| “Gülümsədim qorxaqlara, əsl qorxaqlara, dost saydığım qorxaqlara...” |
Xaricdə gizlənməyə məcbur olan hüquq müdafiəçisi “Yeni Müsavat”a danışdı
Yaşanan son proseslərlə bağlı sosial şəbəkə vasitəsilə Mətanət Əzizovanın özü ilə söhbət etdik.
- Mətanət xanım, özünüzü xarici ölkədə doğmalarınızdan ayrı necə hiss edirsiniz?
- Çox darıxıram. Düzdür, 13 ildir ki, QHT-dəyəm və hardasa mənim ölkədə olmamağımı normal qəbul etmək olar. Ona görə ki, tez-tez xaricə gedirdim, konfranslarda, tədbirlərdə iştirak edirdim. Amma bilirdim ki əzizlərim evdədir, vərdiş etdikləri həyat tərzini davam edirlər. Əsas da məni evdə gözləyirlər. Bilirdilər ki, Mətanət mütləq hədiyyə ilə qayıdacaq. Mən onlara görə həmişə rahat olmuşam. İndi isə bir tərəfdən darıxıram, digər tərəfdən narahatçılıq hissi keçirirəm. Bu gün onlar ölkədə girovdurlar. Mənim Avropada olmağım imkan verir ki, beynəlxalq təşkilatlara, KİV-lərə və s. Azərbaycandakı vəziyyət barədə ətraflı məlumat verim. Mən ailəmi qorumalıyam. Ona görə də qərara gəldim ki, Avropa ölkələrində etiraz aksiyaları, mətbuat konfransları keçirim.
- Getməyinizə əsas səbəb nədir?
- Mən bilirdim ki, Rauf Mirqədirov işində məndən Leyla Yunusa qarşı istifadə olunacaq. Leyla Yunusun xəyanətkar olduğu barədə heç bir məlumatım yox idi. Anladım ki, seçim etməliyəm. Ya istintaqın sözü ilə Leyla Yunusun agent olduğunu təsdiq etməliydim, ya da mübarizəni davam etdirməliydim. Buna hazır idim. Heç bir qorxum da yox idi. Ona görə ki, hələ uşaq olarkən mübarizənin nə demək olduğunu bilirdim. Anam 90-cı illərdə siyasətdə çox aktiv idi. Ona qarşı qanunsuzluqları çox görmüşəm. Anam mitinqlərdə döyüləndə xəstəxanalarda axtarırdıq. Özümə qarşı o qədər psixoloji təzyiq olub. Fəaliyyətimə görə 2012-də özüm, 2013-də isə oğlumla birgə döyülmüşük. Mən onda getdimmi ölkədən? Yox. Deməli, bu dəfə situasiya və səbəblər daha ciddi idi.
- Ölkəni necə tərk etdiniz?
- Mənə gecə həbs ediləcəyim barədə xəbər gəldi. 15 dəqiqəyə evdən çıxdım. Bilirdim ki, ölkədən çıxmağa hələ qadağa yoxdur, amma səhər ola bilərdi. Evdən çıxmağımı və hara getməyimi heç kəs bilmədi. Anam və bacıma belə demədim. Yol boyu kimsənin xəbər tutacağından qorxurdum. Polisi görəndə fikirləşirdim ki, mənə görə buralardadır... Tiflisə səhər çatdım. Düzü, çatanda düşündüm ki, bəlkə yalan məlumatdır, axı deyəsən, mən çox məsələni şişirtdim. Bir neçə gün Tiflisdə dincəlib geri dönməyə qərar verdim. Evə zəng elədim. Oğlum dedi ki, bir neçə saatdır bütün instansiyaların adından istifadə edib, evə girmək istəyiblər. Oğlum qapını açmaq üçün 3 nəfər prokurorluq işçisinin ona hədə-qorxu gəldiyini də bildirdi. Oğlumun qapını açmadığını görən əməkdaşlar hətta pəncərədən keçməyi belə müzakirə ediblər.
O günü oğlum böyük stress keçirdi. Mənə dedilər ki, həyətdə prokurorluq işçilərdən başqa çoxlu polis var. Tiflisdə olarkən bu məlumatı eşidəndə başa düşdüm ki, mən düzgün qərar vermişəm. 3 və 6 may tarixlərində aparılan axtarışlarda mənə hər şey aydın oldu. Məndə sual yarandı ki, bu nədir? Psixoloji zərbə, yoxsa təzyiq? Qorxuzmaq üçün? Niyə? Mənim evimdə külli miqdarda pul, istintaqa vacib olan sənədlər axtarılıb. Hansı sənədlər? Evimdən götürdükləri kupçamı? Budur, istintaqa vacib olan sənəd? Yoxsa həqiqətən mən lazım idim? Ailəmə ölkədən çıxmaq qadağasını eşidəndə hər şey tam aydın oldu. Mən tam əminliklə deyirəm və bütün planlaşdırdığım görüşlərdə bunu deyəcəm ki, oğlum və yoldaşım bu gün Azərbaycanda əsirdilər. Bu, təzyiqdir ki, mən ölkəyə qayıdım və Leyla Yunusa qarşı yalan ifadə verim. Əgər kimsə mənimlə razı deyilsə, onda sadəcə bir sualıma cavab versinlər: Ailəmə ölkədən çıxmağa niyə qadağa qoyulub? Mənə bu qanunsuz qadağanın səbəbini bildirsinlər.
- Avropa ölkəsində hazırda müalicə olunduğunuz və üç beynəlxalq təşkilatın nəzarətində olduğunuz haqda xəbərlər var. Bu xəbərlər nə dərəcədə doğrudur?
- Müalicəni keçən həftə bitirdim. Psixoloji durumumda, yaddaşımda və ürəyimdə problemlər var idi. Həkimlər qərar verdilər ki, kompleks şəkildə müalicə almalıyam və hələ indi müalicənin təsirini görürəm. Həftədə 1 dəfə psixoloq yanına gedirəm. Beynəlxalq təşkilatlardan böyük dəstək var. Qərar vermişdik ki, mən psixoloji tərəfdən tam bərpa olunum və ondan sonra ailəmin müdafiəsinə başlayım. Artıq bərpa olunmuşam.
- Hazırda sizə qarşı təhlükələr davam edirmi?
- İnsan üçün ən dəhşətlisi təhlükəni yaşamaq yox, o, təhlükəni gözləməkdir. O mərhələni keçmişəm. Özümə görə yox, oğluma görə narahatam.
- Sosial şəbəkələrdə saxta profillər tərəfindən şantaj edildiyinizi yazırdınız. Nə şantajlar olur?
- Facebook maraqlı bir dünyadır. Məni həm sevindirir, həm də məyus edir. İlk günlərdə dəstək məktubları oxuyanda oturub, sevindiyimdən ağlamışam. Gülümsədim qorxaqlara, əsl qorxaqlara, dost saydığım qorxaqlara... Hələ də səsləri çıxmır. Gülümsədim, dərhal məni dostluqdan çıxardanlara. Ən azından bu insanlarla görüşmək ümidi ilə Bakıya qayıtmaq istərdim. İndi isə gah facebooku ələ keçirmək istəyirlər, gah da söyüş yazırlar. Satqın olduğumu, məndə hansısa sənədlərin, şəkillərin olmasını deyirlər. Biri isə deyəsən, orden almaq fikrində idi. Məni pis ana olmaqda suçladı. Məni psixoloji cəhətdən sındırmağa çalışdı. Güclü müalicənin təsirindən alınmadı.
- Övladınızdan,ailəndən nigaransınız?
- Bilsəydiniz, nigaranam sözünün arxasında nə qədər ağrı var. Mən dua bilməyən insanam, amma hər axşam Tanrıdan xahiş edirəm ki, oğlumu görüm, hər axşam Tanrıya deyirəm ki, anamdan muğayat olsun. Onların sağlamlığı mənim üçün çox vacibdir. Anam bu olaylardan sonra insult keçirtdi, oğlumun da sağlamlığında problemlər yarandı. Ana sevgisi deyilən bir möcüzə var. İndi bu sevgini anamdan görmürəm, oğluma da verə bilmirəm. Burada günahkar Azərbaycan Respublikasının Ağır Cinayətlər üzrə Prokurorluğudur. Hansılar ki, qanunsuz addım atıb, oğluma ölkədən çıxmağa qadağa qoyublar.
- Ailənizlə əlaqələriniz var?
- Ancaq internet vasitəsilə əlaqə saxlayıram. Ondan da çalışıram ki, təhlükəsizliyimi təmin etmək üçün az istifadə edim.
- Xaricə üç aylıq layihə çərçivəsində getdiyiniz deyilir. Bu müddətdən sonra nə düşünürsünüz?
- Mən hüquq müdafiəçilərinin proqramı ilə indi Avropa ölkələrinin birindəyəm. Siyasi qaçqın kimi heç bir ölkəyə müraciət etməmişəm. İmkanım var, amma eləmirəm. Üç ay ərzində burda QHT, KİV, beynəlxalq təşkilatlarla və dövlət nümayəndələri ilə görüşlərim nəzərdə tutulub. Bir hüquq müdafiəçisi kimi işimi davam etdirməyi planlaşdırıram.
Təcrübəm böyükdür. Ailəm yanımda olsaydı, asudə vaxtımı hesabat yazmaqla yox, onlarla keçirdərdim. Ailəmin ölkədən buraxılmaması mənim üçün sübutdur ki, orda mənə təhlükə var. Nə qədər onları mənim yanıma gəlməyə qoymayacaqlar, o qədər də mənim qayıtmağım uzanacaq. Bu proqramla mən qalmaq vaxtını uzada bilərəm. Vəziyyət dəyişilməsə, onda siyasi qaçqınlıq məsələsi haqda düşünmək lazım olacaq.
- Xaricə getməyiniz “tərk etdi” yox, “qaçdı” kimi mətbuatda səslənir. Buna münasibətiniz?
- Əvvəl əsəbləşirdim. Başlıqları oxuyurdum, dəhşətə gəlirdim. Amma sonra fikirləşdim ki, hardasa düz yazıblar. Bəli, mən Mətanət o gecə qaçmışam, qorxu və dəhşət içində. Bəli, mən yolda qaçarkən dua etmişəm ki, Tanrı məni heç olmasa anama görə qorusun. Mənə bir şey olsa, o, dözə bilməz. Anam uşaqlarına çox bağlıdır. Bəli, bu qaçmaq idi, amma... Mən cinayətkarlıqda təqsirləndirilən şəxs deyiləm, cinayət törətməmişəm, qanunları pozmamışam. 2 dəfə çağırıblar dindirilməyə, getmişəm, suallara cavab vermişəm, evimdə axtarış aparılıb. Ölkədən çıxmağa hüququm var idi. Qanunla ölkədən çıxmaq hüququmdan istifadə etmişəm. Yəni ölkəni qanuni tərk etmişəm. KİV-də yazıldığı kimi qaçmamışam. Amma bir psixoloji element kimi əgər söhbətdə istifadə etsəm, bəli, mən ölkədən qaçmışam.
- Son olaraq, ailənizə, yaxınlarınıza nə kimi sözləriniz, məsləhətiniz var?
- Mənə görə narahat olmasınlar. Həkim müayinəsini bitirdim. Gələn həftədən xarici dil kurslarına, rəsmə gedəcəm. Hazırda üzgüçülüyə gedirəm. Sağlam bədəndə sağlam ruh məsələsi həmişə yadımdadır. Möhkəm olmağım yaxınlarımın güclü olması deməkdir. Mənə görə narahat olmasınlar. Dostlardan xahişim olacaq, anama dəstək olun, onu tək qoymayın. Bacım... həmişə yanımda və həmişə kənarda, görünməyənlərin arasındadır. Bir dəfə ona demişəm, sənin qərarınla razılaşmaya bilərəm, amma bil ki, yanında olub, səni dəstəkləyəcəm. Xalama və onun qızına ürəkdolu salamlarımı göndərirəm.
Cavanşir ABBASLI






