İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaşıl-21 vaksini

1571 06.08.2021 08:05 Yazarlar A A

Tokio olimpiadasında qızıl medal alanlar arasında ukraynalı deputat da vardı. Maraqlı hadisədir. Dünyanın bəzi ölkələrində deputatlar medal almaqlarıyla gündəmə gəlir, bizdə adam döyməkləri ilə.

Ancaq bizdə idmanın tam diqqətdən qıraqda qaldığını söyləmək olmaz. Məsələn, saytda elan verilib, gənc müəllimlər arasında futzal yarışı keçiriləcəkdir. Xüsusən Əfruz müəllimənin komandasından uğurlu çıxış gözləyirik. Müəllimlərimizin imtahan çətinliyindən şikayətinin axırı, görəsən, necə oldu? Nazirlik təkrar imtahan düzəltdimi?

Bu da diqqətimi çəkdi ki, bizim müəllimlər yalnız problem özlərinə çatanda dillənirlər. Örnək üçün, oxşar problemləri (testlərin çətinliyi, hər suala ayrılan vaxtın azlığı, cəfəngiyyatın soruşulması və sairə) bizim abituriyentlər dəfələrlə qaldırıblar. Lakin hələ bir dəfə olmayıb ki, müəllimlər şagirdlərə dəstək olsunlar, onlara qoşulub Təhsil Nazirliyinin qapısını yerindən çıxarmağa yollansınlar. Bu da müəllim-şagird bağlarının bizdə nə qədər zəif olmasını göstərir.

İstənilən sahəmizdə belədir. Görürsən ustad aktyordur, ancaq bilik və bacarıqlarını gənc nəsilə öyrətməyə can çəkir. Yaxşı yazıçılarımız, jurnalistlərimiz, həkimlərimiz, alimlərimiz... həmişə olub. Lakin bunlar əsasən özləri özlərini yaratmış adamlardır. Kimsə onların yetişmə anında əllərindən tutmayıb, bu pöhrələrin dibinə damcı su tökməyib. Əksinə, sulfat turşusu axıdıb fidan ikən yandırmağa çalışıblar. Paxıllıqdan, xəbislikdən.

Təbii, estafeti əldən-ələ uğurla ötürdüyümüz sahələr də vardır. Biri elə toy ənənələrimiz. Mən pandemiya dövründə çox qorxurdum milli adətimizin özəllikləri unudular, təzədən toylara icazə veriləndə nəsə yeni, absurd, xaricdən maliyyələşən qara qüvvələrin dəyirmanında üyüdülmüş vəziyyətlə qarşılaşarıq. Belə olmadı. Yenə toylarımızdan aldığım əsas xəbərlər bu istiqamətdədir: filankəsi toyda bıçaqladılar, gitaranı tamadanın başında sındırdılar, çırağı yengənin... gözünə soxdular və sairə.

Bıçaq demişkən və bayaqdan elmi söhbət apardığımızdan bir müşahidəmi oxucularla bölüşüm. Necə deyərlər, haşiyə çıxaraq. Təzəlikcə əsas ali təhsil ocaqlarımızdan birində rektorun müşavirini və komendantı bıçaqlayan şəxsi tutdular. Sən demə, orada elmi mübahisə düşübdür, müşavir deyib bir işıq ili təxminən 9,5 trilyon kilometrdir, cinayətkar isə dirəşib, iddia eləyib ki, Nuh peyğəmbərin qəbri Naxçıvan şəhərində yox, Çəmbərəkənd qəbiristanlığındadır. Hüquq-mühafizə orqanları isə yenə fikrimizi yayındırır, deyirlər adam universitetin rektorunun kabinetini təmir eləyən ustadır, pulunu kəsiblər, bu da müşaviri və komendantı yortub. İndi kimə inanasan? Xalq həqiqəti bilmək istəyir.

Haşiyə xoşuma gəldi, buradan davam eləyək. Alim dostum Yalçın müəllim dünən bir link atıb, deyir vəziyyət düşündüyümüzdən ağırdır. Həqiqətən. Link AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyəti haqda idi. Parkın ərazisində “Tak Noosh Group” adlı şirkətin çipsi və kartof-fri istehsalı nəzərdə tutulur. Maraqlı olan nədir? İnternetdə balaca araşdırma aparanda bu şirkətin bir iranlıya (Ramin Tabibian) məxsus olması ortaya çıxır. Çipsi buraxacaq avadanlıq isə Almaniyanın “Siemens” firmasınındır. Bəs AMEA və Ramiz Mehdiyevin burada icad elədiyi “yüksək texnologiya” haradadır? Yaxın oturun, lətifə gəlir: sən demə, şirkət Botanika İnstitutundan soruşacaq ki, hansı yerli kartof sortlarından yaxşı çipsi çıxar.

Adam bütün ölkədə açdığı açıq bazarın balacasını da AMEA-da düzəldib özü üçün əylənir. Yüksək texnologiya parkımız kartof qızartmaq üçündürsə, alçaq texnologiyamız nə olar?

Sözgəlişi, bizim səhiyyə qurumlarının uca millətin başında apardığı eksperimentlərdən biri belə idi: COVİD-19-a qarşı dünyada olan bir neçə vaksini qarışdırmaq və hansısa adamlar üzərində sınamaq. Ən azı 100 adam seçməyə razı olmuşdular, axırı necə oldu, bilmirəm. Yəqin nəticədə yeni vaksin alınıb. Adını hələ qoymayıblarsa, təklif edirəm “Xaşıl-21" olsun.    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR