İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüsal Qasımlı: “Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda3 ən islahatçı ölkədən biri elan edilib”

1192 02.11.2017 09:40 İqtisadiyyat A A

Qubad İbadoğlu: “Hesabat mövcud gerçəkliyi tam əks etdirmir”

Xəbər verdiyimiz kimi, Dünya Bankının “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” reytinq hesabatında Azərbaycan 190 ölkə arasında 57-ci yerdə qərarlaşıb.

Bundan əvvəlki hesabatda isə Azərbaycan 65-ci yerdə idi. Ölkəmizin mövqeyinin 8 pillə yaxşılaşdığı hesabatı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirir ki, bu nəticə prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət və beynəlxalq ictimaiyyətdə ona olan inamın göstəricisidir: “Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda 3 ən islahatçı ölkədən biri elan edilib”.

Mərkəz rəhbəri reytinq hesablanarkən qiymətləndirilən 10 indikatordan 6-sı üzrə Azərbaycanın irəliləyiş əldə etdiyini bildirir. Belə ki, Elektrik şəbəkəsinə çıxış indikatoru üzrə 3 pillə, Əmlakın qeydiyyatı üzrə 1 pillə, Kiçik investorların hüquqlarının qorunması indikatoru üzrə 22 pillə, Vergilərin ödənilməsi üzrə 5 pillə, Müflisləşmə prosedurlarının rahatlığı üzrə isə 39 pillə irəliləyişə nail olunub. Bu zaman 2016-cı ilin dekabrında Vergi Məcəlləsinə 30-dək istiqamətdə edilən 200-dək dəyişiklik vergi yükünün optimallaşdırılması, vergilərin ödənişi sahəsində şəffaflığın artırılması baxımından yüksək qiymətləndirilib: “Bununla yanaşı, 2016-cı ildə ”Kredit büroları haqqında" qanun, 2017-ci ildə isə “Daşınar əmlakın yüklülüyü haqqımnda” qanunların qəbulu da hesabat komandası tərəfindən yüksək qiymətləndirilib. Bundan əlavə, kiçik investorların hüquqlarının qorunması məqsədilə mülki, inzibati xətalar və cinayət məcəllələrinə ciddi dəyişikliklər olunub".

V.Qasımlı qeyd edir ki, hesabatda 3 indikator üzrə Azərbaycanın mövqeyində geriləmə qeydə alınıb. Bunlardan biri biznesə başlamadır ki, mərkəz rəhbərinin sözlərinə görə, buna səbəb heç də Azərbaycanda biznesə başlama sahəsində problemlərin yaranması deyil: “Bunun əsas səbəbi ondan ibarətdir ki, bir sıra ölkələr bu sahədə daha sürətli islahatlar həyata keçirməklə bizdən önə keçiblər. Yəni bu indikator üzrə Azərbaycanda pisləşmə qeydə alınmayıb”.

Azərbaycanın mövqeyinin pisləşdiyi digər indikator tikintiyə başlamadır ki, V.Qasımlı bu sahədə gələnilki hesabatda irəliləyiş gözləyir. Bildirir ki, buna prezident İlham Əliyevin 13 iyul 2016-cı il tarixli “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ilə təsdiqlənmiş tədbirlər planının icrası səbəb olacaq: “Əminəm ki, bu planda nəzərdə tutulan tədbirlərin icrası növbəti il üçün ”Doing Business" komandası tərəfindən müsbət qarşılanacaq".

Nəhayət, hesabatda geriləmə qeydə alınan 3-cü indikator kreditə əlçatanlıq məsələsidir. Mərkəz direktoru hesab edir ki, qəbul olunan  “Daşınbar əmlakın yüklülüyü haqqında” və “Kredit büroları haqqında” qanunlar, ölkədə kredit bürolarının fəaliyyətə başlaması bu göstərici üzrə də irəliləyiş əldə olunmasına səbəb olacaq.

Bundan əlavə, yaxın vaxtlarda elektrik şəbəkələrinə çıxışla bağlı uzun illərdir mövcud olan problemlər aradan qalxacaq: “İndi biz o problemləri aradan qaldırmaq üçün islahatlar aparırıq. Bu istiqamətdə də nəticələrin müsbətə doğru dəyişəcəyinə inanırıq”.

V.Qasımlı hesab edir ki, Dünya Bankının hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşması ölkəyə xarici investorların gəlişi baxımından çox mühüm əhəmiyyətə malikdir: “İnvestor hansısa bir ölkəyə invesitsiya qoymaq istəyirsə, mütləq 2 hesabata baxır - Qlobal Rəqabətqabiliyyətlilik İndeksi (Azərbaycan 2 pillə irəliləyib) və Doing Business. Hər iki hesabatda ölkəmizin mövqeyi getdikcə yüksəlir. Bu da Azərbaycana xarici investisiyaların gəlişini artıracaq”.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu Azərbaycanın reytinqdə öz yerini yaxşılaşdırdığını qeyd edir. Onun sözlərinə görə, hesabatla tanışlıq göstərir ki, Azərbaycanın mövqeyinin yaxşılaşmasının bir neçə səbəbi var: “Bu səbəblərin bəziləri təzadlıdır. Məsələn, kreditlərin əldə olunması sahəsində yaxşılaşma olduğu qeyd edilir. Yaxşılaşma səbəbi kimi əsasən kreditorların hüquqlarının qorunması sahəsində tədbirlər, ”Kredit bürolarının yaradılması haqqında" Qanunun qəbulu qeyd olunur. Amma kreditlərin əldə olunması ayrıca bir istiqamətdir və burada ildən-ilə geriləmə var. Belə ki, 2010-cu ildə kreditlərə əlçatanlıq üzrə Azərbaycan 183 ölkə arasında 15-ci yerdəydi. 2011-ci ildə düşdü 46-cı yerə. Daha sonra 2012-ci ildə 48-ci yerə, 2013-cü ildə 53-cü yerə, 2014-cü ildə 99-cu yerə, 2015-ci ildə 104-ci yerə, 2016-cı ildə 109-cu yerə, 2017-ci ildə 118-ci yerə düşüb.  2018-ci il üzrə hesabatda isə bu indikatora görə 122-ci yerdəyik. Göründüyü kimi, kreditlərə əlçatanlığa görə Azərbaycanda vəziyyət 7 ildə 7 dəfəyə yaxın pisləşib".

Ekspert bildirir ki, hesabatda Azərbaycanın daha pis vəziyyəti tikintiyə icazələrin alınması ilə bağlıdır: “Bu istiqamət üzrə 190 ölkə arasında 161-ci yerdəyik. Elektrik təchizatı sisteminə qoşulma indikatoru üzrə isə 103-cü yerdə qərarlaşmışıq. Azərbaycanda elektrik şəbəkəsinə qoşulmaq üçün 7 prosedurdan keçmək tələb olunur. Azərbaycanın mövqeyini pisləşdirən daha bir istiqamət sərhədyanı ticarətin vəziyyətidir - 190 ölkə arasında 83-cü yer. Bu sahələrdə prosedurların mürəkkəbliyi, çoxsaylı sənədlərin tələb olunması, bütövlükdə bu hüququn əldə olunması üçün vaxt və xərcin çox tələb olunması problemli məsələlərdir”.

Image result for Qubad İbadoğlu

Q.İbadoğlunun fikrincə, hesabat mövcud gerçəkliyi tam əks etdirmir: “Hesabatın hazırlanmasında dövlət qurumları və sahibkarların nümayəndələri iştirak edirlər. Bu baxımdan, müəyyən mənada hesabat Azərbaycandakı mövcud siyasəti özündə əks etdirir. Hesabat göstərir ki, Azərbaycanda biznesə başlamaq asandır, nəinki onu davam etdirmək. Çox sadə qaydada biznesini yaradıb qeydiyyatdan keçirdə bilərsən, amma sonrakı mərhələlərdəki çətinliklər onun uğurla icra olunmasında problemlərə səbəb olur. İstənilən halda, Azərbaycan üçün əhəmiyyətli göstəricilərdən biri sayılmalıdır. Çünki ölkəyə sərmayə cəlb edilməsində bu indeksin rolu çoxdur. Amma Azərbaycan bu indeksdəki mövqeyinin daha da yaxşılaşdırılması üçün potensiala malikdir”.

DÜNYA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR