İnsanlara hürriyət, millətlərə istiqlal!

XAÇMAZIN İCRA BAŞÇISI DANIŞDI

5453 29.03.2012 22:07 Son xəbər A A

- Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin nümayəndələri Xaçmazdadır. Onlar bu işlə ciddi məşğul olur, hər şeyi araşdırırlar. Yəqin ki, bu işlərin hamısını ortaya çıxaracaqlar.
Amma onu deyim ki, Nəcimə Babayeva evdə öldürülüb. Onun qızı da evlərinin damından özünü ataraq intihar edib. Hər iki hadisə evdə baş verib. Anası öldürüləndə qızı yanında olub, evdə ikisi olub. Bu hadisə zamanı da iki bacı bir yerdə olublar. İndi özünüz nəticə çıxarın da, mən nə deyim...

- Nəcimə Babayevanın ailə üzvləri deyirlər ki, siz onun rəhbərlik etdiyi bazarı əlindən almaq istəmisiniz, Nəcimə Babayeva isə bununla razılaşmayıb.
- Mənə yalvaralar ki, o bazarı sənə veririk, ömrüm boyu yaxın durmaram. Mən bazarı nə edirəm, nəyimə lazımdır? Mənə həyatda nə lazımdır? Ulu öndər Heydər Əliyevlə işləmiş insanam. Mən də, övladlarım da, nəvələrim də, qohum-əqrəbam da fəxr edirik ki, ulu öndərin yanında işləmişəm. Bu, ölkənin ən ağır dövrlərində olub.

Bu gün də cənab prezident İlham Əliyevə sədaqətlə xidmət edirəm. Mənim 73 yaşım var, bazar mənə yaraşan iş deyil. Mən o adamlardan deyiləm, heç bir “budkam” da yoxdur. Bir mağazam, obyektim olmadığı halda bazarı nə edirəm? Bazar mənim nəyimə lazımdır? 14 il rayonun birinci katibi, 9 il Naxçıvan Muxtar Respublikasının baş naziri olmuşam. Yaşı 73-ə çatmış, çətin yollardan keçmiş bir insan olaraq nəyisə doğru söyləməmək mənə yaraşmaz. Sizə həqiqəti deyirəm. 
- Əgər belədirsə, niyə sizin adınız hallanır? Bunun səbəbləri sizə məlumdurmu?

- Məsələ ondadır ki, heç bir səbəbi yoxdur. Mənim bu işdə adımın hallanmasına heç kim bir səbəb tapa bilməz. Sovet İttifaqı dövründə rayon istehlak cəmiyyəti vardı. Onlar həmin cəmiyyətin ərazisini zəbt ediblər. Cəmiyyət də onları verib məhkəməyə və prosesi udub, ərazinin boşaldılmasına qərar verilib. Onlar da bunu əldə əsas tuturlar. Vallah, bilmirəm niyə mənim adımı hallandırırlar. Mən vicdanı təmiz adamam və başqa dövrün insanıyam. Heç nədə gözüm yoxdur. Burada prezidentin əsgəriyəm və buranı düzəltməyə gəlmişəm. Prezident nə qədər ki, mənə etibar edib, gedənə qədər buranı düzəldəcəm. Mən Xaçmaza gələndə bura qəsəbə, kənd idi, indi biz Xaçmazı şəhər etmişik.
Nə qədər ömürləri var, gedib bazarı işlətsinlər. Amma bir şeyi bilsinlər ki, ora bazar deyil, zibilxanadır. Bu məsələ var. Onlar həmin bazarı abadlaşdırmalıdırlar, düzəltməlidirlər, o, Xaçmaza yaraşan bir bazar olmalıdır. Yoxsa mənim bazarla nə işim var?

- Nəcimə Babayevanın sağlığında onunla sizin aranızda narazılıq, fikir ayrılığı vardımı?
- Qəti şəkildə belə bir hal olmayıb. 2007-ci ildə mənim yanıma gəlmişdi. Dedi ki, mənim adımı Xaçmazda bir küçəyə verin. İstəyirdi ki, Xaçmazdakı küçələrdən biri onun adına olsun. Çünki bir-iki kitabı çıxıb. Mən də güldüm və cavab verdim ki, axı siz sağ-salamat ola-ola bu necə ola bilər? Bundan başqa heç bir narazılıq-filan olmayıb.

- Qətlin üstünü açmaq hüquq mühafizə orqanlarının işidir. Amma siz də icra hakimiyyətinin başçısısınız. Sizcə, Nəcimə Babayevanın qətlinin üstünün açılmamasında müəmmalar varmı?
- Bu, hüquq mühafizə orqanlarının işidir. Mən bu haqda bir şey deyə, səbəbini bilə bilmərəm. Ona görə də bir şey deyə bilmərəm. Rayonun prokuroru, polisi, məhkəməsi var, onlar bu işlə məşğul olurlar. Mən icra başçısıyam, öz işim var, onlarla məşğul oluram.

- Belə məlumatlar yayılıb ki, martın 28-də Xaçmaz Rayon İcra Hakimiyyətinin qarşısında sizə hücum olub. Nəcimə Babayevanın oğlu, intihar edən Təranə Həbibovanın qardaşı Cavid Həbibov sizi vurub. Belə bir hadisə olubmu?
- Kiçik bir insident oldu. Həyətdə idim. İcra hakimiyyətinə yeni bina tikirik. Müavinlərimlə birlikdə tikintiyə baxırdıq. Binanın özülündən su çıxır. Ora baxırdım ki, bu problemi necə həll edə bilərik. Çünki mən inşaatçıyam. Mənin kabinetimə hücum etməyiblər. Allaha şükür, xəsarət-filan yoxdur. Onların bacıları özünü evin damından atıb. Təsəvvür edin ki, üstündən altı dəqiqə keçəndən sonra icra hakimiyyətinin qarşısına gəliblər. Meyit asfaltın üstündə qalıb, altı dəqiqə sonra bura hücum ediblər. Mən bunun səbəbini bilmirəm. Bu işə necə baxırsınız?

Mən heç onu tanımadım. Həmin adam o hərəkəti edəndən sonra soruşdum ki, bu kimdir? Cavab verdilər ki, “bazarkom”un oğludur. Mən onu döyməyə imkan vermədim, dedim ki, işiniz olmasın.
Bu gün bir nəfər vətəndaş gəlmişdi. Soruşdu ki, siz qoymamısınız onu döyməyə, dedim ki, bəli. Söylədi ki, hamı şəhərdə danışır. İndi dünyadır, insandır, əsəbiləşib, bir səhvdir edib. Hazırda hüquq mühafizə orqanları məsələni araşdırır. Video, foto var, insanların üzərinə bıçaqla hücum edib. Bunu hüquq mühafizə orqanları qiymətləndirəcək.

- Cavid Həbibovdan şikayətçisiniz, yoxsa onu bağışlamısınız?
- İşi hüquq mühafizə orqanları araşdırır. Məsələyə onlar qiymət verəcək.

- İndi rayonda vəziyyət necədir?
- Bu gün cümə axşamı idi. Bir neçə yas yerində olmuşam. Hamı o insanların hərəkətlərinə nifrət edir. Məktəblərdə də, xəstəxanalarda da nifrət edirlər. Mənə bu gün yüzlərlə zəng gəlib. Özləri də peşman olublar. Polisdə bunu etiraf ediblər. Axı belə olmaz. Meyit yerdə qala-qala bura hücum ediblər.

Mən yeddi il yarımdır burada işləyirəm, vicdanla, namusla, qeyrətlə işləmişəm. Cənab prezident bundan sonra nə qədər məsləhət bilsə, yenə də namusla, qeyrətlə, vicdanla prezidentə, xalqa, xaçmazlılara xidmət edəcəm.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR