İnsanlara hürriyət, millətlərə istiqlal!

Xətai İcra Hakimiyyəti sökülən evlərin sakinlərinin ittihamlarını cavablandırır - rəsmi

5017 25.10.2017 16:32 Reportaj A A

Pənah İmanov: “Bu, “Bakı Ağ şəhər” layihəsinin administrasiyasına aid olan bir məsələdir. Amma icra başçımız tapşırıb ki, vətəndaşın mənafeyi əsas götürülsün”

Xətai rayonu, Babək prospekti, Turşu küçəsi 32 A ünvanında Svetlana Əhmədovaya məxsus ev məhkəmə qərarı olmadan sökülüb. Zərərçəkənin sözlərinə görə evin “Bakı Ağ şəhər” layihəsinin ərazisinə düşdüyü üçün sökülməsi zəruridir. Lakin təklif olunan kompensasiya ilə razılaşmayan Svetlana Əhmədova təzyiqlərə məruz qaldığını bildirir.



Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovla əlaqə saxladıq.

P.İmanov musavat.com-a açıqlamasında Svetlana Əhmədovanın şikayətinin əsassız olduğunu bildirdi: “Bu işlər “Bakı Ağ şəhər” layihəsi tərəfindən aparılır. Maksimum da orada bütün normativlər qanun çərçivəsində qorunur. Bildiyiniz kimi 2007-ci ildə “Bakı Ağ şəhər” layihəsi təsdiq olunub. O vaxtdan etibarən bütün ərazilərdə inventarlaşma aparılıbdır. Evlərin ölçüləri götürülüb və lazımı foto-video çəkilişləri aparılıbdır. Xətai Rayon İcra hakimiyyəti tərəfindən mərhələ-mərhələ də kompensasiya işləri aparılıb, köçürülmə prosesi həyata keçirilib. Çox təəssüflər olsun ki, bəzi vətəndaşlar tərəfindən, o cümlədən Svetlana Əhmədova ilə müəyyən problemlərlə üzləşmişik. Normativdə belədir ki, kompensasiya yaşayış sahəsi üçün 1000 manat, köməkçi sahə üçün 750 manat, əlavə təsərrüfat üçün 50-350 manat arasında dəyişir. Svetlana Əhmədova isə kartondan, taxtadan otaq düzəldib, üstünü də kirəmitlə örtüb. Hətta pəncərəsi də yoxdur. Tələb edir ki, həmin otaqları da hesablamalıyıq”.

Pənah İmanov deyib ki, Svetlana Əhmədovanın başqa bir yerdə də ərazisi olub: “Bu qadın dəfələrlə icra başçı tərəfindən də qəbul olunub, hər zaman ona yüksək səviyyədə diqqət göstərilib. Qanun çərçivəsində mümkün qədər nə tələb olunur, diqqət göstərilibdir. Bundan əlavə, 2007-ci ildən bəri həmin ətrafda tikintilər qanuni deyil. Yəni əlavə tikililər hesaba alınmır. Svetlana Əhmədovanın əsas tələbi “Ağ şəhər”də tikilən binaların birində ona dördotaqlı evin verilməsidir. Əvvəla, bu, “Bakı Ağ şəhər” layihəsinin administrasiyasına aid olan bir şeydir. Bütün görüşlərdə icra başçımız vətəndaşın mənafeyini əsas götürməmizi bildirir. Ölçü və kompensasiya işlərində kimsə subyektiv hərəkətə yol verərsə, vətəndaşın mənzilinin kvadratmetrini az yazarsa, dərhal həmin şəxs cəzalandırıla bilər. Lakin vətəndaş bizə haqsızlıq edəndə çıxılmaz durumda qalırıq”.

P.İmanov Svetlana Əhmədovanın başqa bir iddiasına da cavab verdi: “O xanım deyir ki, guya evinə gedən qazı, işığı, suyu bilərəkdən kəsmişik. Əsassız fikirdi. Söküntü zamanı təhlükəsizlik baxımdan ehtiyat edirdik ki, bədbəxt hadisə baş verə bilər. Söküntü aparılan zaman biz məcbur oluruq ki, elektrik enerjisinin, suyun və təbii qazın verilməsini dayandıraq. Qaz idarəsinin özü də izahat verdi ki, həmin ərazidə güclü təzyiqdə qaz kəməri keçir, partlayış baş verə bilər. Başçı sakinlərlə görüş zamanı da tapşırıq verdi ki, söküntü işləri maksimum dərəcədə ehtiyatlı aparılsın və sakinlər köçürülənə qədər orada mümkün qədər şərait yaradılsın. Hazırda adıçəkilən ünvanda kommunal xətlər bərpa edilib, hər şey qaydasındadır”.

Məğrur Mərd
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR