Xalqı fəallaşdırmağın yolları və tarixi sirləri
Əksinə, siyasi rəqiblərin davranışlarını müşahidə edərək, fəallaşmağa ehtiyac olub-olmadığını müəyyənləşdirməyə çalışır. Təbii ki, xalqın fəallaşması Azərbaycan hakimiyyətinin maraqlarına qətiyyən cavab vermir. Əksinə, xalqın ümumiyyətlə, siyasi proseslərə biganə qalması və heç bir halda fəallaşmaması iqtidara daha sərfəlidir. Ancaq eyni sözləri Azərbaycan müxalifəti ilə bağlı söyləmək qətiyyən mümkün deyil. Belə ki, müxalifətin hakimiyyətlə apardığı siyasi mübarizədə cəmiyyətin, xalqın mövqeyi əsas müəyyənləşdirici faktor rolunda çıxış edə bilər. Və bu baxımdan, xalqın fəallaşdırılması müxalifət düşərgəsinin siyasi maraqları üçün vacibdir. Halbuki müxalifət xalqın fəallaşdırılması istiqamətində hələlik hər hansı stimulverici addımlar atmağa həvəs göstərmir. Bunun əvəzində bu düşərgənin bəzi təmsilçiləri ara-sıra xalqı passivlikdə qınamaqla kifayətlənirlər.
Politoloq Ərəstun Oruclu da hesab edir ki, hakimiyyətin xalqın fəallaşmasında maraqlı olmaması tamamilə normal haldır. Ancaq onun fikrincə, müxalifətin bu istiqamətdə hər hansı addım atmamasının səbəblərini və məntiqini anlamaq bir qədər çətindir: “Xalqın ölkədə cərəyan edən siyasi proseslərə biganə olması qətiyyən təəccüblü deyil. Çünki uzun illər boyu xalqa verilən vədlər yerinə yetirilməyib. Yəni xalq müəyyən mənada, aldadılmış duruma salınıb. Ona görə də xalq siyasi proseslərdə fəal iştirak üçün stimul tapa bilmir. Ən əsası isə hazırda cəmiyyət fəallaşmaq üçün hər hansı ciddi və inandırıcı çağırışlarla üz-üzə qalmayıb”.
Ə.Oruclunun fikrincə, xalqın siyasi proseslərə fəal şəkildə qatılması üçün onun inamını qaytarmaq lazımdır: “Xalqın siyasi qüvvələrə inamı, etimadı qalmayıb. Ona görə də, xalqı fəallaşdırmaq niyyətinə düşəcək siyasi qüvvə bunun üçün əvvəlcə, onun inamını, etimadını qazanmaq barədə düşünməlidir. Belə bir hədəfi olan siyasi qüvvə birmənalı şəkildə xalqı narahat edən problemləri gündəmə gətirməli, onların aradan qaldırılmasının mümkün yollarını göstərməli, inkişaf proqramlarını elan etməlidir və yalnız bundan sonra xalqın fəallaşmasıyla bağlı çağırışlar etməlidir”.
Ancaq Ərəstun Oruclu bütün bunların baş tutması üçün müxalifətin artıq köhnə metodlarla işləmək ənənəsindən imtina etməsinin vacibliyinə də eyham vurdu: “Müxalifət düşərgəsinin siyasi proseslərin idarə edilməsini proqramlaşdıra biləcək ciddi beyin mərkəzləri yaradılmalıdır. Belə beyin mərkəzləri olmadan xalqın fəallaşdırılmasına yönəlik əsaslı çağırışların edilməsi və bundan nəticə əldə edilməsi çox çətindir. Ancaq xalqın aktivləşdirilməsinə yönəlik imkanlar həmişə mövcuddur. Sadəcə, müxalifət düşərgəsinin bu istiqamətdə işləmək üçün həvəsinin olduğu müşahidə edilmir. Halbuki seçkilərdə iştirakın özü xalqın fəallaşdırılması üçün çox effektiv imkanlar açır. Hətta elə şərait yarana bilər ki, bir qədər zəhmət çəkməklə xalqı, cəmiyyəti çox qısa bir zaman içərisində fəallaşdırmaq mümkün ola bilər. Ancaq bütün bunların heç birisinin edilmədiyi bir şəraitdə müxalifətin xalqı, cəmiyyəti passivlikdə qınaması tamamilə yolverilməzdir”.
Politoloq Hikmət Hacızadə isə Azərbaycan müxalifətinin xalqı fəallaşdırmaq üçün əlindən gələn hər şeyi etdiyini düşünür: “Əslində, müxalifət hazırda mümkün olanın hamısını edir. Müxalifət hazırda hakimiyyətin qarşısında möhkəm dayanıb, sınmayıb və satılmayıb. Ancaq xalqın, cəmiyyətin fəallaşdırılması yolları tarixi bir sirdir. Və hələlik bu sirri heç kəs bilmir, indiyə qədər bu sirrin üstünü açmaq xoşbəxtliyi kiməsə nəsib olmayıb. Tarixdə xalqı fəallaşdırmaq niyyətinə düşən şəxslər də kifayət qədər olub. Ancaq onların əksəriyyəti sonradan özlərini məhz ediblər. Bununla belə, biz ümidimizi itirməməliyik. Əksinə, öz işimizi bundan sonra da əzmkarlıqla davam etdirməliyik. Və yenə də ümid etməliyik ki, bizim cəmiyyətimiz nə vaxtsa, haqq yoluna gələcək”.






