Proses başlanan kimi AXCP Gəncələr Təşkilatının sədri Əblülfəz Qurbanlı əlavə şahid qismində dindirildi. O, bildirdi ki, E.Məcidli partiyanın gənclər təşkilatının üzvü olub. Onun sözlərinə görə, E.Məcidli partiyada nizam-intizamlı üzv kimi tanınıb. Onun bildirdiyinə görə, E.Məcidli ölkədə insan haqlarının tapdanılmasına etiraz edib: “2 aprel mitinqində də Elnur Məcidli cəhbəçi gənclər kimi iştirak edib. Onunla mitinq başlanandan sona kimi bir yerdə olmuşuq, onun artiq-əskiki hərəkətləri olmayıb. Elnur Məcdiliyə verilən ittihamlarda absurddur. Çünki biz aksiya zamanı zorakıığın əleyhinə olmuşuq, aksiyanın dinc keçirilməsini nəzarətdə saxlamışıq. Bu aksiyada Elnur Məcidliylə birlikdə olmuşuq, Elnur çalışıb ki, aksiya zamanı zorakılıq olmasın. Ona görə də Elnurun polis əməkdaşlarına zorakılıq göstərməsi, obyeklərin şüşəsinin sındırması cəfəngiyyatdır. Bu ittihamlar gülünc doğurur. Çünki bu şəxslər siyasi sifatrişlə həbs ediliblər. 21 may 2005-ci ildə keçirilən aksiya 2 aprel 2011-ci il tarixdə keçirilən aksiyadan qat-qat güclü olmuşdu. Lakin həmin vaxt heç bir cinayət işi başlanmamışdı. Lakin bu dəfə hüquq-mühafizə orqanları dərhal cinayət işi başladılar, səbəb isə məlum idi. Ərəb ölkələrində başlayan inqilablardan hakimiyyət qorxuya düşmüşdü. Bu həbslərdə həmin ərəb inqilablarının dalğası ilə bağlıdır”.
Daha sonra sualları cavablandıran şahid bildirdi ki, E.Məcidlin aksiya zamanı “ES-Klap” aptekinin şüşəsini sındırmayıb. Həmin ittihamın cəfəngiyyat olduğunu diqqətə çatdıran Ə.Qurbanlı qeyd etdi ki, aksiya zamanı dağıntılara yol vermək üçün meydana çıxmayıblar: “Biz obyektlərə daş atmamışıq. Etirazımız 2 milyon gəncin hüquqularının pozulması ilə bağlı olub. Biz akskiya zamanı təxribatların qarşısının alınmasına çalışırdıq. Çünki bizə əvvəlcədən məlum idi ki, hakimiyyət tərəfindən aksiyada təxribatlar olacaq”.
Aksiya zamanı R.Hacıbəylinin də onunla bərabər olduğunu deyən Ə.Qurbanlı bildirdi ki, R.Hacıbəyli aksiya zamanı qanun pozuntusuna yol verməyib. R.Hacəbyəlinin polis maşınlarına ziyan vurmasının şahidi olmadığını deyən Ə.Qurbanlı bildirdi ki, əksinə polis əməkdaşları tərəfindən mitiniq iştirakçılarına vəhşilik nümayiş olunurdu.
Daha sonra Ə.Məmmədlinin vəkili Yalçin İmanov bildirdi ki, müdafiə etdiyi şəxsin həbsdə qalmasının səbəblərindən biri də şahidlərə təzyiqlər göstərməsi ilə bağlıdır. Ittiham tərəfinin şahidlərinin dindirilməsinin başa çatdığını deyən vəkil bildirdi ki, Ə.Məmmədlinin də şahidlərə təzyiq göstərməsi ilə bağlı iddia ortadan qaldırılmış olur. Vəkil Ə.Məmmədlinin barəsində seçilmiş həbs qəti imkan tədbirinin dəyişdkirilərək onun barəsində həbs olmayan qəti imkan tədbiri ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldırdı. Hakim vəkilin vəsatətini təmin etmədi.
Bundan sonra prosesdə R.Hacıbəyli ifadə verdi. O, bildirdi ki, 2 aprel mitinqində könüllü şəkildə iştirak edib. Onun sözlərinə görə, aksiyada iştirak etməsi üçün heç kimdən göstəriş almayıb: “Mənim mitinqə çıxıb, etiraz etmək hüququm var. Bu hüququmda sərbəst toplaşmaq haqqında qanunla tənzimlənir. Bu hüququmdan da istrifadə edərək, meydana çıxmışam”.
İttiham aktından göründüyü kimi avtobusa ayağı ilə ziyan vurduğunu deyən R.Hacıbəyli bildirdi ki, həmin ittiham həqiqətə uyğun deyil. R.Hacıbəyli həmin ittihamın istintaqın uydurması olduğunu bildirdi. Vəkil Osman Kazımov bildirdi ki, həmin ziyan dəymiş avtobus məhkəmə zalına gətirilməlidir. Vəkil qeyd etdi ki, məhkəmə zalında R.Hacəbəylinin ayağı ilə avtobusda necə ziyan vurması müəyyən edilməlidir. Lakin hakim bu məsələyə münasibət bildirmədi. Daha sonra ifadəsini davam etdirən R.Hacəbəyli məhkəmədə müdafiəsiz qaldığını bildirdi. Cinayət işində ona qarşı sürülmüş ittihamların detalları ilə vəkili Elçin Namazov yaxından tanış olduğunu bildirən gənc fəal qeyd etdi ki, müdafiə hüququ gobud şəkildə pozulub.
Daha sonra məhkəmədə E.Məcidli ifadə verdi. O bildirdi ki, qanunsuz və əsassız olaraq həbs edilib. Onun sözlərinə görə, aptekin şüşəsinin sındırılması da əsassızdır. O, qeyd etdi ki, aptekin şüşəsinin sınıdıran şəxsin çeçenka papaqlı bir idmançı görkəmli şəxs olduğunu onunla yanaşı digər mitinq iştirakçıları da görüb. Lakin polis həmin şəxsi tutmağa maraqlı olmayıb. Gənc fəal daha sonra qeyd etdi ki, mitinq iştirakçılarına Çevik Polis Alayının əməkdaşları dəhşətli şəkildə vəhşilik edirdilər. Mayın 11-də Nəsimi rayon Polis İdarəsinə çağırıldığını deyən E.Məcidli bildirdi ki, həmin vaxt şahid qismində dindirilib: “Nəsimi rayon Polis İdarəsində məni Bakı şəhər Prokurorluğunun müstəntiqi Fərid Nağıyev qarşıladı. Fərid Nağıyev əvvəlcə məni şahid qismində dindirdi. Bir qədər sonra gələrək zəng gəldiyini bildirdi və dedi ki, şübhəli şəxs qismində saxlanılıram”.
E.Məcidlinin vəkili Xalid Bağırov bildirdi ki, müvəkkilinin hüquqları pozulub. E.Məcildlinin şahid qismində dindirilmə protokollarına istinad edən X.Bağırov bildirdi ki, müstəntiq gənc fəala ittiham edici suallar verib. Bu faktı əsas gətirən vəkil müstəntiqini əlavə şahid qismində məhkəməyə çağırılması barədə vəsatət qaldırdı. Lakin hakim vəsatəti əsassız hesab edərək təmin edilməməsi barədə qərar verdi. Daha sonra prosesdə əlavə şahid qismində AXCP üzvü Ceyhun Nəbiyev ifadə verdi. O, bildirdi ki, aksiya zamanı E.Məcidlinin qeyri-qanuni hərəkətinin şahidi olmayıb. Şahid E.Məcidlinin siyasi sifarişlə həbs edildiyini qeyd etdi. Şahidin dindirilməsi başa çatdıqdan sonra hakim cinayət işində olan maddi sübut kimi tanınmış ANS, İTV, ATV və Xəzər TV-nin aksiya zamanı çəkdiyi çəkilişlər nümayiş etdirildi. Montaj olunmuş video görüntülərdən də məlum oldu ki, mühakimə olunan gənc fəallar akasiya zamanı qanun pozuntusuna yol verməyib. Ümumi keçirilən aksiyanın nümayış etdirilməsini deyən vəkillər həmin görüntülərin cinayət işinə aid olmasına dövlət ittihamçısından aydınlıq gətirməsini istədilər. Lakin dövlət ittihamçısı vəkillərin çoxsaylı suallarına cavab verə bilmədi. Hakim daha sonra cinayət işində olan sənədləri elan etdi. Hakim bildirdi ki, polis Sevindik Dadaşovla Elnur Məcidlinin üzləşdirmə sənədləri sübutlar siyahısından çıxarılıb. E.Məcidlinin vəkili Xalid Bağırov polis əməkdaşları - Elməddin Zeynalov və Namus Atakişiyevlə bağlı tanınma sübutlarının taleyi ilə matraqlandı. Hakim bildirdi ki, E.Zeynalov bu cinayət işi üzrə nə ibtidai istintaq zamanı, nədə məhkəmə istintaqı zamanı dindirilməyib, buna görə də onunla bağlı sübut kimi tanınmır. Bundan əlavə hakim bildirdi ki, cinayət işi üzrə qərar çıxarılarkən məhkəmə istintaqı zamanı araşdırılan sübutlara istinad ediləcək. Hakim məhkəmə istintaqının yekunlaşdırığını elan etdi və ittiham nitqi ilə çıxış etməsi üçün dövlət ittihamçısına söz verdi. Dövlət ittihamçısı çıxışa hazır olmadığını bildirdi və hazırlaşmaq üçün vaxt istədi. Dövlət ittihamçısının istəyini nəzərə alan hakim məhkəmənin davamını oktyabrın 4-ü, 11.00-a kimi təxirə saldı.
E.MƏMMƏDƏLİYEV






