İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdə dəfn olunan ziyalılarımızın məzarları Azərbaycana köçürülməlidirmi?

2969 04.02.2014 18:43 Gündəm A A




Son günlər xaricdə dəfn olunan məşhur azərbaycanlıların məzarlarının ölkəmizə gətirilməsi gündəmin əsas mövzularındandır. Bu mövzu Azərbaycan dövlətinin qurucusu M.Ə.Rəsulzadənin 130 illik yubileyi ərəfəsində daha çox müzakirə edildi. Onun nəşinin Azərbaycana gətirilib yenidən dəfn edilməsi ideyası səsləndirildi. Əslində bu ideya hər dəfə böyük öndərin doğum və vəfat günlərində səsləndirilir. 

Üç il öncə Suriyada vətəndaş müharibəsi başlayandan sonra görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin də Hələb şəhərindəki məzarının köçürülməsi ideyası gündəmə gəlib. 

Xatırladaq ki, Azərbaycan tarixində əvəzsiz xidmətləri olmuş bir çox ziyalıların məzarları ölkə xaricindədir. Onlardan Cümhuriyyət dövrünün siyasi xadimlərindən  Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlunun məzarı Türkiyədə, Əlimərdan bəy Topçubaşovun məzarı Fransada, Fətəli Xan Xoyski, Həsən bəy Ağayevin məzarları Gürcüstanda, mədəniyyət və ictimai xadimlərdən Azərbaycan şairi, mütəfəkkir İ.Nəsiminin məzarı Suriyanın Hələb şəhərində, Azərbaycan şairi M.Ş.Vazehin, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun məzarları Gürcüstandadır. 

Bəs Azərbaycan üçün dəyərli olan ziyalılarımızın nəşinin ölkə xaricində qalması nə dərəcədə doğrudur? Bu məzarlar nə vaxtsa Azərbaycana köçürülə bilərmi? 

Rəsulzadə irsinin tədqiqatçısı Nəsiman Yaqublu həm M.Ə.Rəsulzadənin, həm də digər ziyalıların xaricdə olan məzarlarının Azərbaycana köçürülməsinin vacibliyindən danışdı: “Mənə elə gəlir ki, xaricdə olan tanınmış ziyalılarımızın məzarlarını Azərbaycana gətirmək lazımdır. Çünki bu, mənəvi məsələdir. Azərbaycan üçün böyük işlər görmüş, xidmətlər göstərmiş insanların müstəqil Azərbaycan torpağında uyumaq zamanı çoxdan gəlib çatıbdır.”

N.Yaqublu bir neçə gün öncə Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünalın Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi ilə bağlı fikirlərini dəstəklədiyini də dedi: “Rəsulzadənin məzarı ilə bağlı məsələyə gəldikdə isə mən Cəmil Ünalın fikirlərini dəstəkləyirəm. Əvvəlcə Milli Məclisdə Rəsulzadəyə status verilməlidir, o status dövlət tərəfindən müəyyənləşməlidir, ondan sonra onun məzarı Azərbaycana gətirilməlidir. Yəni Rəsulzadənin məzarı adi bir şəxs kimi Azərbaycana gətirilməməlidir. Rəsulzadə Azərbaycan dövlətinin qurucusudur, ilk öncə ona Azərbaycan dövlətinin qurucusu statusu verilməlidir. 1918-20-ci illərdə ilk demokratik cümhuriyyətin yaradıcısı, qurucusu və banisi - bu status verilib, sonra Rəsulzadənin məzarı Azərbaycana gətirilməlidir.”


Məzarların Azərbaycana köçürülməsi məsələsinə fərqli yanaşan da oldu. VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı isə tanınmış ziyalıların nəşinin Azərbaycana gətirlməsinin o qədər vacib olmadığını, əsas onların ruhunun qorunub saxlanılmalı olduğunu dedi: “Bu məsələyə bir az fərqli yanaşmaq lazımdır. Xatırladaq ki, məzarlar fərqli şəraitdə yerləşirlər. Məsələn, Türkiyədə olan məzarlar elə türk torpağındadır, Hələbdə olan elə müsəlman torpağındadır. Nəsiminin dəfn olunduğu Hələb də, Fizulinin dəfn olunduğu Kərbəla şəhəri də vaxtilə Azərbaycan-Türk  dövlətlərinin  sərhədləri içərisində olub. Hətta bizim sərhədlər içərisində olmasa da Osmanlı İmperiyasının sərhədləri içərisində olub. İndi də Nəsiminin dəfn olunduğu Hələb şəhərində də, Fizulinin dəfn olunduğu Kərbəla şəhərində də  türkmənlər yaşayırlar. Yəni onların öz doğma mühitidir. Orada bu şairlərin nəslindən olan insanlar da yaşayırlar. Bizim qürbət dediyimiz yerlər, vaxtilə onlar üçün qürbət olmayıb, onlar orada yaşayıb yaradıblar. Tanınmış siyasi xadim Topçubaşov, Ceyhun bəy Hacıbəylinin məzarları Parisdə yerləşir. Onların bəzilərinin məzarları Fransanın şəhər qayda-qanununa uyğun olaraq məzar yeri alınır və o məzara sahib olunur. Belə məzarlara kirə haqqı verirlər. Günün birində verilən pul kəsiləndə məzar baxımsızlıqdan dağılıb gedir. Yenə də hesab edirəm ki, məzar köçürmək şərt deyil. Əsas şərt məzarlar orada qalsa da, abadlaşdırılıb baxılsın, amma o adamların məzarları əvəzində burada elə abidələr qoyulsun ki, həmin məzarları əvəz etmiş olsun. İnsan torpaqdan yaranıb, torpağa gedir. Dünyanın hər yeri torpaqdır. İnsanın harada torpağa qarışmasının fərqi yoxdur. Amma onun ruhunun qorunması üçün abidəsi ucaldılmalıdır. Məsələn, Nəriman Nərimanovun cismi Moskvada Kremlin divarları yanında dəfn olunub. Sabah Leninin nəşi oradan çıxarılsa, həmin məzarlar da onunla birlikdə söküləcək. Belə hallarda həmin məzarlar ölkəmizə -Azərbaycana köçürülməlidir. Hətta gətirilməsə də onun Bakının gözəl yerində heykəli var, mənim aləmimdə həmin heykəl onun ruhunu da yaşadır, xatırladır. Bəzi ölkələr var ki, insan öləndən sonra onun nəşi yandırılıb, külü havaya sovrulur. Heç onunla da heç nə dəyişmir. Əsas həmin insanın əməlləri yaddaşda qalmalı, xatirəsi qorunub saxlanılmalıdır.” 

Nərgiz Yaqublu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR