Havanın soyuması yemək menyusunu da dəyişdirib
Artıq xaş və xəngəl mövsümü başlayıb. Hava bir az soyuyubsa kişilərin leksikonuna “bəlkə xəngəlləyək” cümləsi də avtomatik daxil olur. "Xəngəl mövsümünü açıq elan edirəm" cümləsini sosial şəbəkədə paylaşmaq belə trend halını alıb.
İstər gürcü, istərsə də yarpaq xəngəli Azərbaycan insanının qış boyunca sevərək yediyi təamlardandır. Artıq “Xəngəl qonaqlığındayam” sözü bu ərəfələrdə tez-tez eşidilir.
Xəngəl sevənlər o qədər çoxdur ki, mövsüm zamanı xəngəl məkanları yetərincə gəlir əldə edirlər. Amma bəziləri gəlirlərini artırmaq üçün fürsətdən istifadə etməyə başlayıblar.
Musavat.com xəbər verir ki, bəzi məkan sahibləri heç bir səbəb olmadan qiymət artırmağa başlayıblar. Tələbatın çox olmasını görüb, bundan istifadə edənlər qiymətləri bir neçə manat artırıblar.
Əvvəllər 3-4 manata satılan yarpaq xəngəlini indi bir çox məkanlar 5-6 manatdan təqdim edirlər. Məkanların məşhurlaşması da onlara bunu etməyə imkan yaradır.
Xəngəlsevərlər deyirlər ki, ötən il yarpaq xəngəlini 4 manata, gürcü xəngəlini isə 40 qəpiyə yedikləri məkanlarda bu il qiymətlər dəyişib: “Xəngəl hər yerdə yaxşı hazırlanmır. Bakıda yaxşı xəngəl verilən bir neçə məkan var. Onlar da bundan istifadə edirlər. Ötən il 4 manata yediyimiz yarpaq xəngəlini indi 5 manata verirlər. 35-40 qəpiyə olan gürcü xəngəlini isə 60-80 qəpiyə təklif edirlər. Səbəbini soruşanda da deyirlər ki, ət bahalaşıb. Məncə, bu səbəb ola bilməz, bəhanədir. Üstəlik, ət də ucuzlaşıb”.
Buradan yola çıxaraq Bakının bir neçə restoran və kafesinə baş çəkdik. İlk olaraq turistlərin də tez-tez baş çəkdiyi, əsas müştəriləri xarici vətəndaşlar olan İçərişəhərdəki restoranlara baş çəkdik. Burada öyrəndik ki, yan-yana olan məkanlarda qiymətlər fərqlidir. Bəzi restoranlarda 6, bəzilərində 7 manat, hətta 8 manatdır.
Məsələn, Manqal restoranında yarpaq xəngəli 6 manata təklif edilir. Məkanın yerləşdiyi yer, xidmət səviyyəsini əsas gətirən işçilər dedilər ki, burada qiymət dəyişməyib: “Bizdə həmişə yarpaq xəngəli 6 manat olub. İndi də dəyişən bir şey yoxdur. İstər yerli, istər xarici olsun, fərq etməz. Bütün müştərilərə eyni xidməti göstəririk. Qiymətlər də dəyişməyib”.
Buradan ayrılıb, “Firuzə” restoranına yola düşdük. Burada da qiymət fərqlidir. Restoran əməkdaşı bildirdi ki, onlar gürcü xəngəlini ümumiyyətlə təklif etmirlər: “Bizdə ancaq yarpaq xəngəli var. O da 5 manatdır. Gürcü xəngəli isə bizdə yoxdur. Müştəri baxımından sıxıntımız yoxdur, qiymət də münasibdir, narazılıq olmayıb”.
"Xəngəland" adlı kafedə isə düşüncə fərqlidir. Məkan sahibləri deyirlər ki, qiymətləri artırsalar bu onlara ancaq ziyan gətirəcək: "Bizim məkanda xəngəl müştərinin gözü önündə hazırlanır. Təmizliyi, bütün prosesi müştəri gözü ilə görür. Həm təmizlik, həm də qiymət baxımından hər şeyi nəzərə alırıq. Bizdə yarpaq xəngəli 4 manat, gürcü xəngəli isə 50 qəpikdir. Qiymətləri dəyişmək, artırmaq fikrimiz yoxdur. Bu, bizə ziyan gətirər. Müştərini niyə qaçıraq ki? Hə, elə yerlər var ki, məşhurlaşıblar və buna görə də istədikləri qiyməti yazırlar. Biz bunu edə bilmərik, doğru deyil".
Xəngəl kimi xəmir yeməklərin yeyilmə saatları və miqdarı ilə bağlı həkimlər ciddi xəbərdarlıq etsələr də, xəngəlsevərlərin sayı daha da artır. Bu da işbazların işinə gəlir.
Musavat.com






