İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi yolundakı aksiya naminə... diplomatik hücum

1644 18.12.2022 21:10 Yazarlar A A

Əcəb işə düşmüşük. 30 il zülmə, işğala, erməni vandalizminə səbrlə dözdükdən sonra torpaqlarımızın böyük hissəsini güc yolu ilə azad etdik, ikiüzlü mərkəzlərdən təpkilər gəldi. İndi də qalan ərazilərimizdə talançılığı davam etdirən terrorçu tör-töküntülərə qarşı DİNC ETİRAZları davam etdiririk, yenə də ədalətsiz, erməniyanlı mərkəzlər ölkəmizə qarşı hərəkətə keçiblər. Bunların qəsdi nədir? Azərbaycan bu ölkələrə, bu mərkəzlərə nə pislik edib ki, belə əclaflıq edirlər, anlama olmur...

Budur, Litva və Kanada növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib, Ermənistanı müdafiə edib. Azərbaycan Xarici İşlər Nazirliyinin hər iki ölkənin “qərəzli bəyanatını qəti şəkildə rədd” etdiyini bəyanlayıb. Kanada 44 günlük müharibə dönəmində də işğalçının yanında səf tutumuşdu. Bu ölkənin Türkiyəyə PUA istehsalı ilə bağlı lazımi avadanlıqları verməkdən imtinasını da unutmamışıq. Postsovet məkanının “ən demokratik” ölkələrindən biri kimi tanıdığımız Litvadan da ilk dəfə deyil ikiüzlü mövqe görürük. Hətta Vətən Müharibəsi dönəmində də eyni namərdliyin şahidi olmuşduq.

Bunlar məlum. Amma bəs, bu ölkələrlə ötən illər ərzində hansı işləri aparmışıq, ədalətli mövqeyimizin təbliği sahəsində nə etmişik, diaspora, səfirlik, xarici siyasət idarəsi, vətəndaş cəmiyyəti olaraq? Doğrudanmı bu ölkələrdə ermənilər “strateji yüksəkliklər”i alıblar? Axı, biz də Şuşa qalasını fəth edən ölkənin vətəndaşlarıyıq. Milli Məclisin iclaslarından birində millət vəkili Fazil Mustafa səfirlərlə bağlı haqlı olaraq sual etdi: “Yəni bu səfirlərin bir, iki şəxsi dostu, münasibət quracağı 5-6 adam da yoxdur? Yəni hamı ermənilərin təsiri altındadır? Ermənilər kimi kiçik bir xalq hamını ələ alıb?” Suallara hələ ki, cavab verilməyib rəsmi qurumlardan. Bəli, belə görünür ki, problem təkcə 256 senatorun yekdilliklə Azərbaycan əleyhinə səs verdiyi Frana ilə bağlı deyil. Deyək ki, Fransa Ermənistanın “böyük bacısı”dır, yarım milyon erməni yaşayır, seçkilərdə həlledici səsə malik olduqlarından “gözmuncuğu”na çevriliblər. Bəs, Almaniya, Belçika, Kanada, Litva?..

Azərbaycan XİN bəyan edib ki, Litvanın belə bir bəyanatla çıxış etməsi təəccüb və təəssüf doğurur. Amma diqqət edək, ötən illərdə Litvadan Azərbaycan əleyhinə neçə dəfə bənzər addımlar olub, rəsmi, qeyri-rəsmi mətbuat səviyyəsində...Bəs, biz nə etdik, səfirliyimiz hansı işlər gördü Əsgərimizin, Baş Komandanımızın möhtəşəm zəfərinə xələl gətirənlərin saxta iddialarını alt-üst etməkdən, düşmən dairələri neytrallaşdırmaqdan, yaxud da deyildiyi kimi, “düşməni dosta çevirməkdən” ötrü? Eləcə də digər ölkələrdə... Axı, hər gələn anti-Azərbaycan bəyanata etiraz bəyanatı ilə cavab vermək məsələnin həlli deyil.

Bax, bu günlərdə vətəndaş cəmiyyəti təmsilçilərimiz fədakarlıq edirlər, artıq 8-ci gündür Qarabağdakı terrorçuların, separatçıların talançılığına dinc etirazlarını davam etdirirlər. Görəsən, dünya ölkələrində, beynəlxalq təşkilatlardakı diplomatlarımızın neçəsi sivil aksiyamızla bağlı faktları qoltuğuna vurub, təmsil olunduqları ölkənin səfirliyinin qapısını döyüb, əvvəlcədən onları məlumatlandırıb, ermənilərin ənənəvi vay-şivən dolu təbliğatlarına qarşı priventiv addımlar atıb? Neçəsi? Müasir dövrümüzdə informasiya müharibəsi çox məsələləri həll edir. Üstəlik də diplomatiyanın önəmi mühüm əhəmiyyət kəsb edir. Dövlət başçımız “hücum diplomatiyası” elan edib, səfirlərimiz unutmayıbsa...Hanı onların hücumlarının nəticəsi? Buyursunlar, hesabat versinlər!

Çoxmu çətindir Qarabağdakı separatçı rejimin Ağdərədəki qızıl, mis, molibden yataqlarımızı on illərdir talamasına dünyanı inandırmaq? Sadə bir yol var: Litva XİN-ə gedirsən, oturub faktları təqdim edirsən və bildirirsən ki, Azərbaycanın sərvətlərini talayan şirkət Rusiyaya bağlıdır, vəssalam! Litvanın Rusiyaya münasibəti bəllidir, ondan sonra yenədəmi müdafiə edəcək bu talanı? Yenədəmi Azərbaycanı haqsız çıxarmağa çalışacaq? Nə çətindir ki, A-4 vərəqinə Azərbaycanın Qarabağ bölgəsindəki toponimləri çap edib təmsil olunduqları ölkələrdə yaymaq, XİN-lərin ofiqlərinə yollamaq? Yaxud çoxmu çətindir onların e-mail ünvanlarına məlumat göndərmək: ““Dağlıq Qarabağ” yox, Qarabağ!”

İndi buna görə Azərbaycan XİN-in etiraz bəyanatı verməsinə də ehtiyac qalmazdı. Necə olur biz Rusiyaya da eyni məzmunlu etiraz göndəririk, onun düşmənləri olan ölkələrə də? Niyə Rusiyanın düşmənləri ilə dost olmağa çalışmırıq?!

Azərbaycan rəsmən bəyan edib ki, Laçın yolunu Rusiya hərbi kontingenti bağlayıb. Hətta biz Qarabağ ermənilərinə humanitar yardım elan etmişik, qaynar xətt yaratmışıq. Bunu niyə beynəlxalq aləmə çatdıra bilmirik ki, yerbəyerdən üstümüzə gəlirlər? 44 günlük müharibə dövründə informasiya və diplomatiya savaşına da rəhbərlik edən Prezidentmi etsin yenə bütün bunları?! Niyə heç olmasa Ukrayna işğal etmiş Rusiya ilə bağlı faktları dünyaya çatdırmır, dəstək qazana bilmirik. Niyə Litva, Kanada və digər ölkələrə, bizi Qarabağ ermənilərinə qarşı humanitar fəlakət yaşatmaqda ittiham edənlərə rəsmi Moskvanın elə son qıcıqlı bəyanatını təqdim edib, onları susdurmuruq: Rusiya Ukraynaya humanitar yardım göstərdiyimizə, 50 generator göndərdiyimizə görə Bakıya etirazını bildirmədimi? Demək lazım, Ukraynaya humanitar yardım edən Azərbaycan necə ola bilər ki, vətəndaşı saydığı erməni əhaliyə “fəlakət” yaşatmaq istəsin?

Yaxud bu gün Avropa ölkələri, o cümlədən Kanada və Lirva Ukraynanın yanındadır, az qalırlar Rusiya ilə müharibəyə başlasınlar. Amma bizi Laçın yolunu bağlamaqda, ermənilərə guya “humanitar fəlakət” yaşatmaqda ittiham edən bu ölkələrə inandıra bilmirik ki, sizin “humanitar” adlandırdığınız Laçın yolu ilə 2021-ci il Ermənistan istehsalı olan minaların daşınması və Qarabağda basdırılması nəticəsində 300 nəfərə yaxın vətəndaşımız həlak olub, yaralanıb! Sizin “humanitar” dediyiniz Laçın yolu ilə Rusiyaya Ukraynanın başına endirmək üçün PUA-lar yollayan İranın azı 27 terrorçusu gəlib, Azərbaycana qarşı hansısa xain planları icra etməkdən ötrü? Niyə demirik, inandırmağa çalışmırıq? Şübhə etmirik ki, missiyasını uğurla həyata keçirən, etimadı doğruldan diplomatlarımız da kifayət qədərdir...Amma fəaliyyətsizliyi göz önündə olanlarımız da az deyil...Hər ölkədəki səfirliyimiz bizim qalamızdır!

Bu gün Laçın-Xankəndi yolunun Şuşa bölgəsində keçirilən aksiyanın fədakar nümayəndələrinə kömək vaxtıdır. Xüsusilə də beynəlxalq miqyasda erməni yalanlarının ayaq açmasına imkan vermək olmaz. Dünya çapında yüksəkliklərin əldən verilməsi ümumi işimizə, qələbələrimizə xələl gətirə bilər. Laçın yolundakı oğul və qızlarımız, bacı-qardaşlarımız oraya futbol izləməyə getməyib, mübarizənin önündə qərar tutublar və dövlətimiz də təhlükəsizlik tədbirlərini yüksək səviyyədə həyata keçirir.

Şübhə etmirik ki, Litva və Kanada ilk olmadığı kimi, son da olmayacaq. Vətən Savaşının həlledici mərhələsini yaşayırıq, tarix yazılır. Düşmən də vəziyyəti bildiyi üçün bütün arsenalını işə salıb, hər cür əclaflığa gedəcəklər. Odur ki, səfirlərimizə, diplomatik nümayəndəliklərimizə, diaspor təmsilçilərimizə “gəlin, Laçın yoluna, şaxtada, ayaq üstə dayanın, ekofəallarla yanaşı etiraz edin” – demirik. Zatən, bunu onlardan istəyən də yoxdur. İsti kabinetlərində oturanlar heç olmasa görəvlərini icra etsinlər, Vətən, Millət və Dövlət onları unutmaz! Xankəndiyə aparan (bütün mənalarda) yoldakı aksiyanın gedişində diplomatik hücuma ehtiyac var. Necə deyərlər, döyüşə diplomatlar gedir...Ola bilsin nəticədə elə uğurlar qazanılsın ki, heç Əsgərin növbəti müdaxiləsinə zərurət olmasın...

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR