İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalqın deputata dəstəyi, yaxud səsvermənin üsullarından biri

1544 14.08.2022 19:09 Yazarlar A A

Bizdə parlamenti xalqın seçməsinin min dənə isbatı var. Xarici ölkələrdən fərqli olaraq. Örnək üçün, Britaniyada, ABŞ-da, Fransada deputatları təyin edirlər. Siyahı üzrə. Təmiz saxtakarlıqdır. Kim Baydenə daha çox yaltaqlanır, kim Boris Consonun qahımlarındandır və sairə. Kriteriyalar budur, başqası yoxdur. Bir də Almaniyada deputat olmaq üçün məcbursan xalqa ət, yağ, qənd paylayasan. Keçən dəfə bir erməni Marsel şəhərinə asfalt yol çəkdiyi üçün parlamentə düşdü. Berlində isə Bundestaqın deputatları “Məni seçməsəniz aradakı divarı bərpa edəcəyəm” deyərək xalqı qorxutmuşdular. Buna görə Almaniya dağılır. İbrahim müəllim demişkən. Ona salam göndəririk, necə demişdisə elə də oldu. Hətta rəhmətlik Vəfa Quluzadənin “Rusiya dağılır”, Elçibəyin “İran dağılır” proqnozlarından sürətli proqnozu İbrahim müəllim AzTV-dən verdi, çıxdı getdi. Adına layiq, peyğəmbər kimi adam idi.

Nəsə, mövzudan elə bil çox uzaqlaşdıq. Mövzu isə deputatlarımızın xalqa, xalqın da hökumətə şah damarından yaxın olmasıdır.

Özünüz baxın, hal-hazırda bizim parlamentin guya 125 deputatı olmalıdır, lakin azı 7 deputat yeri boşdur. Bəzilərində seçki zamanı aktivlik yüksək oldu, xalq çox güclü səs verdiyi üçün qutular barmağa vurulan ultrabənövşəyi mürəkkəbdəki şüaların təsirindən “zaqar” elədi, yəni, yandı. Bir neçə deputat isə xalqın yolunda özünü şam kimi yandırdı, yəni, rəhmətə qovuşdu. Bəs hökumət bu dairələrdə təzədən seçki keçirirmi? Yox. İllərdir həmin dairələr boş qalır. Başqa dövlətlərdə belə vəziyyəti siyasi kollaps adlandırırlar. Çünki sən varsan, ancaq deputatın yoxdur. Bəs səni parlamentdə kim təmsil edir? Heç kim. Hər dairədə azı 40-50 min seçici yaşadığını nəzərə alsaq, hazırda bizim təxminən 350 min nəfər seçicimiz parlamentdə adamı olmadan ömür sürür.

Üzr istəyirəm, bayaq “bizim” yazdım. Səhv düşdü. Elə boşluqlar xarici ölkələrə aiddir. Bizdə isə deputat olmayanda onu xalq özü əvəz edir. Normal şəkildə. Qanunlar hazırlayırıq, təşəbbüslər göstəririk, hökumətlə birgə işləyirik. Xalq heç imkan vermir deputatsız qalması hiss olunsun, düşmən sevindirməmək üçün, həm də. Məsələn, deputatsız dairələrin vətəndaşları özləri özlərinə şikayət eləyir, özlərini dinləyirlər. Elə adam var evinə düymə alıb qoyur. Səsvermə üçün. Özü də, mən sizə bir sirr açım, parlamentimiz deputatı olmayan dairələrdən gələn səsləri nəzərə alır, biləsiniz. Bunun üçün evlərdə gizli kameralar quraşdırılıb. Açıq quraşdırsaq, səsvermənin gizliliyi pozular. İki-üç il öncə belə proqramlardan biri – “Peqasus” haqda əhaliyə məlumat verilmişdi.

Hazırda gənc deputat xanımlardan birinin adından müdrik fikir yayımlanıbdır: “Mən sosial şəbəkədə bəzi şeyləri oxuyanda utandığımdan evdə qalmıram, gedib oteldə qalıram”. Lakin xanım bu afyorizmi rədd etdi, deyir bunu mənim adımdan sosial şəbəkələrdə uyduranları məhkəməyə verəcəyəm.

Bir az kəskin olmadımı? Niyə dərhal ədalət məhkəməsinə üz tuturuq? Bəlkə burada xoş niyyət vardır. Xalq yay tətilini, deputatların asudə istirahətini nəzərə alaraq onların yerinə çıxışlar hazırlayır, şüarlar, afyorizmlər düzəldir, çap edir, yayır. Birinci dəfə deyil ki. Qabaqlar da deputatlarımızın adından, əvəzindən çıxışlar edilibdir. Buna pis baxmaqdansa, əksinə, dəstəkləmək lazımdır. Kaş elə mənim də yerimə bu saat yazı yazan olaydı, gedib dənizdə çiməydim.

Xalqın deputatın yerinə danışması yaxşı haldır. Pis hal onda olardı ki, deputat xalqın sözünü desin, onun yerinə danışsın. Bəzi əxlaqsız ölkələrdəki kimi.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR