VİP Leyla Yunusun saxlanılması və ona qarşı kobud davranılmasıyla bağlı bəyanat yayıb
Vətəndaş və İnkişaf Partiyası (VİP) Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus və onun həyata yoldaşı Arif Yunusun hüquq-mühafizə orqanları tərəfindən saxlanması, eləcə də onlara qarşı kobud davranılmasıyla bağlı bəyanat yayıb.
VİP-in mətbuat xidmətindən müsavat.com-a daxil olan həmin bəyanatı diqqətinizə çatdırırıq:
“Azərbaycan hakimiyyəti ölkə vətəndaşlarının hüquq və azadlıqlarının nümayişkar surətdə pozulmasına yönəlik daha bir rəzalətə imza atıb. Ötən gecə tanınmış hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus həyat yoldaşı ilə birgə saxlanılıb.
Bu zaman onun saxlanılmasını həyata keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları L.Yunus və həyata yoldaşı Arif Yunusa qarşı kobud davranmaqla, onların qanuni tələblərinə məhəl qoymamaqla yanaşı, Leyla xanıma münasibətdə milli əxlaqa zidd qəbuledilməz hərəkətlərə yol veriblər.
Bundan başqa, səhhətlərində ciddi problem olan L.Yunus və A.Yunusa qarşı qeyri-insani davranışlar nəticəsində adları çəkilən hər iki şəxs ciddi əsəb sarsıntısına məruz qalıb, sonuncu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Vətəndaş və İnki.af Partiyası (VİP) L.Yunusla A.Yunusun bu formada saxlanılmalarını və mənəvi-psixolji təzyiqlə üzləşmələrini ölkədə insan hüquqlarının növbəti kobud pozuntusu, hakimiyyətin qanunsuz əməllərinin davamı kimi qiymətləndirir.
Hüquq-mühafizə orqanları əməkdaşlarının L.Yunusa qarşı yolverilməz davranışı isə sadəcə hüquq pozuntusu deyil, insan ləyaqətinin ən rəzil formada alçaldılmasıdır. VİP ölkənin tanınmış alimləri, milli-azadlıq hərəkatının fəal iştirakçıları, tanınmış hüquq müdafiəçiləri olan L.Yunus və Arif Yunusa qarşı təzyiqləri qətiyyətlə pisləyir, onların qanuni müdafiə hüquqlarının təmin olunmasını tələb edir.
Eyni zamanda, VİP L.Yunusa qarşı alçaldıcı hərəkətə yol vermiş hüquq-mühafizə orqanlırı əməkdaşlarının bu əməlinin ciddi araşdırılmasını, buna görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edərək, növbəti dəfə hakimiyyəti bu kimi qanunsuzlaqlara son qoymağa çağırır”.






