İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Rəhimzadə: Fransanın demokratik dəyərlərə hörmətsizliyi adi hal alıb

319 30.06.2023 14:08 Siyasət A A

Bu gün ölkə və dünya mətbuatının əsas müzakirə mövzularından biri xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşlarının Fransada çəkiliş zamanı hücuma məruz qalmasıdır. Hadisə qətiyyətlə pislənilir, Fransa dövlətindən, bu ölkənin hüquq-mühafizə orqanlarından baş vermiş insidentin obyektiv araşdırılması, jurnalistlərə hücum edən şəxslərin müəyyənləşdirilməsi və cəzalandırılması tələb edilir. Baş verən hadisə özünü “demokratiyanın beşiyi” kimi təqdim edib, bu və ya digər dövlətlərdə yaşanan kiçik hadisələri lupa ilə izləməyə adətkar olan Fransada demokratiyanın əslində hansı səviyyədə olduğunu, bu ölkədə demokratik dəyərlərə hörmət edilmədiyini, ən əsası mətbuat azadlığının kobud şəkildə pozulduğunu nümayiş etdirir.

Musavat.com xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, baş vermiş hadisə yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və mətbuat azadlığına, azad medianın inkişafına, jurnalist fəaliyyətinə hücumdur. Ümumilikdə son illər Fransada siyasi və sosial problemlər dünyanın diqqətindədir. Fransa hakimiyyətinin yarıtmaz siyasəti əhalinin haqlı narazılığına səbəb olur. Ölkədə insan hüquqları kobud şəkildə pozulur, mətbuat azadlığı boğulur. Son günlərin müzakirə mövzularından biri də Fransanın Nanter şəhərində polis tərəfindən 17 yaşlı yeniyetmənin qətlə yetirilməsidir. Hadisə irqi, etnik ayrı-seçkilik zəmnində baş verib. Belə ki, qətlə yetirilən yeniyetmə əlcəzair əsilli olub. Fransa polisinin ona tabe olmaqdan imtina edən yeniyetməni soyuqqanlıqla qətlə yetirməsi fransız cəmiyyətində şok yaradıb. Bu ölkədə dərinləşən iğtişaşlar hökuməti narahat etmir, küçələrə çıxan etirazçıların polis zorakılığı ilə qarşılaşması bu ölkədə real vəziyyətin aydın mənzərəsini yaradır. Özbaşınalığı, insan hüquq və azadlıqlarının pozulmasını, həmçinin mətbuata təzyiqləri adi hal kimi qəbul edən Fransa Prezidenti Emmanuel Makronun başı digər dövlətlərin daxili işinə o qədər qarışıb ki, ölkəsində yaşananların çözülməsinə vaxt ayırmaq istəmir. Törədilən iğtişaşlar Fransa hökumətinin yürütdüyü yanlış siyasətin nəticəsidir. Fransa hakimiyyətinin ölkəni idarə edə bilməməsi açıq-aşkar təsdiqlənir. Yaşanan durum xalqın Prezident Makrona və onun administrasiyasına etimadın tam itməsinin göstəricisi kimi dəyərləndirilir. Etirazçıların Emmanuel Makronun hakimiyyətdən getməsi ilə bağlı qəti tələbi və aksiyaların miqyasının genişlənməsi vəziyyətin daha da gərginləşməsindən xəbər verir.

Diqqət çəkən mühüm məqamlardan biri Qərb və Avropa institutlarının susmasıdır. Nə zamanadək beynəlxalq hüquq işləmir, demokratik prinsiplərin tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməyib ədalətli yanaşmadan söhbət gedə bilməz.

Baş redaktor bildirib ki, Azərbaycan vətəndaşı, media nümayəndəsi olaraq insan hüquq və azadlıqlarının pozulmasını, mətbuat azadlığına hücumu qətiyyətlə pisləyir və bir daha qeyd etmək istərdim ki, mətbuat hər bir ölkənin inkişaf səviyyəsinin göstəricisidir. Ölkəmizdə demokratik dəyərlərin inkişafı göz önündədir. Azərbaycanda mətbuat azadlığı yüksək səviyyədə təmin olunub. İnsanlara öz fikirlərini azad şəkildə ifadə etmək üçün bütün imkanlar yaradılıb. Dövrün və zamanın tələbinə uyğun islahatlar digər sahələr kimi mətbuatda da öz əksini tapır. Ölkə əhalisinin 85 faizdən çoxu internet istifadəçisidir. Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil əməldə təsdiq etdiyini 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olunmaqla sübut etdi. Təbii ki, bunları sadalamağımız səbəbsiz deyil. Demokratik prinsipləri hər addımda qoruyan, mətbuat azadlığını yüksək səviyyədə təmin edən Azərbaycan jurnalistlərinin özünü sözdə “demokratiya çarçısı” kimi təqdim edib reallıqda tamamilə fərqli bir mənzərəni yaşayan Fransada üzləşdiyi zorakılıq dünya güclərini, beynəlxalq təşkilatları ciddi düşündürməlidir.

Vüqar Rəhimzadə bildirib ki, bugünün əsas çağırışları sırasında yer alan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təminatı məsələsində də Fransa Prezidentinin beynəlxalq hüquqa sığmayan bəyanatları bu ölkənin siyasətinin nə qədər yanlış olduğunu təsdiqləyir. Azərbaycan Xarici İşlər Nazirliyi AzTV əməkdaşlarının Fransada hücuma məruz qalmasına münasibət bildirərək “Twitter” hesabındakı paylaşımında qeyd edir ki, jurnalistlərə qarşı törədilən bu hücumun qısa müddət ərzində Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, cinayətkarların müəyyən edilərək cəzalandırılacağını gözləyirik. Xarici İşlər Nazirliyi, eyni zamanda, bu günlərdə Fransa prezidenti Emanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə növbəti dəfə Azərbaycan əleyhinə səsləndirdiyi, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirlərinin qəbuledilməzliyini bildirərək onu da əlavə edir ki, Prezident Makronun açıqlaması bir daha onu göstərir ki, o, Fransanın erməni lobbisinin əlində bir alətdir. Onun izahat verməyə çalışdığı erməni icmasının nümayəndəsi məhz o radikal şəxslərdəndir ki, ona qarşı Ermənistan tərəfindən ölkəyə giriş qadağası qoyulub. Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və Qarabağ bölgəsinin ölkəmizin ayrılmaz tərkib hissəsi kimi tanınması fonunda Prezident Makronun bu kimi qərəzli bəyanatları bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətinini daha da genişləndirməsinə rəvac verir.

Baş redaktor belə bir ümumiləşdirməni aparıb ki, beynəlxalq hüquqa və demokraik prinsiplərə hörmətsizlik edən Fransa dövlətlərarası münasibətlərdə əsas amil olan etimad mühitini hər an sıfra yaxınlaşdırır. Fransa demokratik dəyərləri və beynəlxalq hüququ kobud şəkildə pozan bir ölkə kimi dünyada özünü nüfuzdan salmaqda davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR