Xocalı faciəsinin 26-cı ildönümü xaricdə yaşayan həmvətənlərimiz tərəfindən də anım tədbirləri ilə yad edilib. Belə ki, İsveçdə yaşayan soydaşlarımız Xocalı faciəsi ilə bağlı fevralın 25-də etiraz aksiyası keçirib. İsveçin paytaxtı Stokholmda parlamentin qarşısında baş tutan etiraz aksiyasına 60-dan çox həmvətənimiz qatılıb. Aksiyanın təşkilatçısı Azərbaycan-İsveç Federasiyası olub.
Bu barədə İsveçdə yaşayan həmvətənimiz Kənan Hacıəkbəroğlu bununla bağlı “Yeni Müsavat”a danışıb. O, bildirib ki, havanın qarlı və mənfi 12 dərəcə olmasına baxmayaraq aksiya izdihamlı olub və 60-dan çox həmyerlimiz iştirak edib: “Aksiyada “Xocalıya ədalət”, “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir!” kimi şüarlar səsləndirildi. Türkiyə və Azərbaycan bayraqları dalğalandırıldı. Aksiyada çıxış edən həmvətənlərimiz beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirməyi, bəşər tarixinin ən dəhşətli insanlıq cinayətlərindən biri olan Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb etdilər”.
Kənan Hacıəkbəroğlu onu da vurğulayıb ki, bu gün Avropada da bur cür kütləvi tədbirlərdə iqtidar-müxalifət savaşı gedir: “Mən Xocalıda döyüşlərdə iştirak etmişəm və orada yaralanmışam. Mənim bir amalım var, o da vətəndir. İqtidar səfirliklər səviyyəsində müxalifətin keçirdiyi tədbirlərə gəlmir, müxalifət də iqtidarın keçirdiyi tədbirlərə getmir. Söhbət “Xocalı” və “20 yanvar” faciəsi ilə bağlı tədbirlərdən gedir. Mən isə kimin təşkil etməsindən asılı olmayaraq, ermənilərin əleyhinə, Azərbaycan xalqının rifahına yönəlmiş hər cür tədbirə getməyə hazıram. Necə ki, 1992-ci ildə Xocalı faciəsində mən atamla Xocalıda yüzlərlə dinc sakinə kənddən çıxmağa kömək etdik. İndi də Avropada bunu təbliğ edirəm ki, insanları necə qırdılar, faciə necə baş verdi, bunun səbəbkarları kim idi... Həm konfrans zallarında, həm də mitinqlərdə bunu təbliğ edirik. Təbii ki, bu faciənin təbliğatçıları heç də həmişə Xocalı şahidləri olmur. Onlar Avropada keçirilən tədbirlərə dəvət edilmirlər. Ermənilər yüz il öncəki tarixi sübut etməyə çalışırlar, ancaq biz yeni bir tarixi dünyada ictimailəşdirə bilmirik. Avropada Azərbaycan xalqının bir nəfər milli qəhrəmanı mühacir həyatı yaşayır- Şahin Tağıyev. Ancaq heç kim onunla maraqlanmır. Bu bizim ağrılı yerimizdir. İqtidar və ya müxalifət olmasından asılı olmayaraq biz-birimizə dəyər verməliyik.
Xocalıya ədalət şüarı altında daha bir tədbir Almaniyada keçirilib.
Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin Reinland-Pfalz özəyi də fevralın 25-də seçki yığıncağı ilə bərabər Xocalı soyqırımının da anım gününü keçirib. Bu barədə mərkəzin sədri İlham Həsən sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
O, bildirib ki, çox sayda müsavatçının qatıldığı anım günündə, soydaşlarımız Xocalıda rus-erməni birliklərinin dinc əhaliyə qarşı törətdikləri bu qətliamın hələ də beynəlxalq birliklər tərəfindən hüquqi qiymət verilməməsini pisləyərək, bu soyqırımı dünya ictimaiyyətinə çatdırılmasında daha çox işlər görülməsinin vacibliyini qeyd ediblər: “Çıxış edən Müsavat AKM üzvləri erməni-rus terroristlərinin bu cinayətini beynəlxalq müstəviyə çıxararaq, ona ədalətli, hüquqı qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasını, Azərbaycanda demokratik hüquqi dövlətçiliyin bərpasını özünə ən önəmli vəzifələrdən biri kimi qəbul edib və bu yolda sonuna qədər mücadilə aparacaqlarını bir daha vurğuladılar”.
Həmçinin, Avstriyanın paytaxtı Vyana şəhərində də fevralın 25-də “Xocalıya ədalət” aksiyası keçirilib. Aksiyaya çoxlu sayda həmvətənimiz və türklər qatılıb. Tədbirin təşkilatçısı Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş Dağlıq Qarabağda yaşanan zülmün bəşəriyyətin gözləri önündə baş verdiyinə və hal-hazırda Avropa başda olmaqla beynəlxalq ictimaiyyətin məsələnin həlli istiqamətində ədalətli mövqe nümayiş etdirmədiyinə diqqət çəkib.
Bundan başqa, Amerika Birləşmiş Ştatlarının İllinois ştatında yaşayan Azərbaycan İcmasının fəalları tərəfindən fevralın 25-də Çikaqo şəhərində “Xocalıya ədalət” adlı aksiya keçirilib.
Bu barədə Amerikada yaşayan və Günaz TV-də çalışan həmyerlimiz Rauf Qarayev məlumat verib. O sosial şəbəkədəki səhifəsində yazıb ki, aksiyada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rəsmi çıxışlar səsləndirilib: “Xocalı soyqırımının anım gününə həsr edilmiş toplantıda çıxış edən icma aktivləri soyqırımı haqqında məlumat veriblər. Aksiyada Azərbaycan və Türk icmasının nümayəndələri, tələbələr və yerli sakinlər fəallıq göstəriblər. Toplantıda Türkiyənin Çikaqoda Baş Konsulu Umut Acar və digər nümayəndələri də iştirak ediblər. İcma fəallarından Emin Səfərov çıxışda Xocalı hadisələri ilə bağlı məlumatları yada salıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışılıb. Bunlarla bərabər aksiya iştirakçıları Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü müxtəlif şüar və posterlərlə Çikaqo sakinlərin çatdırıblar”.
Qeyd edək ki, Avropada və Amerikada daha bir neçə aksiyanın keçiriləcəyi ilə bağlı anonslar soydaşlarımız tərəfindən paylaşılıb.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”






