İnsanlara hürriyət, millətlərə istiqlal!

Xanəndə Nurlan Namazov: “Toylarda dava ya muğam, ya da qəzəl üstündə olur” - Müsahibə, video, fotolar

2572 02.03.2019 14:38 Mədəniyyət A A

“Yeni Müsavat”ın bu dəfəki qonağı gənc xanəndə, VI “Muğam televiziya müsabiqəsi”nin qaliblərindən biri Nurlan Namazovdur. Qeyd edək ki, gənc ifaçı hazırda Milli Konservatoriyada, xalq artisti Mənsum İbrahimovun sinfində təhsil alır.

Nurlan Namazovla müsahibəni təqdim edirik:

- Öncə özünüz haqqınızda daha ətraflı məlumat verməyinizi istərdik.

- Mən Nurlan Namazov 1992-ci ildə Gəncə şəhərində anadan olmuşam. Amma əslən Qərbi Azərbaycandanam. Bildiyiniz kimi, bu bölgənin insanları adətən muğamla müqayisədə daha çox aşıq sənətinə maraq göstərib. Bununla bərabər muğama da böyük sevgi, hörmət olub.

İlk musiqi təhsilimi Gəncədə almışam, daha sonra təhsilimi davam etmək üçün Bakıya üz tutmuşam. Həmişə arzulayırdım ki, ustadım xalq artisti Mənsum İbrahimov olsun. Şükür ki, arzuma çatdım, nəhayət ki, Mənsum müəllimi axtarıb, tapdım, uzun müddət onun yanında məşğul olub, biliklər aldım. Deyərdim ki, Mənsum müəllimdən dərs aldığım zaman ona qədər olan bütün bilgilərimi sıfırlayıb, hər şeyi yenidən başladım, muğamları daha dərindən öyrəndim. Daha sonra isə Milli Konservatoriyaya, Mənsum İbrahimovun sinfinə daxil oldum, hazırda təhsilimi davam edirəm.

2017-ci ildə ustadımın məsləhəti ilə Muğam Müsabiqəsində iştirak etdim. Ona qədər həmişə bu müsabiqədən qaçırdım, çünki içimdə bir narahatçılıq, inamsızlıq var idi ki, naliyyət əldə edə bilmərəm. Hətta bir-iki dəfə müsabiqəyə qatılsam da, iştirakım uğursuz olmuşdu. Buna baxmayaraq Mənsum müəllim məni həvəsləndirirdi, bildirirdi ki, hələ tam hazır olmadığım üçün uğurlu nəticə olmur. Nəhayət, sonuncu dəfə yarışa sənədlərimi verdim. Qeyd edim ki, təsadüfən sənəd qəbuluna gecikmişdim, buna baxmayaraq sənədlərimi qəbul etdilər və mən yenidən yarışda iştirak etdim. Beləliklə seçim turuna düşdüm, uğurlu çıxışlarım oldu. Gecə-gündüz fasiləsiz olaraq öz üzərimdə çalışır, qəzəllər əzbərləyirdim ki, uğur əldə edim.

Nəticədə VI “Muğam televiziya müsabiqəsi”ndə 3-cü yerin qalibi oldum.

- Hazirda Milli Konservatoriyada təhsil alırsınız. Necə tələbəsiniz?

- Bəli, konservatoriyanın 3-cü kursunda təhsil alıram. Özümü yaxşı tələbə hesab edirəm (gülümsəyir). Çünki daim öz üzərimdə çalışıram, qiymət nəticələrim yaxşıdır, tənbəl deyiləm.

- Müsabiqədən sonra da hansısa uğurlarınız oldumu?

- Əlbəttə, oldu. Müsabiqədən sonra məni Opera və Balet Teatrına ifaçı kimi dəvət etdilər. Artıq teatrda çalışıram və hətta “Əsli və Kərəm” operasında Kərəmin atasını, şah obrazını oynamışam. Bu obraz çox çətin olsa da, öhdəsindən gəlməyi bacardım. Daha sonra “Leyli və Məcnun” tamaşasında İbn Səlamı oynamışam. Bildiyiniz kimi, bu obraz da operada əsas obrazlardan biridir.

- Bəs ustadınızla eyni səhnədə olmusuzmu?

- Hələ ki, xeyir. Amma çox arzulayıram hansısa tamaşada Mənsum müəllimlə eyni səhnəni bölüşüm.

- Bəs tamaşaçıların muğam opera sənətinə marağı necədir? Tamaşaçı qıtlığı yaşanırmı?

- Yox, tamaşaçı qıtlığı yoxdur, əsasən gənclər maraq göstərir. Şəxsən özüm bir neçə tamaşaya tamaşaçı kimi gedib, izləmişəm.

- Bəs digər teatrların tamaşasına getmisizmi?

- Hələ ki, xeyir.

- Gənclər adətən yenilikçi olmağa çalışır. Bəs bu sənətdə hansı yenilikləri bəyənirsiz və yaxud bəyənmirsiz?

- Yenilikləri bəyənirəm. Amma hər şey çərçivə daxilində, sərhədlərlə olmalıdır. Əgər bir yenilik edilirsə, bunun layiqli şəkildə həyata keçirilməsinin tərəfdarıyam. Məlum olduğu kimi muğam sənətimizin dünyada tayı-bərabəri yoxdur.

- Məsələn, muğam-caz sintezinə münasibətiniz necədir?

- Münasibətim yaxşıdır. Gənclərimizin tez-tez bu cür üslublara maraq göstərdiyinin şahidi oluruq. Lakin bəzən bəyəndiyim və bəyənmədiyim sintezlər də var.

- Bəs siz özünüz hansısa yeniliklər etmisiz?

- Özümü hələ ki, buna hazır hesab etmirəm. Bunu yalnız samballı xanəndə olduqda, muğamı tam hərtərəfli öyrəndikdən sonra etmək olar. Çünki muğamda çox incəliklər var, ona xələl gətirmək olmaz. Muğam bizim milli sərvətimizdir, onu qorumalıyıq. Gələcəkdə hansısa yeniliklər edəcəyəmsə, bunu yaxşı formada etməyə çalışacam.

- Bəs ustad xanəndələrin gənclərə münasibəti necədir?

- Yaxşıdır. Müsabiqədə iştirak edəndə də şahidi oldum ki, onlar gənclərə hər zaman dəstək olmağa, kömək etməyə, qayğı göstərməyə çalışırlar.

- Bəzən elə ustad sənətkarların arasında qalmaqallar yaşanır. Bir gənc kimi bunları necə qarşılayırsız?

- İstəməzdim ki, bu cür qalmaqallar olsun. Şəxsən özüm qalmaqaldan uzaq, yalnız sənəti və işi ilə məşğul olan insanam.

- Amma etiraf edək ki, bəzən elə qalmaqallar sənətçinin tanınmasına bir təkan verir, onun piyarına səbəb olur.

- Bəli, doğru deyirsiniz. Bəlkə də indiki zəmanənin nəbzi budur, tanınmaq, reklam olunmaq üçün sənətçilər bir-biri ilə qalmaqal yaratmağa çalışır və yaddaşlarda o cür qalırlar. Bu cür halları bəyənmirəm. Yaxşı olardı ki, hər kəs öz sənəti, işi ilə yadda qalsın, tanınsın.

Sənətkarlarımıza gəldikdə isə, biz gənclər hər zaman onlardan stimul alır, fəxr edir, öyrənirik, güc alırıq. Onların təkanı olmasa bir gənclər inkişaf edə bilmərik. Bu baxımdan heç zaman arzulamazdım ki, onların arasında qalmaqallar olsun.

- Xarici səfərlərdə olmusuzmu?

- Bəli, Tehranda iki dəfə möhtəşəm konsert vermişik. Novruz bayramı ərəfəsində isə Kiş adasında festivalda olacam. Festival əsasən Novruz bayramı ilə əlaqədardır, burada 10 ölkənin iştirakı gözlənilir.

- Kariyeranızı sona qədər muğam sənəti ilə bağlamağı düşünürsüz ya başqa üslublara da marağınız var?

- Muğam mənim həyat tərzimə çevrilib, mən onsuz özümü təsəvvür edə bilmirəm. Bu sənətə sevib gəlmişəm və hər zaman keşiyində olmağı arzulayıram. Lakin təbii ki, başqa üslublara da marağım var. Məsələn, bu günlərdə “Sevgi nəğməsi” adlı mahnım işıq üzü gördü və uğurlu alındı. Yəni həm mahnı üslubu həm də muğam üzərində çalışıram.

Əslində mahnı üslubu da çətindir. Bizim elə bəstəkar mahnılarımız var ki, onlar kənardan asan görünsə də, ifaçılığı qəlizdir. Amma xanəndə üçün estrada mahnısı oxumaq asandır. Yəni, muğamı bilən xanəndə mahnı üslubunun öhdəsində asanlıqla gəlir. Şəxsən mən bir tək pop və caz janrından uzağam, digər üslubda olan istənilən mahnıları rahatlıqla ifa edə bilirəm.

- Qazanc üçün toylara, məclislərə də gedirsizmi?

- Əlbəttə. Muğam tələb edən samballı toylarda, elə şənliklərində iştirak edirəm. Bildiyiniz kimi bizim elə toylarımız var ki, muğamsız ötüşmür. Daha çox Bakı kəndlərində muğamlarımızı çox sevir, xanəndələrə böyük hörmət edirlər.

- Bəs həmin məclislərdə maraqlı olaylarla qarşılaşmısızmı?

- Çox olub. Məsələn, kimsə bir muğam istəyəndə eyni zamanda digəri başqa muğam istəyib. Razılaşmayanda qalmaqal olub. Və yaxud qəzəl üstündə dava olub ki, filan qəzəl olsun.

- Qəzəllərdən söz düşmüşkən, olub ki, məclisdə və yaxud səhnədə hansısa qəzəlin sözlərini unudasız, çətin vəziyyətə düşəsiz?

- Əlbəttə olub. Bəzi qəzəllər var ki, onun sözləri çox çətindir, bir anlıq unutmuşam. Lakin tez bir zamanda xatırlamışam.

- Efirlərə də dəvətlər alırsızmı?

- Bəli, dəvətlər olur. Lakin dövlət televiziyası ilə 3 illik müqaviləmiz olduğu üçün hələlik digər televiziyalarda iştirak etmirik.

- Digər həmkarlarınız kii gələcəkdə beynəlxalq televiziya müsabiqələrinə, o cümlədən “O səs Türkiyə” yarışmasına getməyi düşünürsüzmü?

- Yox, ümumiyyətlə mən türk mahnıları ifa etmirəm, çünki bu məndə alınmır. Bir neçə dəfə cəhd etmişəm, lakin nəticəni bəyənməmişəm. Çünki mənim qıtlağım milli üslubdadır. “O səs Türkiyə” yarışmasına isə qatılmağı heç zaman düşünməmişəm. Mən yalnız sırf muğamla bağlı müsabiqələrdə iştirak edə bilərəm.

- Bəs xarici ölkədə yaşamağı, kariyeranızı orda davam etməyi necə?

- Qətiyyən düşünməmişəm. Çünki bu torpağa, vətənə çox bağlıyam. Hətta başqa ölkələrə səfərə gedən kimi vətən üçün darıxır, tezliklə Bakıya dönməyi arzulayıram. Mən şəxsən başqa ölkədə yaşaya bilmərəm.

- Nurlan Namazov digər həmkarlarından nə ilə fərqlənir?

- Deyərdim ki, əsasən geyimim ilə. Məsələn, digər gənc xanəndələr gündəlik həyatda daha çox idman üslubunda olan geyimlərə üstünlük verirsə, mən həmişə klassik üslubda oluram.

- Bir gənc kimi gənclərdə nəyi bəyənmirsiz?

- Bəzilərinin böyük-kiçik yeri bilməməsi, kobud davranışı əlbəttə hər kəsdə qıcıq doğurur. Çox istərdim ki, gənclərimiz hər zaman daha diqqətli, həssas olsunlar.

- Qarşıda hansı işləriniz var?

- Bu il İmaməddin Nəsimi ili olduğu üçün onun qəzəllərindən ibarət konsert keçirməyi düşünürük. Eyni zamanda Muğam Mərkəzində konsert verməyi planlaşdırırıq”.
Sonda gənc ifaçı ilə birlikdə Azərbaycanın məşhur “Küçələrə su səpmişəm” xalq mahnısını birlikdə ekspromt ifa etdik.

Xalidə Gəray
Fotolar və video müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR