İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalqın ziyalı oğlunu tualetə buraxmayan restoran...

1459 16.12.2021 10:15 Yazarlar A A

Dekabrın 13-də, saat 19.15-də Xəzər Universitetinin həndəvərində bir rəfiqimin başına məzəli və ibrətamiz iş gəlib. Əslində o qədər də böyük ictimai-siyasi əhəmiyyət kəsb edən hadisə deyil, amma bu olay simsarımın milli patriotizm hisslərində təbəddülata yol açıb.

Öncə onu deyim ki, eloğlu mənsub olduğu xalqa, ölkəyə toz qonduranlardan deyil, vətənpərvərdir, arada şovinistliyi də tutur, deyir, xalqımızdan Yer üzündə bir dənədir, qonaqpərvərlikdə, xeyirxahlıqda, səxavətdə, fərasətdə mislimiz, bərabərimiz yoxdur. Kimsə deyəndə ki, yox, hər millətin yaxşısı-pisi var, adam hipotetik olaraq razılaşır, amma belə bir əlavə də edir: “Bizim millətin pisi başqa millətlərin yaxşısından yaxşıdır”.

İkinci onu deyim ki, o özü xeyirxahdır, yolda xarab maşın gördümü, saxlayb kömək edər, benzini qurtarıbsa, benzin verər, təkəri partlayıbsa, öz ehtiyat təkərini təklif edər. Bir sözlə, köməyə ehtiyacı olan hər kəsə bacardığı qədər yardım göstərən adamdır.

İndi belə bir şəxsin başına elə bir iş gəlib ki, deyir, deyəsən, yanılmışam, bizimkilərin içində də pis adamlar var.

Demək, belə olub: qardaş yuxarıda adıçəkilən universitetin yaxınlığındaymış. İşi varmış. Adam gözləyirmiş. Onun gözlədiyi adam da sırf azərbaycanlı xasiyyəti və dəqiqliyi ilə saat 7-də vədələşdiyi yerə 15 dəqiqə gecikirmiş. Rəfiqim ona zəng edib, “5 dəqiqəyə çatıram” müjdəsi alanda anlayıb ki, daha bir yarım saat gözləməli olacaq.

Əsas olay bundan sonra olub. Bəradər tərslikdən, təntiyibmiş, fikirləşib ki, həmsöhbəti gələnəcən gedib bir yerdə öz təbii ehtiyacını ödəsin. Sağa-sola göz gəzdirib, görüb ki, bir restoran var. Aha! Restoran varsa, demək, komfortlu tualeti də var. Eloğlu şəstlə restoranın darvazasından içəri adlayıb, görüb ki, səliqə-sahmanlı bir yerdir, manqalda bişən quzu kababının xoş iyi də ətrafı bürüyüb, iştah açır. Mənzərədən xoşhal olan vətən oğlu telefonunu çıxarıb ki, neçə vaxtdır qonaqlıq tələb edən dostlarına yeni bir ləziz təamlar verilən “yaxşı məkan” tapdığını müjdələsin və onları yaxın günlərdə bura gətirsin. O, restoranın potensial müştərisi olmağa qərar vermişkən şüşə arxasında işləyən kababçıdan tualetin yerini soruşub, o da əlindəki şişlə istiqaməti göstərib. Rəfiqim kupelərin arası ilə ətrafa tamaşa edə-edə tualetə yaxınlaşarkən önünü administrator qılıqlı bir xanım kəsib, soruşub ki, hara belə, müəllim. Bu da deyib. Xanım dübarə soruşub ki, müştərisinizmi. Adam deyib, yox. Xanım deyib, onda tualetə olmaz. Bu dəmdə başqa bir cantaraq oğlan yaxınlaşıb ki, müəllim, əgər restoranın qonağı deyilsinizsə, tualetə gedə bilməzsiniz.

Eloğlu şoka düşüb və abırlı adam olduğundan mübahisə etməyib, “partlayıram” deməyib, sadəcə, qəlbi qırılıb və anlayıb ki, bu iaşə müəssisəsinin administratorlarını yalnız müştərinin pul kisəsinin dolu olması maraqlandırır, müştəri olmayanların sidik kisəsinin doluluğunun onlara dəxli yoxdur.

O, bu hadisəni mənə danışanda dedim ki, ola bilər, yol qırağıdır, müvafiq ehtiyacı olanların hamısı başını ora salır, onlar da beziblər, ona görə sənə şərait yaratmayıblar. Adam deyir, yox e, bəlkə mənim böyrəyim xəstədir, özümü saxlaya bilmirəm, bəlkə elə vəziyyətdəyəm ki, bu dəqiqə şalvarımı isladacam, yəni nə böyük şeydir bu, müştərisənsə, keç, müştəri deyilsənsə, qayıt geri, bəs insanlıq harada qaldı, bəs bir millətik axı, xeyrimiz, şərimiz birdir, özü də mən 3 günə ora bir dəstə adam aparacaqdım.

Baxıram ki, təntimə hadisəsi onu bərk incidib, deyirəm, vecinə də alma, qardaş, özün demişkən, millətimizin pisi başqa millətlərin yaxşısından yaxşıdır. Təzədən odlanır, deyir, yox e, 20-dən çox ölkədə olmuşam, heç yerdə tualetə gedəndə qabağımı kəsən olmayıb, amma bizimkilər... divara pənah aparanlar belə yaramazlara görədir.

Hal-qaziyə belə-belə. Ey “Xəzri” restoranının administratorları, elə şeylər eləməyin, nəzərə alın ki, adınız çıxar, qapınızı açan olmaz.

Bəlkə qarşı tərəf mövqe bildirmək istəyəcək? Elə bir təşəbbüs olsa, bu, “biz müştəri olmayan şəxsləri tualetə buraxmağa borclu deyilik” şəklində olacaq.

P.S. Dünən “zərərçəkən” qardaşa zəng etmişəm ki, vaxt elə, gedək həmin restorana, deyir, vətənin ziyalı oğlunu pəşov eləməyə qoymayan iaşə müəssisəsində heç bir işim olmaz daha.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR