İnsanlara hürriyət, millətlərə istiqlal!

XALQ ARTİSTİNİN SƏFİR OĞLUNUN BAŞI DƏRDDƏ

21656 26.11.2012 09:59 Gündəm A A

“Əgər heykəl sökülsə, heç şübhəsiz ki, bu, ikitərəfli münasibətlərin pisləşməsinə səbəb olacaq. O cümlədən nəzərdə tutulan investisiyalar reallaşmayacaq. Ən axırıncı tədbir isə Azərbaycan səfirliyinin bağlanması olacaq” - deyə, səfir bildirib.
İ.Muxtarov deyib ki, Azərbaycanın Mexikodakı səfirliyi eyni zamanda altı Latın Amerikası ölkəsindəki diplomatik təmsilçilik funksiyasını yerinə yetirir. Bu da o deməkdir ki, səfirlik Mexikodan çıxarılsa, həmin ölkələrin birində yerləşdirilə bilər. Bununla belə, İ.Muxtarov iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsindən söhbət getmədiyini bildirib.
Heykəlin götürüləcəyi halda Meksikanın itirəcəyi investisiyalar haqda danışan səfir bildirib ki, bunlar energetika, alternativ enerji, su təchizatı, tikinti sahəsində layihələri nəzərdə tuturdu. “Əlbəttə, Azərbaycana Meksikanın nefti lazım deyil, lakin söhbət neft emalı və axtarışında birgə əməkdaşlıqdan, Meksikanın özündə neft hasilatından gedir” - deyə, İ.Muxtarov bildirib.
Əldə etdiyimiz məlumata görə, yaranmış bu xoşagəlməz vəziyyət rəsmi Bakını ciddi narahat edib və xarici işlər naziri danlanıb. Qaynağın iddiasına görə, hakimiyyət xarici basqıların artığı indiki gərgin məqamda bu cür problemlə üzləşməsindən haqlı narahatlıq keçirir. İkinci bir tərəfdən, Meksika ABŞ-ın qonşusu olsa da, demokratik ölkələr sırasında yer almır, əksinə, ağır cinayətlərin sayına görə Latın Amerikasında liderlərdən biridir. Məhz həm də bu səbəbdən hakimiyyət bu cür uğursuzluğu qəbullana bilmir və bunun üçün diplomatik düşərgədə bəzi cəza tədbirləri planlaşdırır. Belə ki, Xarici İşlər Nazirliyinin Latın Amerikası üzrə kuratorları bu müddət ərzində Meksikada “diplomatik kanallarla zəif fəaliyyətlərinə görə” işləri ilə vidalaşmalı olacaqlar. Hakimiyyət kuluarlarında Meksikadakı səfir İlqar Muxtarovun da bu qalmaqala görə geri çağırılacağı barədə söz-söhbət gəzir. Çünki ilk dəfədir ki, hakimiyyət xarici ölkədə bu cür problemlə üzləşib və kimsə “günah keçisi” olmalıdır.
Bu arada modern.az saytı Azərbaycanın Meksikadakı səfiri barədə ilginc məlumat dərc edib. Azərbaycanın Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri İlqar Yusif oğlu Muxtarov bu vəzifəyə 2009-cu ilin aprelində prezident İlham Əliyevin sərəncamı ilə təyinat alıb. Həmin vaxt İ.Muxtarova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Bu təyinatadək Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsində işləyib. İ.Muxtarov Azərbaycan səfiri kimi eyni zamanda Kosta Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub. Maraqlıdır ki, məhz Meksikadakı fəaliyyətinə görə bu ilin yayında prezident onu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Amalya PənahovaModern.az yazır ki, İlqar Muxtarovun tərcümeyi-halını araşdırarkən, maraqlı bilgiyə sahib olub. Məlum olub ki, İlqar Muxtarov xalq artisti, Azərbaycanın tanınmış aktrisası, Bakı Bələdiyyə Teatrının direktoru Amalya Pənahovanın oğludur.
Səfir İlqar Muxtarov 1969-ci ildə, sentyabr ayının 29-da Bakıda anadan olub. O, əvvəlcə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və tarixi üzrə təhsil alıb. Daha sonra təhsilini beynəlxalq hüquq ixtisası üzrə davam etdirib. Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada şöbələrində çalışıb. Səfir rus, ingilis, türk, ərəb dillərini əla, ispan dilini isə orta səviyyədə bilir. Ailəlidir, bir oğlu var.
Böyük ehtimalla bu qalmaqal hələ davam edəcək və yaxın günlərdə hadisələrin necə inkişaf edəcəyi məlum olacaq. Səfirin açıqlamasında belə məlum olur ki, hakimiyyət hətta Meksikadakı səfirliyi bağlamağı da düşünür. Xalq artistinin səfir oğlunun parlaq karyerasının sonunun necə olacağı da hadisələrin inkişafından asılı olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR