Vətən müharibəsində qəhrəmanlıq göstərən minlərlə igid vətən oğullarımız adını tarixə yazdırdı ki, onlardan biri də Abbaslı Elgün Ağayar oğludur.
O, Füzulidə, Cəbrayılda, Hadrutda, Xocavənddə, Şuşa ətrafında gedən döyüşlərdə xeyli sayda yaralını xilas edib, qələbə günü isə şəhid oldu. Gizir Elgün Abbaslı 1991-ci il may ayının 16-da Laçın rayonunun Dəyhan kəndində anadan olub. Qəhrəmanımızın ailəsi 1992-ci ildə məcburi köçkün kimi Sumqayıt şəhərinə gəlib. Sarıqaya qəsəbəsində məskunlaşıblar.
Məcburi köçkün həyatı yaşayan Elgünün hərbiyə böyük marağı olub. Beləliklə də o, 2014-ci ildə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi hərbi xidmətinə davam edib, Pirişküldə yerləşən hərbi hissədə tibb bölüyündə xidmət edib. Müharibənin ilk günlərindən döyüşlərdə iştirak edən Elgün çox sayda yaralıları xilas edib.
Şuşa istiqamətində gedən döyüşlərdə onların maşını ermənilər tərəfindən atəşə tutulub, yaralanıb, amma buna baxmayaraq, geri çəkilməyib. Şəhid olmuş komandirinin nəşini ərazidən çıxararkən özü də şəhidlik zirvəsinə ucalıb. Şəhid olduqdan sonra Vətən uğrunda medalı ilə təltif olunub. Ailəli olan Elgünün Nəzrin adlı bir qızı ondan yadigar qalıb.
Alim Liftiyev,
Rafət Şahbazov,
Musavat.com






