Xaşa gəl, cənab səfir
Mən yaxşı başa düşürəm, dərəbəylik ölkədir, nə ümummilli liderləri var, nə də analoqu olmayan iqtisadiyyatları. Heç Meksikadan Kanadaya qədər bölgənin lideri olmağı bacarmayıblar. Bin Ladeni 10 il axtardılar, halbuki bizim MTN o müddətdə 10 dənə Bin Laden tutardı, hamısı da boynuna alardı ki, həqiqətən Bin Ladendir, üstəlik AXCP sıralarından istefa verir, qarşıdan gələn seçkilərdə isə möhtərəm cənab prezidentimiz İlham Əliyevimizi dəstəkləyir.
İndi bu Obama nə prezidentdir ki, yerli deputatxana - konqres onun bir sözünü iki eləyir? Biabırçılıqdır. Faktiki iqtidarsızlıqdır. Yalan olmasın, toy gecəsi uğursuzluğu kimi bir şeydir. Rəhmətliyin oğlu (özü də deyilənə görə rəhmətlik kişinin adı Hüseyn imiş - haram olsun o kişinin çörəyi sənə), vaxtında bu deputatxananı öz siyahınla, hərəsini 1-2 milyon dollar alıb qoysaydın, indi belə əziyyət çəkməzdin.
Əlqərəz, orda aləm qarışıb, nəticəsi Bakıdakı ABŞ səfirliyində üzə çıxıbdır. Sitat: “Bütün dünyada səfirlik əməkdaşlarına, ən vacib milli maraqlarla əlaqədar olmadıqca, çıxışlar etməmək, müsahibələrdə iştirak etməmək və ya ictimai tədbirləri təşkil etməmək tapşırılıb”. Vay-vay... Bəs indi cənab səfir Morninqstar necə narahat olacaqdır? Tərslikdən bizdə seçkidir. O vurhavurdan sonra ekrana çıxıb bunun “demokratiya yolunda bir addım” olmasını kim bəyan edəcəkdir? Bəlkə Fərəc Quliyevlə Zahid Oruc? Olmaz. Rəhmətlik Cəlal əmi demişkən, almısan mandatını, səfir qoyulmusan, zəhmət çək işini gör. Lazımdırsa maaşı biz verək. Paketdə. Konqresin pulu cəhənnəm olsun, neynirsən... Hələ istəsən sənə burda əvvəlki qardaşın Stenli Paskudero kimi dükan açıb YAP-a üzv qəbul eləyərik. Metyu Brayza kimi SOCAR-da iş verərik.
Yeri gəlmişkən, bir-iki gün qabaq musavat.com-da eksklüziv xəbər yayılmışdı: ABŞ səfirini Bakı restoranlarından birində dondurma ilə araq içərkən görüblər. İndi məlum olur səfir əslində dərddən içirmiş. Maaş yox, keniyalı dərvişin övladı Vaşinqtonu alt-üst eləyib, necə içməyəsən? Bu minvalla Morninqstar Kefli İsgəndər olacaqdır. O da çox narahat personaj idi. Elə Amerika səfirlərinin hərdən verdikləri “bizim üçün təhlükəsizlik, enerji resursları və demokratiya önəmlidir” bəyanatları təxminən İsgəndərin məşhur bəyanatına oxşayır: “Bu sözləri sizə deməkdə elə xəyal eləməyin ki, mən sizi pisləyib, özümü tərif etmək istəyirəm. Yox, yox! Bunu bilirəm ki, mən heç bir şeyəm. Mən çöllərin otuyam, küçələrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam. Mən dünyada heç bir şeyəm. Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb (əlini uzadıb cibindən araq şüşəsini çıxardır) bu evi bir saniyənin içində havaya dağıdıb, İsfahan lotusunu kərpiclərin altında diri-diri dəfn edərdim. Amma qorxmayın, mənim əlimdən elə şeylər gəlməz. Bu araq şüşəsidir və Şeyx Nəsrullah burada gecələr bu balaca uşaqları boğanda, mən bu şüşədən araq içərdim”. Sitatın sonu.
Sonda iqtisadiyyatı güclü olan dövlətin hər şeyə qadir olmasına daha bir sübut: dünən cənab prezident İlham Əliyevin sərəncamı ilə Qazax rayon məhkəməsinin hakimi İlham Nuriyev işdən çıxarılıbdır. İşdə yol verdiyi nöqsanlara görə. Görün bizdə demokratiya, dövlət quruculuğu nə qədər inkişaf edibdir ki, cənab prezident hətta öz adaşını da işdən çıxardır, bu zaman uf demir. İstəsə çıxartmazdı. Guya o biri hakimlər düzgün işləyir? Problem bunda deyil. Sadəcə, cənab prezident bununla səfir Morninqstara göstərmək istəyibdir ki, bax, sənin prezidentin Obama Qazax məhkəməsinin hakimini heç vaxt işdən çıxarda bilməzdi, lakin mən bunu etdim.
Fürsətdən istifadə edərək cənab səfiri Biləcəriyə, Dəmiryolçuların istirahət parkında Bəylər müəllimin obyektinə xaş yeməyə dəvət edirəm.






