İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətənin yavan çörəyi və əcnəbinin kökəsi...

1975 16.11.2019 11:11 Yazarlar A A

…Elə indiki kimi - gah istisi ilə yandıran, gah soyuğu ilə üşüdən- «dəymə-düşər» bir boz payız ayları idi. Seçki ehtirasları soyumuş, çoxları yaxşı həyat arxasınca xaricə getmək üçün sıraya düzülmüşdülər.

Payızın havası kimi dəyişkən əhval vardı - xaricə gedib-getməmək kimi tarixi qərar barədə tərəddüdlər içində olanlardan biri də bəndəniz idi…

Artıq zaman yox idi, qərar vermək lazım gəlirdi. Daşdan keçən sənədlərim, hətta ABŞ Dövlət Departamentinin bəyanatında adım da vardı. Tərəddüdlər üçün səbəblər çox idi, daha çox isə atamın son əmanətini - anamı qoyub getmək arıma və ağrıma gəlirdi. Baxmayaraq ki, o da getməyimə qarşı deyildi.

Gedənlər getdi, qalanlar qaldı. Qalanlar üçün 15 il əvvəl bir yazı yazdım: «Gecə gələn telefon zəngləri». Məzmunu bu idi ki, getməməyimin səbəbini hamının anlayacağı dildə izah etmişdim. Təxminən belə ki, gecənin bir aləmi qərib ölkədə gecə gələn telefon zəngi ilə «anamızı itirdik» desələr, mən o yad diyardan necə gəlib övlad kimi son borcumu yerinə yetirəcəm... Gedənlərin möhkəm xətirlərinə dəydi. Halbuki kimsəni intcitmək fikrim yox idi. O zamandan çox sular axıb. Tale məni bu seçimimə görə «mükafatlandırdı»da - anam qollarımın arasında dünyamızdan getdi…

O zamandan miqrant, qaçqın - adına nə deyirsiz, o olsun- bu mövzuya toxunmamağa çalışıram. Düzü gedənlərin qərib həyatı ilə maraqlanmıram da, nəyimə lazım? Arada görüşəndə necə yaşayırlar, nə yeyib-nə içirlər, xoşbəxtdirlərmi və sair kimi sualarla yormuram da. Yaş da keçdi, daha oralar bizə ancaq gəzib-görmək üçün gərək olar…

Bir neçə il əvvələ kimi, kimin bu ölkədən getmək istədiyini desələr, jurnalistlər o siyahını tərtib edə bilərdilər. Hətta səbəbini də adlarının qarşısından qeyd edərdilər. Amma zaman keçdikcə, «at izi it izinə» qarışdı, xaricə gedənlərin sıralarında elələrini də gördük ki, yeddi arxa dönəni nə müxalifətçi olmuşdu, nə keçənlərdə özünün barmağına bir tikan batmışdı. Bu adamlar ən müxtəlif yollarla, mitinqlərdə şəkil çəkdirməklə, saxta vəsiqə almaqla «siyasi mühacir» kimi xaricə üz tutdular, məhkəmələrdə yalançı şahidlərlə «dissident» cildinə girdilər, əvvəl özlərini, sonra ölkələrini şərlədilər. Tam bir teatr. Niyə? Çünki gedib suriyalı, afrikalı qaçqınlarla aylarla körpə uşaqları ilə bir kampda ağız-ağıza yatsınlar, yabançı hökumətlərin onlara göndərdikləri artıqları yesinlər.

Sənin vətəndən getməyin üçün 10 səbəbin ola bilər. Amma bu getmək siyasi səbəblərlə bağlı deyilsə, kim sənə haqq verib ki, ölkəni şərləyəsən? Evlərini satıb burdan saxta sənəd düzəldib ailəlikcə gediblər, sonra digər yaxın qohumlarını xaricə yığıblar. Orda «kənd salıblar». Heç getdikləri ölkələri xəritədə göstərə bilməyənlərin sürü ilə ölkəni tərk etmələri bir yana, oturum almaq üçün alçalan, məhkəmələrdə sürünən, burda halal yavan çörəyini bəyənməyib, əcnəbinin kökəsinə möhtac olanlara nə deyəsən?

Sərt səslənir, amma o adamlar bunu haqq edirlər. Çünki yalançıdılar. Xaricə gedib özünü təsdiq edən, dil öyrənən, özünə iş tapan, iş quran, getdikləri ölkənin mədəni həyatına inteqrasiya edən, qaynayıb-qarışan miqrantlar da var, onlara nə demək olar ki?

Amma burdan gedib özünü «siyasi mühacir» kimi təqdim edənlər deportasiya edilməlidirlər. Amma Azərbaycana deyil, başqa ölkələrə. Onların əksəriyyəti Azərbaycan üçün itirilmiş adamlardır. Onları burdan heç kim qovmayıb, çoxu ömrü boyu nə bir müxalifət qəzetinin üzünü, nə bir müxalifət partiyasının qapısını açıb. Burda gəlib nə edəcəklər? Hələ elələri var ki, deportasiya olunmamaq üçün qollarını kəsirlər, dərman içirlər. Taleyə bax! Bu ölkə sizə nə edib ki, qərib ölkədə qoltuq və təhdid altında olmağa razısınız, hətta canınıza da qıyırsız. Bu ölkəni bizdən yaxşı tanıya bilməzsiz, bizdən çox təpik də yeməmisiniz. İndi gedib qaçqın kamplarında afrikalılarla bıçaqlaşırlar. Elə ölməkdirsə - fərqi yoxdur hansı səbəbdən - qalıb vətəndə öləydiniz…

Mühacir alverçiləri. Adam utanır bu dəllaların yerinə. Nə qədər insanı yerindən- yurdundan edib bədbəxt günə qoyublar. Adam onların sığındığı ölkələrin adına da utanır. «Usaqlarımızın gələcəyi üçün gedirik» deyib yollara düşənlərə deyirəm: buraya qovulanda uşaqlarınızın üzünə necə baxacaqsınız?

Nazim Sabiroğlu,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR