İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vurmamışam, kabab bişirəndə şişin üstünə yıxılıb"- Qardaşını şişlə vuran şəxsin işi

829 09.08.2018 15:35 Son xəbər A A

Qardaşına şişlə xəsarət yetirməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1960-cı il təvəllüdlü Əhmədov Tahir Qazəhməd oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Dövlət ittihamçısı çıxışında Tahir Əhmədovun qardaşı Cabir Əhmədovun sağlamlığına qəsdən ağır xəsarət yetirməsimin məhkəmə istintaqında sübuta yetirildiyini qeyd edib. Prokuror bu əməlinə görə Tahir Əhmədovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

T.Əhmədovun vəkili isə çıxışında müdafiə etdiyi şəxsin günahsız olduğunu deyib. Vəkil bildirib ki, Tahir Əhmədov qardaşını vurmayıb. Bu səbəbdən də vəkil müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Son sözündə Tahir Əhmədov da qardaşını vurmadığını deyib. O bildirib ki, hadisə günü sərxoş olublar. Kabab bişirən zaman qardaşı yıxılıb və şiş onun qarnına batıb.

Məhkəmədə ifadə verən Cabir Əhmədov da yıxıldığını və şişin qarnına batdığını söyləyib. O, qardaşından şikayətçi olmadığını bildirib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Tahir Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin işi araşdıran Şabran Rayon Polis Şöbəsinin baş müstəntiqi, polis mayoru Elşən Əliyev barəsində yol verdiyi ciddi nöqsanlara görə xüsusi qərardad çıxarılması və Daxili İşlər Nazirliyinə göndərilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, hadisə 2015-ci ildə Şabranda baş verib. Tahir Əhmədovun aralarında yaranmış mübahisə zəminində qardaşı Cabir Əhmədovu şişlə vurduğu bildirilir. Onun barəsində cinayət işi açılıb. İş məhkəməyə göndərilsə də ev dustaqlığında olan Tahir Əhmədov məhkəməyə gəlməyib. Bundan sonra onun barəsində axtarış elan edilib və həbs olunub.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR