İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəzifəli şəxslərdən və məktəb direktorundan şikayət edən bağça müdirəsinə cinayət işi açılıb - TƏFƏRRÜAT

2656 28.09.2022 17:58 Kriminal A A

Şirvan şəhəri, 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının müdiri Elmira Səfərova işdən çıxarılıb. Ardınca isə barəsində cinayət işi açılıb. E.Səfərova iddia edir ki, yerli məmurlar ondan qisas alır.

Musavat.com xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanıb.

E.Səfərova bildirir ki, Şirvandakı baxçalarda kütləvi hal daşıyan pozuntularla bağlı baş prokurora müraciət etdikdən sonra başına bu işlər gəlib.

“2022-ci ilin iyununda baş prokuror Kamran Əliyevə şikayət ərizəsi göndərdim. Ərizədə Şirvandakı bağçalarda kütləvi hal daşıyan pozuntularla yanaşı, Şirvan şəhər İcra Hakimiyyətində sektor müdiri-baş mühasib vəzifəsində işləyən Həzi Qasımov, keçmiş Şirvan şəhər təhsil şöbəsinin müdiri və hal hazırda Şirvan-Salyan Regional Təhsil İdarəsini müdir müavini Rövşən Allahverdiyevin, həmçinin hazırda 13 saylı orta məktəbin direktoru işləyən, Təhsil Nazirliyinin yazılı əmri olmadan uzun müddət qeyri-qanuni olaraq Şirvan şəhər 16 saylı məktəbin direktoru vəzifəsini icra etmiş və həmin dövrdə bütün maliyyə-təsərrüfat sənədlərinə imza etmiş Aynurə Rzayevanın əməlləri ilə bağlı məlumat verdim.

Adını qeyd etdiyim Həzi Qasımov daha öncə uzun illər Şirvan şəhər Maliyyə idarəsinin rəisi işləyib. Aynurə Rzayeva da İcra Hakimiyyəti başçının müavini–Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayevin baldızıdır.

Şikayətimdə adlarını çəkdiyim bu şəxslər göründüyü kimi şəhər səviyyəsində yüksək vəzifə daşıyırlar və məhz bu səbəbdən onların əməllərinə qiymət verilməli olması üçün Şirvan şəhər prokurorluğuna deyil, Baş prokurorluğa və digər qurumlara yazılı müraciət etdim, lakin təəssüf ki, şikayətim araşdırılması üçün Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə deyil, Şirvan şəhər prokurorluğuna göndərildi”- deyə şikayətçi müraciətində qeyd edir.

Onun sözlərinə görə, müraciətindən bir ay sonra rəhbəri olduğu bağçada yoxlama aparılıb:

“Görünən odur ki, mənim şikayətimin araşdırılmasına mane oldular. Qısa müddətdə mənim barəmdə israf etmə ilə bağlı cinayət işi başlanıldı, işdən çıxarıldım.

Baş prokurorun Şirvandakı qəbuluna yazıldım. İşin yenidən araşdırılması üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş etdim. Amma cənab Kamran Əliyevə müraciət təqdim etməyimə baxmayaraq yenə də Şirvan Şəhər Prokurorluğuna çağırıldım. Bu çağırışdan öncə isə mənə Baş prokurorluqdan müraciətlərimdə göstərdiklərim xüsusatlara heç bir aidiyyəti olmayan cavab məktubu verildi.

Bir daha xüsusilə vurğulayıram ki, ilk əvvəl geniş şikayət ərizəsi ilə müraciət etdim, müraciətim araşdırılmadı, sonra özüm işdən çıxarıldım və şikayətlərimə son qoymaq üçün təsir vasitəsi kimi barəmdə Şirvan Şəhər Prokurorluğunda cinayət işinin başlanıldı. Hesab edirəm ki, həm şikayətimin, həm barəmdə sifarişlə başlanılmış cinayət işinin Şirvan Şəhər Prokurorluğunda hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilmədiyindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməlidir”.

Mövzu ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasında yol verilmiş israf etmə faktları əsasında şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanıb:

“İstintaq olunan cinayət işi üzrə çoxsaylı şahidlərin dairəsi müəyyən edilərək ifadələri alınıb, müvafiq ekspertizalar təyin edilib və cinayət törətmiş şəxsin müəyyən edilməsi üçün digər zəruri istintaq hərəkətləri icra edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”.

Aşağıda təqdim etdiyimiz sənədlərdə Şirvan şəhərindəki 16 saylı məktəbdə dövlət büdcəsinə ziyan vurulması ilə bağlı 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin araşdırmasının olduğunu görürük. Həmin müddətdə məktəbə Aynurə Rzayeva rəhbərlik edib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR