"Milli Məclisə girənlər bunu bekarçılıqdan, pulsuzluqdan, sıxılmaqdan etdi".
Musavat.com bildirir ki, bu sözləri müğənni Xatirə İslam Bakıdakı yürüş zamanı baş verən hadisələrlə bağlı sosial şəbəkədə yazarkən bildirib.
Müğənni qeyd edib: "Məncə, ölkəmizdə baş verən bəzi artıq hərəkətlər bekarçılıqdandır. İnsanlar "tıncıxır", nənəm demişkən. Karantin bitsə, hamı işinə-gücünə getsə, hər şey öz yoluna düşərdi. Sizcə, doğru düşünürəm?
Özünü doğramaq, Milli Məclisi sındırıb-dağıtmaq bunlar sizcə sıxılmaqdan, bekarçılıqdan, çətinlikdən, işsizlikdən, pulsuzluqdan deyilmi?!"
Qeyd edək ki, keçirilən yürüşdə müğənninin özü də iştirak edib və bu barədə öz "İnstagram" səhifəsində video paylaşıb.
Xatırladaq ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.
Xalidə Gəray
Musavat.com






