İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xəstəliyi ağır keçirmək istəmirsinizsə...”- "Taclı" virusla üz-üzə qalan jurnalistlər danışdılar 

2566 08.12.2020 18:46 Ölkə A A

 

Artıq 2020-ci ilin son ayına çatsaq da, mart ayından başlayan koronavirus pandemiyası bizdən əl çəkmək istəmir. Hər gün yoluxma sayı daha da artır. Hökumət qabaqlayıcı tədbirlər həyata keçirsə də hələ ki, yoluxma sayında artım davam edir. Artıq xəstəxanalar doludur və bu səbəbdən də əksəriyyət evdə müalicə olunur. Son günlər virusdan əziyyət çəkənlər arasında jurnalistlər də çoxluq təşkil edir.

Bəs onlar xəstəliyi necə keçirirlər?

Bildirək ki, hazırda "Yeni Müsavat" Media Qrupunun dörd əməkdaşı da koronavirusla mübarizə aparır.

Bizimlə söhbətin Musavat.com saytının baş redaktoru Xalid Kazımlı koronavirusa yoluxduğunu və müalicə olunduğunu bildirdi: “Artıq iki gündür ki, özümdə virusun əlamətlərini hiss edirəm. Ailədə 5 nəfərik, hamımız yoluxmuşuq. Müalicə gedir, vitamin qəbulu, sistemlər köçürülür. Elə bir şikayətim yoxdur, ağırlaşma da müşahidə edilmir. Çalışıb bu xəstəliyə yoluxmamaq lazımdır. Yoluxmaqdan isə qorxmaq lazım deyil. Çünki bu müalicə olunan xəstəlikdir. Sadəcə olaraq, həkimlərin tövsiyələrinə, artıq virusa yoluxub sağalmış adamların məsləhətlərinə qulaq asmaq, soyuqdan maksimum qorunmaq lazımdır. Bunlara düzgün əməl olunsa, bir həftə, 10 gündən sonra sağalacaqlar”.

Musavat.com saytının digər əməkdaşı Toğrul İsmayıl da hazırda virusla mübarizə aparır: “Bir həftə öncə ailəmizdə yoluxma halı olmuşdu. Amma hələ bilmirdik ki, bu, koronavirusdur. Bu şəkildə virus mənə də keçdi. COVİD-in bütün simptomlarını özümdə hiss edən kimi test verdim və bir neçə saata cavab çıxdı, bundan sonra ümumiyyətlə, heç yerə getmədim. Düzünü desəm, ayaqüstə durmağa heç insanın halı da olmur. Testin cavabı pozitiv gəldi. Artıq iki gündür ki, müalicəyə başlamışıq. Müvafiq sistemlər köçürülür, dərmanları qəbul edirik. Ailəmizdə hazırda iki nəfər bu virusa yoluxub. İkimiz də ətrafdan təcrid olunmuş halda müalicəmizi davam etdiririk. Hələ ki, o qədər də ağır keçmir xəstəlik. Qızdırma mütəmadi şəkildə qalxır, enir. Başağrısı çox olur. Dadbilmə, iybilmə tədricən, gün keçdikcə yoxa çıxır. Bir şeyi də bildirim ki, virusun ilk yarandığı günlərdən fərqli olaraq, indi simptomlar o qədər qətidir ki, artıq çox vaxt heç test verməyə də gərək qalmır. Bu simptomları hiss edən hər kəsə məsləhət görərdim ki, dərhal müalicəyə başlasınlar. Bəlkə də vaxtında müalicəyə başladığıma görədir ki, məndə hələ ki, xəstəlik yüngül keçir”.

Elşad Paşasoy: “Bəlkə də mən yaxşı müəllim, ticarətçi, ya da əkinçi ola  bilərdim” -MÜSAHİBƏ

COVİD -19-a yoluxan “Yeni Müsavat” qəzetinin yazarı Elşad Paşasoy da ağır günlər keçirdiyini deyir: “Çox təəssüf ki, pandemiyanın fəsadları bütün dünyada olduğu kimi, ölkəmizdə də gündən-günə artır və artıq Azərbaycanda yoluxanların sayı dörd rəqəmlə ifadə olunmaqdadır. Bu virusun nə qədər dəhşətli olduğunu şəxsən gördüm və yaşadım. Açığı, aylar boyunca tövsiyələrə maksimum əməl etməyə çalışsam da, virus məni də yaxaladı. İlkin olaraq özümdə əzginlik, yorğunluq, başda, boğazda, əzələlərimdə ağrılar hiss etməyə başladım. İlk günlər qızdırmam 37-38 dərəcə arasında oldu, amma növbəti günlərdə 39-dək artmağa başladı. Qısa vaxt ərzində nəfəsalmada ciddi çətinliklər yarandı, döş qəfəsimdə ağrılar şiddətləndi. Koronaviruslu xəstələri müalicə edən həkimimin məsləhətilə qan analizi verdim, göstəricilər ehtimalları təsdiqlədi. “Rengten” müayinəsi nəticəsində bəlli oldu ki, ikitərəfli pnevmoniya var. Həmçinin “buzlu şüşə” aşkarlandı. Həkim müalicə yazdı, dərhal sistemlər və həb formasında dərmanları qəbul etməyə başladım. İlk bir həftə məşşəqqətli keçdi. Qızdırma, iştahsızlıq, yuxusuzluq adamı haldan salır. Belə demək mümkünsə, bu virus adamı yarandığına peşman edir. Növbəti həftə ərzində vəziyyətim yaxşılığa doğru dəyişsə də, hələ də müxtəlif simptomlar qalmaqdadır. Həkim bildirir ki, bu, viruslu xəstələrə xas xüsusiyyətdir, müalicəni səbrlə davam etdirmək, soyuqdan qorunmaq, normal qidalanmaq, vitaminlər qəbul etmək lazımdır.

Xəstəxanalardakı sıxlıq, bir sıra problemlər səbəbindən düzü, evdə müalicə almağa üstünlük verdim. Həkim məsləhətlərinə əməl etməklə, şükürlər olsun ki, kritik mərhələni arxada qoydum. Amma bu xəstəliyin yenidən baş qaldırmaq ehtimalı da var, ona görə də bir müddət qorunmalı və immunitetimin yüksəlməsinə çalışmalıyam. Mən virusa yoluxmuş bütün xəstələrimizə Allahdan şəfa diləyirəm. Həmçinin vətəndaşlarımızdan xahiş edirəm ki, özlərini qorusunlar. Bəlkə də bu bəlanın 1-2 aylıq ömrü qalıb, heç kəs özünün, yaxınlarının taleyinə biganə yanaşmasın! Çox təəssüf ki, pandemiyadan qazanc məqsədilə istifadə edən möhtəkirlər var. Bu çətin günlərdə zəruri olan dərmanların yoxa çıxması, qat-qat baha qiymətə satılması cinayətdir və yəqin ki, belələri layiqli cəzasını alacaq".



Bizimlə söhbətdə News24.az saytının əməkdaşı Məhərrəm Əliyev də koronavirusu ağır keçirdiyini dedi: “Mənim testimin cavabı dekabrın 2-də pozitiv çıxdı. Elə ondan 1-2 gün əvvəl də hərarətim çox idi. Ölçməmişdim, bəlkə də 39 olardı, növbəti gün ölçəndə 38 idi. Başımın arxa nahiyəsində güclü ağrılar var idi. Sanki hansısa küt əşya ilə başıma vururdular. Halsızlığın pik həddini yaşayırdım. Bədənimin hər yeri ağrıyırdı. Sümüklərim sızıldayırdı. Koronavirusu ağır keçirdiyimi deyə bilərəm. Məndə öskürək olmadı və dadbilməni itirmədim. Amma digər əlamətləri şiddətli formada yaşadım. Müşahidələrimə əsasən belə anladım ki, bu virusun ortaq əlaməti yoxdur. Hər insanda bir formada üzə çıxır. Məsələ burasındadır ki, bizdə insanların çoxu gizlədir. “Koronavirusa yoluxmuşam” deməyə çəkinənlər belə var. Vaxtında müalicə edildiyi təqdirdə 2 həftə sonra sağalırsan. Ört-basdır edib, gizlətməklə vəziyyəti daha da ağırlaşdırmaq mümkündür. Ona görə vaxtında üzərinə düşmək lazımdır. Hazırda əvvəlki günlərə nisbətən yaxşıyam. Ağrılarım azalıb. Qızdırmam yoxdur. Amma bir az halsızlıq qalıb. Ümid edirəm ki, o da düzələcək".

Virusu ağır keçirən, xəstəxanaya yerləşdirən APA İnformasiya Agentliyinin əməkdaşı Günay Elşadqızı da son vəziyyəti ilə bağlı bizi məlumatlandırdı: “Müalicəni evdə edirdim, boğulma olduğu üçün təcili olaraq modul tipli xəstəxanaya yerləşdirildim. Yaxşı müalicə etdilər, ayağa qalxdım. Yenidən test götürüldü, test nəticəsi neqativ çıxdı. Bütün əlamətlər demək olar ki, qalmayıb, sadəcə, halsızlıq var idi. Artıq özümü gümrah hiss edirəm. Bu virusun pis cəhəti odur ki, adama psixoloji cəhətdən təsir edir, elə bilirsən ki, xəstə qalacaqsan. Allaha şükürlər olsun ki, bu çətinliyi də arxada qoyduq. Məndən də yoldaşıma keçmişdi, o da ev şəraitində müalicə olundu, hazırda demək olar ki, sağalıb”.

Bu yazını hazırladığım zaman mən də koronavirusla mübarizə aparıram. Mart ayından bəri bütün qaydalara əməl etməyə çalışsam da, ən yaxın insanlarla belə görüşdən imtina etsəm də, virus məni də haqladı. Elə ötən həftədən hərarət hiss edən kimi, özümü ətrafdan təcrid etdim.



Xəstəlik hər kəsdə özünü bir formada göstərir. Məndə ilk iki gün yüngül əlamətlər oldu, artıq 3-cü gündən bel, qarın nahiyəsində və əzələlərdə bərk ağrılar başladı. Ağır nəfəs almağa başladım. İlk günlərdə hərarət 37.5, 37.7 arasında dəyişirdi. 4-5-ci gündə ağız dadı, qoxu bilmə hissləri də itdi. Demək olar ki, hər gün bir başqa simptom baş qaldırır. Baş ağrısı, ürəkbulanma kimi əlamətlər isə adamı lap halsız vəziyyətə salır. Bəzən də özünü yaxşı hiss etdiyini sanırsan, amma bu, aldadıcı olur, qəfil halın pisləşir. Sabah, biri gün necə olacaq, koronavirus nə "sürprizlər" edəcək, deyə bilmərəm. Sadəcə özümdə ruh yüksəkliyi yaratmağa çalışıram. Öz-özümə deyirəm, ordumuz bizə möhtəşəm bir qələbə sevinci yaşatdığı halda, bir xəstəliyin əlində çarəsizmi qalacağam?! Mütləq sağalmalı, azad olunan torpaqlarımızdan, canını bizim üçün fəda edən şəhidlərimizdən, onların ailəsindən yazılar hazırlamaq, videoreportajlar etməliyəm. İnsanlara da məsləhət görərdim ki, onları nə motivasiya edirsə, o barədə düşünsünlər. Ən vacib tövsiyəm isə odur ki, ilk simptom hiss etdikdə özlərini təcrid etsinlər, adi boğaz ağrısı olsa belə, "bəlkə soyuqdəymədir", deyib arxayınlaşmasınlar. Əvvəldən həkimlə məsləhətləşib, qabaqlayıcı tədbirlər görsünlər ki, xəstəlik ağırlaşmasın”.


Afaq MİRAYİQ,
"Yeni Müsavat"

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR