İnsanlara hürriyət, millətlərə istiqlal!

XARİCDƏKİ AZƏRBAYCANLI MİLYARDERLƏR ÖLKƏYƏ NİYƏ İNVESTİSİYA YATIRMIR?

2998 08.10.2010 09:26 İqtisadiyyat A A

Araz AğalarovOnların içərisində hətta elələri var ki, dünyanın ən varlı adamları sırasındadırlar. Belələrindən Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarovu və Türkiyədəki iş adamımız Mübariz Mənsimovu çıxmaq şərti ilə heç biri Azərbaycana investisiya qoymaqda maraqlı görünmürlər. Yalnız A.Ağalarov ölkə iqtisadiyyatının bir sıra sahələrinə, xüsusilə də turizm sahəsinə müəyyən vəsaitlər yatırıb. O da bu layihələrə ölkə başçısı ilə qohum olandan sonra başlayıb. Azərbaycandan kənarda yaşayıb fəaliyyət göstərən azərbaycanlı iş adamları niyə ölkəyə sərmayə qoymaqda maraqlı deyillər? Bunun üçün nə çatışmır - perspektiv, yoxsa mühit?
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlunun sözlərinə görə, ölkə iqtisadiyyatında xarici investisiyaların azalması həqiqətən də narahatlıq yaradır. Ekspert bildirir ki, bu investisiyalar Azərbaycana daxil olanda onu yatıranın azərbaycanlı, yaxud qeyri-azərbaycanlı olması deyil, məhz ölkə iqtisadiyyatına gəlməsi daha çox əhəmiyyət kəsb edir: “Hazırkı müşahidələrimiz onu göstərir ki, investisiya qoyuluşundakı azalma heç də Azərbaycanın hazırkı investisiya tələbatlarına və ehtiyaclarına adekvat deyil. Əslində ölkədə investisiya qoyuluşlarını genişləndirməyə xeyli imkan var. Maraqlıdır ki, ölkəmizə investisiya qoymaq imkanında olan azərbaycanlıların çoxu Rusiyada yaşayır. Lakin bütövlükdə Rusiyanın Azərbaycana qoyduğu investisiyanın həcmində bizim gözləntilərimiz qədər ciddi artım yoxdur. Yəni əgər biz Azərbaycana yatırılan xarici investisiyaları nəzərdən keçirsək, məlum olacaq ki, Rusiya ilk beşliyə belə düşmür və ilk onluqda axırıncı yerlərdədir”.
Mübariz MənsimovEkspert bildirir ki, hazırda Türkiyədə yaşayan həmyerlimiz Mübariz Mənsimov Azərbaycana daha çox investisiya yatırıb, nəinki Rusiyada yaşayan və adı hətta “Forbes”in siyahısına düşən həmyerlilərimiz. Q.İbadoğlunun fikrincə, bu, onların yaşadıqları ölkədəki fəaliyyətləri ilə də bağlı ola bilər: “Ola bilər ki, Rusiyadakı həmyerlilərimiz bu ölkədəki sahibkarlıq mühitini daha yaxşı bilir və öz investisiyalarını orada daha çox genişləndirmək perspektivini görürlər, yaxud da bu perspektivi üçüncü ölkədə axtarırlar. Amma bütövlükdə götürəndə azərbaycanlı olub-olmamasından asılı olmayaraq Rusiyadakı investorların Azərbaycana marağı həmişə zəif olub. Düzdür, Azərbaycanla Rusiya arasında xarici ticarət əməliyyatları kifayət qədər inkişaf edib və bu ölkə Azərbaycanın ən başlıca partnyoruna çevrilib. Bunun ənənəvi səbəbləri var. Bu, eyni zamanda Rusiyada çoxlu sayda azərbaycanlının yaşaması ilə də əlaqələndirilə bilər. Lakin investisiya məsələsi bir az siyasi məsələdir və onu ticarətlə əlaqələndirmək olmaz. Rusiyada yaşayan azərbaycanlıların ölkə iqtisadiyyatına investisiya qoyuluşlarında müəyyən ehtiyatlı yanaşmalarını həm də bununla izah etmək olar. Digər bir tərəfdən, görünür, onlar Azərbaycandakı investisiya mühitini və bazarı Rusiya ilə müqayisədə məqsədəuyğun hesab etmirlər. Çünki Rusiya böyük bazardır, orada investisiya yatırımı imkanları daha genişdir, eyni zamanda investisiyaya qoyulmuş vəsaitlərin geri qaytarılması üçün bazar imkanları həm coğrafi baxımdan, həm də kəmiyyət və miqyas nöqteyi-nəzərindən Azərbaycanla müqayisəyə gəlmir”.
Qubad İbadoğluQ.İbadoğlunun sözlərinə görə, heç nəyə baxmayaraq, hər bir investorda doğulub boya-başa çatdığı ölkənin iqtisadiyyatına töhfə verməyə məcbur edən milli hisslər olmalıdır: “Bu hisslər bazar payı, investisiya mühiti ilə bağlı olan problemlərdən daha üstün olanda investisiya gəlir. Görünür, bizim həmyerlilərimizdə o hisslər də yoxdur. Çünki adətən ayrı-ayrı ölkələrin iqtisadiyyatına baxanda investisiya qoyuluşlarında həmin ölkələrin xaricdə yaşayan iş adamlarının payını yüksək görmüşük. Sadəcə olaraq, Azərbaycanla bağlı məsələdə konkret nəsə deməyə adam çətinlik çəkir. Bu, həm də onunla əlaqədardır ki, bəziləri hətta Azərbaycanla biznes əlaqələrini məqsədəuyğun hesab etmirlər. Çünki investisiya riski nöqteyi-nəzərindən tam arxayın deyillər. Elə adamlar da var ki, onlar ən yüksək səviyyədə təminat ala bilərlər, amma buna getmirlər. Ola bilər ki, bunun da daha çox siyasi səbəbləri var. Bəzən bu istiqamətdə müəyyən müzakirələr gedəndə hakim ailə ilə əlaqəli şəxslərin adları hallandırılır. Görünür, bu da nəzərə alınır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR