Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarını əsas tutaraq, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə parklarla bağlı genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır.
Musavat.com-a verilən məlumata görə artıq bu istiqamətdə bir çox işlər yekunlaşmaq üzrədir.
Bununla yanaşı rayonun ərazində yerləşən Heydər Əliyev parkında da genişləndirilmə işləri aparılır. Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Musavat TV-yə verdiyi müsahibədə parkın genişləndirmə işlərinin tez bir zamanda tamamlanacağı və sakinlərin istifadəsinə veriləcəyini bildirib.
Abadlıq işləri çərçivəsində yenicə adı dəyişdirilərək Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan küçədə eyni adda yeni park salınır. Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, bu park qəsəbənin mərkəzi parkı hesab olunur və gələn ayın 14-nə kimi tam hazır vəziyyətə gətiriləcək.
Elçin Əkbərov, Musavat.com






