İnsanlara hürriyət, millətlərə istiqlal!

Vidadi Mirkamal: “İctimai Palata o halda buraxıla bilər ki, Milli Şura tam formalaşsın"

874 19.12.2013 08:35 Siyasət A A
Uzun müddətdir fəaliyyəti zəifləyən İctimai Palata ilə bağlı aparıcı müxalifət partiyalarında fərqli yanaşmalar müşahidə olunur. Qurum üzvü olan AXCP təmsilçiləri İP-in öz missiyasını başa vurduğu və fəaliyyətinə ehtiyac olmadığını, Müsavat təmsilçiləri isə İP-in öz missiyasını hələ bitirmədiyi və mövcud olduğunu bildirirlər.

Bəs İctimai Palatanın Koordinasiya Şurasının bu iki partiyadan olmayan üzvləri necə hesab edirlər, İP missiyasını başa vurubmu, müxalifətə İP lazımdırmı?


Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal hesab edir ki, İctimai Palata son üç ildə Azərbaycanın demokratik düşərgəsinə böyük töhfələr etmiş, ictimai-siyasi həyatı zənginləşdirmiş unikal təşkilatdır. Burada ən müxtəlif spektrlərin nümayəndələri təmsil olunurlar: “Üç il ərzində İctimai Palata çox normal fəaliyyət göstərib. Müxalifətin güc mərkəzi olub. İctimai Palatanın sırasında 17 nəfər vicdan məhbusu olub, bu qurum gərgin mübarizə yolu keçib, bütövlüyünü də qoruyub. İctimai Palata siyasi səhnədə orijinallığı ilə seçilən təşkilatdır. Milli Şura yaradılandan sonra İctimai Palatada fəaliyyət bir qədər səngidi. Buna da təbii baxmaq lazım idi. Çünki İctimai Palatadakı qurumlar, şəxslərin çoxu Milli Şurada təmsil olundular. Amma İctimai Palata buraxılmadı və buraxılmayıb. İctimai Palata o zaman rəsmən buraxıla bilər ki, Milli Şura ondan üstünlüyünü sübut edə bilsin, həya qabiliyyətli bir orqana çevrilə bilsin. Hələ ki Milli Şura buna nail ola bilməyib. Milli Şuranın hətta yerlərdə şöbələri yoxdur. Amma İctimai Palatanın çoxlu rayonlarda şöbələri yaradılıb. Koordinasiya Şurası son aylara qədər müntəzəm toplantılarını keçirirdi. Bunları müqayisə edəndə İctimai Palatanın xeyrinə vəziyyət ortaya çıxır. Milli Şura təşkilati baxımdan hələ ki lazımi səviyyədə formalaşa bilməyib. Amma siyasi baxımdan Milli Şura daha böyük orqandır, seçkidə bunu göstərə bildi. Hazırkı vəziyyətdə İctimai Palata lazımdır. İctimai Palata o halda buraxıla bilər ki, Milli Şura tam formalaşsın, yerli təşkilatları yaradılsın”.


Koordinasiya Şurasının üzvü, Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri Rafiq Manaflı isə modern.az-a bildirib ki, uzun müddət İctimai Palatanın fəaliyyətinin davam etdirilib-etdirilməməsi ilə bağlı müzakirə aparılıb və şəxsən o, İP-in saxlanmasının tərəfdarı olub. Amma indiki siyasi şərait bu qurumun fəaliyyətinə ehtiyac duymur: “İctimai Palatada təmsil olunan siyasətçilərin əksəriyyəti Milli Şuraya qoşulub. Eyni insanların iki qurumda təmsil olunması gərəksizdir. Düzdür, İctimai Palata Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rol oynadı. Milli Şuranın formalaşdırılmasında, vahid namizədlə seçkilərə qatılmasında böyük işlər gördü. Artıq Milli Şura yaranıb, bu format daha genişdir. Ona görə də İctimai Palatanın fəaliyyət göstərməsinə ehtiyac görmürəm. Qurumu buraxmamaq və fasilə götürmək olar, müəyyən müddətdən sonra ehtiyac olarsa, yenidən fəaliyyətini canlandırmaq mümkündür”.

R.Manaflının sözlərinə görə, İctimai Palatanın buraxılması kimdənsə asılı deyil: “İP-in fəaliyyətini davam etdirməklə, Milli Şurada müəyyən pozuntular yaratmaq düzgün deyil. Bilirsiniz, qurumun dönəm sədri İsa Qəmbərdir. Üç aydan çoxdur ki, sessiya keçirilmir. Sessiyalar çağırılmırsa, deməli, İP fəaliyyət göstərmir”.

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR