsi hazırlayır. Qurumun aparat rəhbəri Zaur Məmmədovun dediyinə görə,  qanun layihəsi Avropa İttifaqının tətbiq etdiyi “direktiv 3"ə (enerji paketi 3) uyğun hazırlanıb: ”Avropa ölkələri bu məsələdə müvəffəqiyyətli, qeyri-müvəffəqiyyətli və qismən müvəffəqiyyətli ssenarilər əsasında inkişaf edirlər. Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmin təcrübələri öyrənib Azərbaycan modelində istifadə edək. Bura əsasən özəl sektoru cəlb edəcəyik. Yəni özəl sektor üçün risklər minimuma endirilsin və yaşıl tariflər dövlət üçün əlverişli olsun. Əgər biz bu sahədə xərclərin az olmasına nail olsaq, o zaman alternativ və bərpa olunan enerji növləri üzrə də aşağı tariflərə nail ola biləcəyik".

Nazirlik rəsmisinin sözlərinə görə, əsas məqsəd bərpa olunan enerji sahəsində maya dəyərini aşağı salmaq, subsidiyaları qismən və yaxud tamamilə dayandırmaqdır: “Biz Almaniya, Rumıniya, Polşa, Ukrayna, Yunanıstan, İspaniya, İtaliya kimi ölkələrin təcrübələrini öyrənmişik”.

Z.Məmmədovun dediyinə görə, yeni qanun layihəsi 2019-cu ilin ortalarına qədər hazırlanıb hökumətə təqdim ediləcək.

Aparılan tədqiqatlar göstərir ki, Abşeron iqtisadi rayonunda ərazi yararlılığı və küləyin sürətinə görə külək elektrik stansiyasının qurulması üçün ən yüksək potensiala (orta illik sürət 5.5-7 m/s) malik ərazilər arasında Pirallahı və Çilov adaları da var. Yəni bu adalar arasındakı dəniz sahəsində elektrik stansiyasının yaradılması potensialı var. Lakin bunun üçün bir çox mərhələlərin aşılması gərəkir.

İlham Şaban ile ilgili görsel sonucu

Enerji məsələləri üzrə mütəxəssis, ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Xəzər dənizində külək elektrik stansiyasının tikiləcəyinə dair məlumatlar 2010-cu ildən verilməyə başlanıb: “Gələn il artıq 2020-ci ildir, yəni on ildir bu məsələdən danışırlar. İlon Mask 5 ilə kosmosa uçdu. Yəni nəyisə edəcəm deyən təşkilat 10 il ərzində bunu etməliydi. Edə bilməyibsə, demək, söhbət real məsələdən getmir. Bu stansiyanın heç əsaslandırma sənədi belə hazırlanmayıb. Bu halda, söhbət hansı investor cəlbindən, investor marağından gedə bilər?”

Ekspert Energetika Nazirliyinin alternativ enerji sahəsində əməkdaşlıqla bağlı 3 böyük şirkətlə imzaladığı memorandumu xatırladır: “Həmin memoranduma əsasən Azərbaycan hökuməti alternativ enerji haqqında qanun hazırlamalıdır. Qanunda həmin şirkətlərin verdiyi tövsiyələr, o cümlədən Avropanın inkişaf etmiş ölkələrinin təcrübəsi nəzərə alınmalıdır. Bu qanun qəbul olunduqdan sonra onlar Azərbaycanın alternativ  enerji sektorunda kommersiya tipli müqavilələrin reallaşdırılmasına başlayacaqlar. Qanun yoxdursa, agentlik hansı hüquqi müstəvidə hansısa şirkətlərlə kommersiya şərtlərini müəyyənləşdirəcək? Bu, mümkün deyil axı...”

İ.Şabanın fikrincə, yalnız hamı üçün bərabər oyun qaydaları müəyyənləşdirən alternativ enerji haqqında qanunun qəbulundan sonra bu sahəyə xarici investisiyaların cəlbi mümkün olacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR