Azərbaycan və dünya 1 ildən çoxdur ki, COVİD19 bəlası ilə amansız mübarizədədir. Pandemiya qabarma-çəkilmə şəklində yayılaraq gah infeksiyaya yoluxmalar azalır, gah artmaqdadır. Bu gedişatdan asılı olaraq ölkələr bu müddət ərzində karantin rejimlərini sərtləşdirmək və yumşaltmaq yollarını seçirlər.
Lakin faktiki pandemiya öz işini görməkdədir. Azərbaycanda da Novruz bayramı ərəfəsindən başlayaraq bu günə kimi epidemiyaya yoluxanların sayında yenidən kəskin artım müşahidə olunur. Artıq gündəlik yoluxma sayı 2000-i keçir, ölənlərin sayı isə hər gün 30-a yaxınlaşır.
Baxmayaraq ki, bayram tətili günlərində ictimai nəqliyyat xidmət göstərmədi, metro çoxdan bağlıdır, bununla yoluxmanın azalacağı proqnozlaşdırılırdı, amma koronavirus xəstələrinin sayı günbəgün artmaqdadır. Eyni zamanda yoluxmanın aşkarlandığı ayrı-ayrı təhsil müəssisələri qapadılır, vaksinasiya sürətlə gedir, yenə də yoluxma artan temp üzrə inkişaf edir.
İnfeksionist Vüqar Cavadzadə deyib ki, gündəlik yoluxma sayı artıqca ölüm halları da artacaq. Bəs bu halda nə etməliyik? Təzədən, baharın günəşli günlərində yenə evə qapanmalıyıq?
Sərt karantinə keçid effekt verə bilərmi? Açıq havada maska taxmaq məcburiyyəti qarşıdan gələn isti hava günlərində aradan qaldırılmalıdırmı?
Toy və yas məclislərinin ənənəvi təşkilinə nə zaman icazə verilə bilər? Biz normal həyatımıza nə vaxt qayıdacağıq? Virusun yeni yayılmaqda olan “Britaniya ştammı” əvvəlkindən nə ilə fərqlənir, nə dərəcədə təhlükəlidir?
Bundan əlavə, yaya qədər - aprel və may aylarında sərt karantin olacağı deyilir. Xəstəlik artıb, o cümlədən ölüm halları da. Xristian dünyası Pasxaya, müsəlman aləminin Ramazana hazırlığı bu riski daha da artırıb. Bununla yanaşı, son zamanlar sosial şəbəkələrdə ölkəmizdə vaksinasiya prosesi ilə bağlı müxtəlif xoş olmayan iddialar dolaşmağa başlayıb.
Bildirilir ki, bəzi yerlərdə tibb işçiləri vaksinin bir dozasını iki nəfərə bölür. “Peyvəndlənmənin birinci hissəsi qaydalara uyğun aparılsa da, indi poliklinikalara lazım qədər peyvənd verilmir və ona görə də bir peyvənd iki nəfərə vurulur", - deyə iddia olunur.
Başqa tərəfdən, peyvənd olmaq istəməyən, lakin immunizasiya pasportunu (vaksinasiyadan keçməsi haqqında sənəd) almaq istəyən, bununla bağlı həkimlərə üz tutan və hətta müxtəlif yollarla buna nail olan şəxslərin mövcudluğu barədə da iddialar yayılıb.
Bütün bu sualları MusavatTV-nin efirində “Həftə içi” proqramında Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, deputat, Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov cavablandırır.
Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






