Xətainin icra başçısı növbəti “yaşıl qətliam”a hazırlaşır
Xətai rayonunda növbəti “yaşıl qətliam” gözlənilir. Əhmədli qəsəbəsində Neapol dairəsi yaxınlığı, Telnov küçəsinin bir qrup sakini “Yeni Müsavat”a məlumat verib ki, Xətai rayonunun icra başçısı Razim Məmmədov yaşayış binalarının həyətində sakinlərin saldığı yaşıllıqları məhv etmək haqqında göstəriş verib. Artıq yaşıllıqların ətrafındakı hasarlar sökülüb, icra hakimiyyətinin nümayəndələri həmin bağları tullantılardan təmizləyirlər. İlk baxışdan belə görüntü yaradılır ki, Razim Məmmədov Telnov küçəsində abadlıq işləri aparır. Sakinlərin iddialarına görə isə, həmin ərazilər təmizləndikdən bir müddət sonra ayrı-ayrı sahibkarlara satılacaq. Qeyd edək ki, Telnov küçəsinbdəki həmin yerlə üzbəüzdə ət məhsulları satılan mağazalar sıralanıb. Sakinlər narahatdırlar ki, yəqin onların binalarının qarşısında da ticarət obyektləri tikiləcək.
Qeyd edək ki, Xətai rayonu paytaxtda yaşıllıqların ən çox məhv edildiyi ərazilərdən biridir. Bundan əvvəl də Məhəmməd Hadi küçəsi boyunca yaşıllıqlar məhv edilmiş və yerində ticarət obyektləri tikilmişdi. Həmçinin son illər Əhmədlidə Gəncə prospektində, ona paralel bir neçə küçədə də yaşıllıqlar məhv edilərək yerində dükan və digər iaşə obyektləri tikilib.
Sakinlər iddia edir ki, Xətai rayonunun icra başçısı Razim Məmmədov artıq rayon ərazisindəki boş torpaq sahələrini sotla deyil, kvadratmetrlə satır. Boş torpaq olmadıqda isə yaşıllıqları məhv edərək satırlar.
Sakinlər mətbuatı Telnov küçəsinə diqqət ayırmağa çağırdı. Onlar xahiş etdilər ki, yaxın zamanlarda həmin küçədəki yaşıllıqlar məhv edilə bilər.
Xatırladaq ki, bir müddət öncə Xətai rayonunda daha bir yaşıllıq ərazi məhv edilməkdən son anda qurtuldu. Xətai rayonu, İnqilab İsmayılov küçəsi 4, 5, 6 saylı binaların həyətində yerləşən təqribən 60 sot yaşıllıq zonanın gecəyarı məhvinin qarşısı sakinlər tərəfindən alınıb. Məsələ mətbuata çıxarıldıqdan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov əraziyə gəlib, yaşıllığın məhv edilməyəcəyinə dair sakinlərə söz verib.
Nərgiz LİFTİYEVA






