İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricin qara boyasının yerli fırçaları – Təzə abzasdan başlayan Toplum TV-nin olayı

1765 07.03.2024 15:15 Analitika A A

Dünən Toplum TV-də axtarış aparılması ilə bağlı xəbər, təbii olaraq, ictimai-siyasi gündəmdə, sosial şəbəkələrdə əsas mövzuya çevrildi. Həmişə belə olur: baş verən bu cür hadisələrin içində jurnalistlər varsa, məsələnin rəngi, mahiyyəti bilərəkdən dəyişdirilir.

Eyni əməliyyat başqa peşələrin sahibləri olan insanların toplaşdığı birlikdə, təşkilatda keçirilərsə, əsas diqqətlər axtarış zamanı nə tapıldığına, axtarışa məruz qalanların hansı dövlətə və ya xarici fonda bağlı olduğun yönəlir. Jurnalistlərə gələndə isə ön plana onların peşəsi çıxır və belə iddialar səslənir ki, bu, onların peşə fəaliyyətinə qarşıdır, azad sözə basqıdır, tənqid yazanları susdurmaqdır və s. Sanki jurnalistlərin xüsusi imtiyazı var və onlar başqa dövlətin maraqlarına xidmət edə bilərlər.

Bundan əvvəl “Abzas Media” ilə bağlı hadisələr zamanı da eyni ritorika müşahidə olunurdu. Hətta bəzi jurnalistlərin evində və iş yerində aparılan axtarış zamanı külli miqdarda pul vəsaiti tapılsa da, onların hansı dövlətlərdən və fondlardan yarım milyona dollar pul aldıqları ortaya çıxsa da, hələ də bir çoxları azad sözə təzyiqdən danışırlar.

Məntiq isə deyir ki, ortada yarım milyon dollar pul varsa, demək, onların yazdıqları tənqidi söz o qədər də azad deyilmiş, sifarişlər, direktivlər əsasında yazılırmış.

Əvvəllər bu ölkədə xaricdən alınan qrantlar əsasında fəaliyyət göstərən media qurumlarının, qeyri-hökumət təşkilatlarının mövcudluğuna dözümlü yanaşılırdı. Lakin Azərbaycan dövləti ilə Qərb ölkələrinin, onların yaratdığı beynəlxalq təşkilatların arası soyuyandan sonra hakimiyyət ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına uyğun cavab verməli oldu.

2020-ci ildə Azərbaycan və Ermənistan orduları arasında gedən və ikincinin darmadağını ilə başa çatan 44 günlük müharibədən sonra isə ölkəmizdə “media qurumları” saxlayan dövlət və fondların bizə qarşı ritorikası çox sərtləşdi. USAİD və “Samanta Pauer” başda olmaqla Qərb fondları 30 ildən sonra öz torpağını azad etmiş dövlətimizi az qala hərbi cinayətlərdə, mülki əhaliyə qarşı amansızlıqda, destruktivlikdə ittiham etməyə başladılar. Təəssüf ki, onların əlinin altında işləyən vətəndaşlarımız da bu işdə onlara böyük dəstək oldular. Qara boya xaricdən, fırçalar isə bizdən idi. Bizimkilər Qərbin sifarişi əsasında aşırı pasifistlik edir, Azərbaycanı sülhə qarşı olmaqda qınayır, erməniləri haqlı, özümüzü haqsız elan edir, ölkənin daxilində adi yol, su, işıq problemlərini qabardır, insanları qızışdıraraq, “xalq üsyanı” təşkil etməyə çalışırdılar.

Bütün bunlar hüquq-mühafizə orqanlarının gözü qarşısında baş verirdi, həm siyasi rəhbərlik, həm də Azərbaycan dövlətinin təhlükəsizliyini qorumağa mükəlləf olan strukturların bu küləyin təbii olmadığını, gücləndirilmiş turbinlərdən əsdirildiyini görürdülər. Ona görə də onlar müəyyən tədbirlər həyata keçirməli oldular.

Ən qəribəsi o idi ki, özləri xarici dövlətlərin kəşfiyyat orqanlarından külli miqdarda (yüzminlərlə) pul vəsaiti alan şəxslər Azərbaycan dövlətinin ayırdığı 5-10 min manatlıq maddi dəstəklə fəaliyyət göstərən milli media qurumlarını “hökumətə işləmək”də suçlayır, pisikdirir, susdurmağa çalışırdılar. Sanki başqa dövlətə işləmək öz dövlətinin nəfinə çalışmaqdan daha şərəfli işdir.

Təcrübə göstərir ki, bizim kimi hələ demokratik sistemi tam oturuşmamış ölkələrdə daxili çaxnaşmaları bir qayda olaraq məhz böyük dövlətlərin kəşfiyyat orqanları və onlara bağlı fondlar ələ aldıqları yerli işçilərin, saxladıqları media qurumlarının əli ilə yaradırlar. Ortada külli miqdarda pul olur, bu vəsait diribaş adamlar arasında bölünür və onlar öz ətraflarında hücrələr təşkil edir, böyük şəbəkə qururlar, sosail mediada tərəfdarlar toplayırlar, bir gün “hərəkətə keçin” düyməsi basılanda fəallaşırlar.

Biz ayrı-ayrı vaxtlarda bu dövlət və fondların iradəsi əleyhinə gedən, nəsə bir söz deyən ziyalıların, siyasi fəalların sosial şəbəkələrdə necə söyülüb rüsvay edildiklərini, psixoloji terrora məruz qoyulduqlarını çox görmüşük. Elə bir mütəşəkkillik müşahidə olunur ki, onların qarşısında durmaq tək adamın, hətta tək bir partiyanın işi olmur. Başqa vaxt yüksək mədəniyyətdən, siyasi əxlaqdan və mənəvi dəyərlərdən dəm vuranlar hədəfə götürdükləri insanları ən iyrənc söyüşlərə məruz qoyurlar.

Bir neçə il əvvəl onlar sosial şəbəkələrdə əməlli-başlı terror mühiti yaratmış və söyə-söyə xeyli adamı susdurmuşdular. Sonradan ifşa olunduqca, bir çox fəalları inzibati və cinayət həbsinə məruz qaldıqca, dilləri qısaldı.

Kəsib-kirimədən söz və mətbuat azadlığından bəhs edən, bütün dünyada jurnalistlərə sərbəst fəalliyət imkanı yaratmağa çağıran ABŞ və Qərb ölkələrini isə təkcə Culian Assanj olayı ilə susdurmaq mümkündür. Öz peşəsinə vurğun olan bu şəxs ABŞ-ın və bir çox başqa ölkələrin rəhbərlərinin cinayətə bərabər olan neqativ hərəkətlərini, müzakirələrini, yazışmalarını dərc edib, bəşəriyyətə xidmət göstərib, amma onu İsveçdə, Böyük Britaniyada təqib etdilər, hazırda ABŞ-a verməyə hazırlaşırlar və onu orada 175 illik cəza gözləyir.

Yəni Qərbdən maliyyə alan media qurumları yalnız başqa ölkələrdəki neqativliklərdən yaza bilərlər, amma onların özündən yaza bilməzlər. Hətta başqa ölkənin jurnalistləri belə onları nədəsə ifşa etsə, dərhal adını qara siyahıya salıb təqib edəcəklər.

Ona görə də hər dəfə xarici dövlətlərdən və fondlardan pul alaraq Azərbaycana, milli maraqlara, dövlətə qarşı işləyən jurnalist, QHT-çi və ya başqa biri zərərsizləşdiriləndə, neytrallaşdırılanda bunu dərhal insan haqlarının pozuntusu və ya söz azadlığına basqı kimi qiymətləndirmək olmaz.

Hələ bir araşdırma aparılsın, onlara pul verənlərin hansı niyyətdə olduqları aşkara çıxarılsın, ondan sonra kimin haqlı, kimin haqsız olduğuna baxarıq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR