Vidadi Mirkamal: "QMİ çalışır ki, fəaliyyəti ictimaiyyətin nəzərindən kənarda qalsın"
Son günlər DEVAMM sədri Hacı İlqar İbrahimoğluna qarşı bəlli mediada kampaniya başladılıb. Buna səbəb Hacı İlqar İbrahimoğlunun "Roma Papası, Qafqaz Müsəlmanlar İdarəsi, dünyada və ölkədə dini durum və digər barədə" müsahibəsi olmuşdur. Məsələ ilə bağlı Deyerler.org-a münasibəti açıqlayan İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal bildirib: "Mən o müsahibəni oxumuşam və gözləməzdim ki, o müsahibəyə əlaqədar şəxslər, o cümələdən də şeyximiz belə reaksiya verər. Görünür soğan yeyiblər, içləri göynəyir. Mənə elə gəlir ki, həmin müsahibədə Hacı İlqar Azərbaycanda dini azadlıqla bağlı və dini təsisisatlarla bağlı fikirlərini ifadə edib, bu fikirlərə də hörmət olunmalıdır. Əslinə qalanda Hacı İlqar özündən nəsə olmayan bir şey deməyib ki, orada. Hacı İlqarın dedikləri həqiqətdir və həmin həqiqətə də sadəcə bu formada reaksiya verən şəxslər görünür çox narahatdırlar ki, bu həqiqətlər deyilməsin. Düşünürəm ki, belə həqiqətlər nə qədər çox deyilsə - daha çox faydalıdır. Bizim ölkəmizdə ən qapalı və ən mübhəm sahə - dindarlarla bağlı sahədir, şeyxin rəhbərlik etdiyi QMİ hər dəfə çalışır ki, onların fəaliyyəti ictimaiyyətin və insanların nəzərindən kənarda qalsın ki, onların nə işlə məşğul olduğunu heç kim bilməsin. Amma bu müsahibə bizim dindarlara və dini etiqad azadlığına gerçək töhfədir".






