Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin xanımı Yelenanın Rusiyanın işğalı altındakı Krımda bahalı və elitar penthaus aldığı ortaya çıxıb.
“Reuters” agentliyinin verdiyi məlumata görə, Yelena Zelenskaya bu evi hələ yarımada qəsb olunmazdan qabaq, 2013-cü ilin aprelində əldə edib.
Krımın Livadiya bölgəsində, “İmperator” yaşayış kompleksindəki bu 3 otaqlı penthaus Zelenski ailəsi tərəfindən keçmiş deputat və oliqarx Aleksandr Buryakdan 164 min dollara alınıb.
Vladimir Zelenskinin əsas siyasi hamisi hesab edilən biznesmen İqor Kolomoyski bununla bağlı yaranan suallara cavab verməyi üzərinə götürüb.
Onun sözlərinə görə, bahalı mənzili belə ucuz qiymətə Aleksandr Buryak özü satıbmış.
O, Aleksandr Buryakın həmin vaxtda öz bankında nağd pula ehtiyacı olması səbəbindən bu addımı atdığını deyib.
Rusiyanın Krımı ələ keçirməsindən sonra burada ukraynalılara məxsus mülklərin də qəsb faktı nəzərə alındıqda Yelena Zelenskayanın sahibi olduğu daşınmaz əmlakın taleyi ciddi maraq doğurur.
Musavat.com






