Xalq şairi Vaqif Səmədoğlu son mənzilə yola salındı - FOTALAR
Bu gün Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi keçirilib. Mərasimdə şairin ailə üzvləri, Azərbaycan Yazıçılar Birliyinin sədri yazıçı Anar, dövlət müşaviri Kamal Abdulla, baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və başqaları iştirak ediblər.
Xalq yazıçısı Anar V. Səmədoğlunun ölümünü Azərbaycan ədəbiyyatı üçün böyük itki kimi dəyərləndirib: “Səməd Vurğun ailəsi sonbeşiyini, Azərbaycan ədəbiyyatı böyük şairini, mən dostumu itirdim. Vaqif ölümdən yazsa da, həyatı çox sevirdi. O, bizə kişi kimi yaşamağı, ölümü kişi kimi qarşılamağı öyrətdi. Xalq bu itkinin ağırlığını uzun zaman yaşayacaq”.
Dövlət müşaviri Kamal Abdulla bildirib ki, V. Səmədoğlunun itkisi ədəbiyyatın böyük itkisidir: "Onun qədər daxilən azad adam tapmaq çətin məsələdir. Onun həyat sevgisi, təbəssümü hər kəsin qəlbində yaşayacaq. Vaqif Səmədoğlu öz həyat fəlsəfəsi, öz həyat baxışı olan insan idi".
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, Vaqif Səmədoğlu heç kimə bənzəməyən bir ömür yaşayıb: “Artıq onun ömrü əbədiyyətə qovuşdu. Bundan sonra zaman onun xeyrinə işləyəcək”.
Xalq şairi Nəriman Həsənzadə çıxışında öz xatirələrini bölüşüb: “İsa Muğanının ardınca Vaqif də getdi. Elə adamlar var ki, bir dəfə doğulur, bir dəfə yaşayır, amma Vaqif daima yaşayacaq. O, şair olmasaydı belə bizlər üçün əzizi insan idi. Çünki Səməd Vurğunun yadigarı idi. Çox zaraftcıl idi, hətta ölümünü özü ilə belə zarafatlaşırdı. Elə ölümlə də zarafatlaşa-zarafatlaşa getdi”.
Millət vəkili Nizami Cəfərov şairin itkisi ilə barışmadığlını bildirdi: “O, fiziki ömrünü başa vurdu, ruhən isə bizimlədir”.
Vaqif Səmədoğlunun ailəsi adından çıxış edən mərhum şairin kürəkəni Aqşin vida mərasiminə toplaşanlara öz təşəkkürünü bildirib.
Daha sonra mərhumun cənazəsi Akademik Milli Dram Teatrından qaldırılaraq dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılıb.
Şair I Fəxri Xiyabanda atası, xalq şairi Səməd Vurğunun məzarı yaxınlığında torpağa tapşırılıb.
Xatırladaq ki, Azərbaycanın xalq şairi, ictimai xadim Vaqif Səmədoğlu yanvarın 28-də dünyasını dəyişib. Şair uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Xalidə Gəray






