Xatırladaq ki, A.Erikson və S.Devis iyunun 16-na keçən gecə saat 00:20 radələrində Yasamal rayonu ərazisində Vidadi küçəsində yaşadıqları ünvana qayıdarkən küçənin tinində dayanmış 4 nəfər naməlum şəxslərlə münaqişə zəminində aralarında mübahisə baş verib. Onlar bu şəxslərin yanından keçərkən gənclərdən biri onlara söz atıb. Daha sonra naməlum şəxslər iki qadını döyüb. S.Devisin sağ qolu sınıb. A.Erikson bir müddət “New-York Times” qəzetində çalışıb. Hazırda isə Bakı Slavyan Universitetində jurnalistikadan dərs deyir. Daxili işlər naziri Ramil Usubov faktın araşdırılmasını şəxsi nəzarətdə saxlayır.
Hakimiyyət xarici jurnalistin döyülməsində müxalifət izi axtarmağa meyllidir. Daha doğrusu, bu plan üzərində işləyir. Hakimiyyətə yaxınlığı ilə seçilən qəzetlər buna eyham vurub. Onlar yazır ki, bu hadisə Azərbaycan barədə mənfi fikir formalaşdırmaq istəyən və müəyyən hazırlığa, məlumat bazasına malik qüvvələr tərəfindən edilib. Yazıda konkret suçlu olaraq müxalifətin adı çəkilməsə də buna ciddi eyhamlar vurulub. İndi isə fotorobot üzə çıxıb. Həqiqət tezliklə məlum olacaq.






