Dünən bir daha Dövlət Bayrağı Meydanının yanında aparılan tikinti işləri ilə maraqlanmaq üçün əraziyə baş çəkib, məhkəmə qərarına etiraz edərək evlərindən çıxmayan Əzizovlar ailəsi ilə görüşdük.

Yoldaşı Emil Əzizovun 36 ildir ki, hərbçi olduğunu və ikinci dərəcəli kapitan rütbəsinə kimi yüksəldiyini söyləyən Svetlana Əzizova deyir ki, insanfsız hökümət qışın bu soyuğunda onları zorla evindən çölə atmağa qərarlıdır: “Bütün lazımi orqanlara müraciət etmişik. Yenə sağ olsun ”Yeni Müsavat" qəzeti ki, hərbçi ailələrinin problemlərini gündəmdə saxlayır. Burada həyət evlərində yaşayan yeganə hərbçi ailəsi bizik. Qalan ailələrin hər birinə 10 min manat verərək evlərini söküblər. “Azvirt” şirkətinin işçiləri bir neçə gün öncə yenidən əraziyə gələrək mən və iki uşağım evdə ola-ola evimizi başımıza uçurmaq istədilər. Lakin ətrafda yaşayan qonşular onlara mane oldular. Bu gün də (dünən- F.İ.) Səbayel Rayon Məhkəməsi evimizin sökülməsi və 10 min manat kompensasiya verilməsi haqda qərar verdi. Biz həmin pula harada ev alaq? İki aydır ki, evin qazını, suyunu və işığını kəsiblər. Axı biz dövlət qulluqçusuyuq. Ömrümüzün yarısını bu dövlətə xidmətə həsr etmişik. Məktəbli uşaqlarım şam işığında dərs oxuyur. Kiçik qızıma evdə iki-üç dəst paltar geyindirirəm ki, donmasın".

S.Əzizova deyir ki, Bayıl qəsəbəsində Bayraq Meydanı yaxınlığından keçən 2 kilometrlik yolun yenidən qurulması və əsaslı təmiri başlayanda onların da evi bu plana düşüb və 101 nömrəsi ilə invertarlaşdırılıb: “Həmin yolun çəkilişinə dövlət büdcəsindən 65 milyon manat ayrılıb. Bizim kimi bir neçə ailənin evi həmin yolun üzərinə düşür. Həmin layihədə nəzərdə tutulub ki, dövlət əhəmiyyətli magistral yolun çəkilişi üçün plana düşən evlər köçürülsün, sahiblərinə isə kompensasiya verilsin. Bu işlərin icrasını həyata keçirən Hərbi Dəniz Qüvvələrinin komandiri, vitse-admiral Şahin Sultanov 28 ailəyə verilməli olan kompensasiyanı mənimsəyərək ailələri bir-bir məhkəməyə verərək, onlara yalnız 10 min manat ödəyir və evimizi başımıza uçurdur. Biz məhkəmədə də dedik ki, evimizin hər kvadrat metri üçün 1500 manat pul istəyirik. Əks təqdirdə, sona kimi mübarizə aparacağıq və evimizdən çıxmayacağıq”.
“Baku Crystal Hall”ın tikintisi Bayıl sakinlərinə cəhənnəm əzabı yaşadır...

Bakıda “Eurovision 2012" müsabiqəsinin keçirilməsi ilə bağlı tikinti işləri bir qədər də sürətləndirilib. Artıq Bayıl yamacında əlavə bərkitmə işlərinə başlanılıb və hazırda ərazidə park salınır. Eyni zamanda mahnı müsabiqəsinin keçiriləcəyi məkana gedən yolun ətrafında yenidənqurma işlərinə start verilib. Bayıl yamacında uzun illərdən bəri fəaliyyət göstərən ”40 pilləkən" də yenidən qurulur. Bayıldan şəhər istiqamətinə gələn magistral yolda isə günün bütün saatlarında tıxac yaşanır. Buna səbəb isə ərazidə tikinti işlərinin aparılması, Bayıl yolunun genişləndirilməsidir.

Ərazidə olarkən öyrəndik ki, “Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi arenada işlərin 50 faizi tamamlanıb. Zalın təxminən 1200 tonluq damı isə artıq hazırdır. Kompleksin tikinti prosesində iştirak edənlərin sayı 500 nəfərdən 1000 nəfərə çatdırılıb.
Tikinti işləri isə Almaniyanın məşhur “ALPİNE Bau Deutchland AG” şirkəti tərəfindən aparılır.







