İnsanlara hürriyət, millətlərə istiqlal!

“Virusdan sonra məğlub olacaq ən böyük dəyər demokratiya olacaq” – politoloq

343 17.04.2020 18:29 Gündəm A A

Dünyanın əsas bəlasına çevrilən koronavirus  bir sıra yerlərdəki münaqişə ocaqlarını səngidib. Təsadüfi deyil ki, virusun dəhşətə çevrildiyi son bir ayda münaqişələrin mərkəzində dayanan Yaxın Şərqdə toqquşma hallarına az  rast gəlinir. Ekspertlər bunun təsadüfi olmadığını vurğulayırlar. Əksər münaqişə ocaqlarında baş rolda çıxış edən dünya güclərinin, xüsusilə, iki supergücün - ABŞ və Rusiyanın başının daxilindəki virusu aradan qaldırmağa qarışdığı vurğulanır. 

Lakin beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova münaqişələrin səngidiyi barədə deyilənlərlə razı deyil: “Koronavirus heç bir münaqişənin, o cümlədən Yaxın Şərqdə baş verən münaqişələrin həllinə təsir göstərə bilməz. Bu, tamam ayrı bir məsələdir. Gördüyümüz kimi, Suriyada, Liviyada, Yəməndə münaqişələr və qanlı toqquşmalar davam etməkdədir. Qarabağ separatçıları karantin dövründə qondarma “seçkilər” keçirdi, Yəməndə Cənub Keçid Şurası adlı separatçı hərəkat yenə də toqquşmalara davam edir, Suriyada Türkiyə və Rusiya martın əvvəllərində əldə edilmiş razılaşmalara əsasən birgə fəaliyyət göstərir və s. Əslində münaqişələr yenə də davam edir, heç bir səngimədən söhbət getmir, sadəcə, media öz diqqətini ilk növbədə koronovirus məsələsinə yönəldib və əsas xəbər başlıqlarında bununla bağlı xəbərlər yer alır deyə, biz münaqişələrlə bağlı vəziyyətin səngidiyini düşünürük. Əksinə, Yaxın Şərqdə vəziyyət daha gərgindir və koronavirus məsələsi başa çatdıqdan sonra miqrantların vəziyyəti xeyli pisləşə bilər. Koronavirus dünyada dövlətlərarası gərginliyi daha da artırıb. Məsələn, Almaniya kimi dünya iqtisadiyyatının nəhənglərindən biri Avstriya və İsveçrənin Çindən aldığı maska, süni tənəffüs aparatları və digər vasitələri ərazisindən tranzit yük qismində keçərkən mənimsədiyi üçün alman səfiri bu ölkələrin XİN-i tərəfindən “qırmızı xalı”ya dəvət olunub ki, bunun diplomatik dildə mənası hesabat vermək deməkdir. Pandemiya fonunda bu, tək belə siyasi-diplomatik qalmaqal deyil. Məsələn, ABŞ Hərbi-hava qüvvələrinə məxsus Boeing-C 17 Globemaster III markalı hərbi-sərnişin təyyarəsinin İtaliyanın şimalında Aviano hərbi bazasında yerə enərək Breşia şəhərindəki Copan Diagnostics Inc, özəl laboratoriyasından koronavirus testlərini və digər ləvazimatları yükləyərək Amerikaya daşıması böyük siyasi gərginliyə gətirib çıxarıb. Almaniya hökuməti yanındakı Böhran mərkəzi ölkədən tibbi maska, əlcək, qoruyucu geyimlərin çıxarılmasına qadağa qoydu və yalnız humanitar missiyalar məqsədilə bu məhsulların çıxarılmasına icazə verdi. Bundan əvvəl isə Rusiya hökuməti 17 adda koronavirusdan qorunma vasitəsinin ölkə hüdudlarından çıxarılmasına iyun ayının 1-dək qadağa qoydu. Ukrayna və digər ölkələr də eyni cür addım atdılar. Bu misallardan da göründüyü kimi, ölkələr yazılmış və yazılmamış bir çox qanunları pozaraq, mənəviyyat və hüquq normalarını görməzdən gələrək imkan çatdığı qədər hər biri öz əhalisinin qayğısına qalmaqla qlobal pandemiyanın yayılmasının qarşısını almağa çalışırlar”.

Ekspert fikirlərini bu cür davam etdirdi: “Qeyd etdiyimiz kimi, miqrant məsələsi daha da gərginləşərək Türkiyə və Avropa Birliyi arasında yenidən ziddiyyətləri dərinləşdirəcək. Məlum olduğu kimi, Avropa Birliyi Türkiyəyə 4 milyon suriyalı qaçqına görə 6 milyard avro ödəməyə söz versə də, indiyədək bu vədini tam yerinə yetirməyib. Eləcə də, avropalılar pandemiyadan miqrantları potensial təhlükəli xəstəlik daşıyıcıları kimi diskriminasiyaya məruz qoymaqda davam edəcəklər. Nəticədə, həm miqrantlarla yerli əhali arasında narazılıq baş qaldıracaq, həm də radikal partiyalar hakimiyyətə gəlmək uğrunda bu vəziyyətdən istifadə edərək demokratik sol partiyalarla mübarizəni daha əminliklə siyasi arenada sıxışdırmaq fürsəti əldə edəcəklər. Beləliklə də, dünyada bu virusdan sonra uduzacaq, məğlub olacaq ən böyük dəyər demokratiya olacaq. Bunu iki tərəfdən izah etmək olar: ABŞ və Avropa kimi ölkələr virus pandemiyası qarşısında aciz qalacaq, on minlərlə insanın həyatını itirməsi, demokratik ölkələrin belə bu vəziyyətə hazırlıqsız olması onların dünyadakı nüfuzunu sarsıdacaq. Həmçinin bəzi avtoritar və qeyri-demokratik hakimiyyətlər, rejimlər mövcud vəziyyətdən istifadə edərək vətəndaşların azadlıqları və demokratik haqlarını məhdudlaşdırmağa çalışırlar. Təəccüblü də olsa, qeyd etmək lazımdır ki, demokratik ABŞ və Avropadansa avtoritar Çin pandemiyanın öhdəsindən daha səmərəli şəkildə gəlmiş kimi görünür. Terror kimi koronavirus bəlası da əhalinin karantin və fövqəladə vəziyyət rejimi altında hüquqlarının könüllü məhdudlaşdırılmasına şərait yaradır. Beləliklə, “demokratiyalar heç zaman vuruşmur” ideyası beyinlərdə “demokratiyalar yalnız öz əhalisinin qayğısına qalır” ideyası ilə əvəzlənə bilər. Silahlı münaqişələr davam edəcək və buraya dövlətlərlə dövlətlər (bir sıra ölkələrin pandemiya yayılmasında Çini ittiham etməsi və təzminat tələb etməyə hazırlaşması kimi), dövlətlərlə təşkilatlar (ABŞ və Ümumdünya Səhiyyə Təşkilatı) arasında, eləcə də transmilli şirkətlər (bir sıra ölkələrin əhalisinin virusun yayılmasında 5G texnologiyası və Microsoft şirkətini ittiham etməsi) və s. münaqişələr alovlana bilər”.

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR