Vətəndaşlığa qərib ölkə...
Son bir neçə gündür sosial şəbəkələrdəki əsas müzakirə mövzusu xaricə müraciət edən Müsavat Partiyası fəalıdır. Bəzi insanların bu mühacirət qərarına aqressiv münasibəti, ümumiyyətlə, Azərbaycanda son illər bəzi fəalların sırf mühacir statusu qazanmaq üçün aksiyalarda iştirak etməsi, siyasəti xarici ölkəyə getmək üçün vasitəyə çevirməsi barədə fikirlər isə xeyli aktuallaşıb.
Biz də mövzunun aktuallığını nəzərə alıb, mühacirliklə bağlı bəzi detalları yenidən oxucularla paylaşmaq qərarına gəldik. Çünki hazırda mühacirlik bəzi insanlara “xoşbəxtliyə açılan qapı” kimi görünür. Amma bununla bağlı hər ölkənin ayrı şərtləri var.
Biz Norveçin timsalında mühacir statusu qazanmanın detallarını sizin nəzərinizə çatdıracağıq. Öncə əsas sualdan - kimlərin qorunma hüququ vardır - başlayaq. Əsas şərt ondan ibarətdir ki, əgər ölkənizə qayıtdıqda öldürülmə, işgəncə verilmə və ya digər ciddi təcavüzlərə məruz qalma riski altındasınızsa sığınacaq, qorunma hüququnuz vardır. Yox, əgər vətəninizdə ölkənizin səlahiyyətli orqanları sizi müdafiə edə bilərsə və ya sizin üçün vətəninizdə təhlükəsiz yer varsa, bir qayda olaraq sizin Norveçdə qorunma hüququnuz olmayacaq.
Qorunma hüququ verilən şəxslər Norveçin öhdəliyə götürdüyü beynəlxalq sazişlərə riayət edir. Əgər vətəndaşın qorunma üçün müraciət etmək hüququ yoxdursa, səlahiyyətli orqanlar ciddi humanitar səbəblərə görə və ya Norveçlə xüsusi bağlılıq əsaslarında ona yaşayış hüququnun verilməsi üçün şərtlərə uyğun gəlib-gəlmədiyini qiymətləndirəcək. Bu, humanitar əsaslara görə yaşayış icazəsi adlanır. Bu növ yaşayış icazəsinin verilməsi üçün adətən pasportunuz olmalıdır. Müvafiq səlahiyyətli idarələrə pasport təqdim etməmişsinizsə, bu, ərizənizin rədd edilməsi və məhdudiyyətli yaşayış icazəsinin verilməsi ilə nəticələnə bilər. Məhdudiyyətli yaşayış icazəsi sizə daimi yaşayış icazəsi və ailənizin sizinlə birlikdə mühacirət etməsinə icazə vermir.
Norveçdə qorunmaq üçün müraciət edən şəxslərin heç də hamısının sənədlərinə Norveçdə baxılmır. Avropa ölkələri arasında əməkdaşlığı nəzərdə tutan Dublin Sazişi sığınacaq üçün müraciət edən şəxslərin ərizələrinin yalnız bu sazişə daxil olan ölkələrdən biri tərəfindən nəzərdən keçirilməsini təmin edir. İkinci ölkəyə köçürülüb-köçürülməməyiniz barəsində Norveçin səlahiyyətli orqanlarının araşdırmalar aparması və qərar verməsi adətən 2 aydan 6 ayadək çəkir.
Bəzi siyasi mühacirlər bir qayda olaraq qorunma üçün müraciət edirlər. Bu halda həmin şəxs polisdə sığınacaq axtaran şəxs kimi qeydiyyatdan keçir. Polis onun şəklini çəkir və barmaq izlərini götürür, şəxsiyyəti, Norveçə necə gəlməsi və qorunma üçün müraciət etməyinin səbəbi barədə suallar verir. Qeydiyyatdan sonra mühacirliyə namizəd qəbul mərkəzinə aparılır. Digər müvəqqəti və ya adi qəbul mərkəzinə köçürülməmişdən qabaq orada bir neçə gün qalır. Mərkəzdə öhdəlik və hüquqları barədə mərkəzin personalı tərəfindən mühacirə daha ətraflı məlumat verilir.
Bundan başqa, vərəm əleyhinə müayinə də vacib prosedurlardan sayılır. Ardınca sığınacaq üçün müsahibəyə qatılma gəlir. Sığınacaq müsahibəsi adətən bir neçə saat davam edir. Baş vermiş hadisələri və vətəninə geri qayıtmağa qorxunun səbəbləri konkret və təfərrüatlı olaraq izah edilir. Müsahibədə tərcüməçi iştirak edir. Sığınacaq üçün müsahibənin sonunda müsahibə ərzində danışılanlar barəsində hesabat imzalanır. Tərcüməçi hesabatı mühacir namizədi üçün oxuyur, ardınca imzalar atılır.
Cavab gözlənən müddətdə isə mühacir namizədi adi saxlama mərkəzinə köçürülür. Qəbul mərkəzində yaşamaq pulsuzdur. Amma sözügedən ölkədə yaxını, tanışı olan şəxslər onların evində, ya da bir hoteldə qala bilərlər. Amma bu halda maliyyə dəstəyi almaq imkanları olmur. Sığınacaq üçün ərizənin baxılması bir neçə həftə və ya bir ildən çox müddətə qədər davam edə bilər. Əgər proses uzun müddət çəkərsə, buna səbəb verilən məlumatların düzgünlüyünün araşdırılması ola bilər.
Hesab edək ki, yaşayış icazəsi alındı. Bu halda mühacir yerli bələdiyyələrin birində məskunlaşma təklifi alır. Bu haqda qəbul mərkəzində daha ətraflı məlumat verilir.
Yox, əgər rədd cavabı verilirsə, apelyasiya şikayəti hüququ yaranır. Apelyasiya şikayəti üç həftə ərzində edilməlidir. Adətən apelyasiya şikayəti icra olunan müddətdə Norveçdə qalmaq imkanı var. Amma mühacirət məsələsini həll edən qurum bu ərizənin açıq-aşkar əsassız olduğu qənaətinə gələrsə, Norveçdə qalmaq imkanı olmayacaq.
Pulunu ver, vətəndaşlığı al...
Bugünlərdə Türkiyə saytlarından birində pulla vətəndaşlıq verən ölkələrin siyahısı və şərtləri dərc edildi. Həmin siyahıya əsasən, bəzi ölkələrdə vətəndaşlıq almaq üçün heç də yuxarıda yazdığımız prosedurları keçib, mühacir olmaq, ardınca vətəndaşlığın “gəlişini” gözləmək lazım deyil.
Başlayaq Avstraliyadan. Bu ölkəyə 4,7 milyon dollarlıq investisiya qoyanlar viza alaraq yerləşə bilir.
Almaniyada nisbətən ucuzluqdur. Burada isə minimum kapital 250 min avro təşkil edir. Sözügedən məbləği ödəyən xaricilər ölkənin vətəndaşlığını qazanırlar.
Dominikan Respublikasının vətəndaşı olmaq üçün 100 min dollar yatırım qoyulmalıdır. Yox, əgər evli və uşaqlısınızsa, bu məbləğ 200 min dollara qədər qalxır.
Honq-Konq bahalığı ilə diqqət çəkir. Bu ölkədə təxminən 1 milyon 260 min dollar məbləğində yatırımla ölkə vətəndaşlığına sahib olmaq mümkündür.
Kanadalı olmaq istəyənlərin 400 min dollarlıq investisiyası ilə yanaşı, 800 min dollarlıq sərvəti də olmalıdır.
Uruqvay vətəndaşlıq şərtlərinə görə ən rahat ölkə sayılır. Uruqvay pasportuna sahib olmaq istəyənlərin aylıq 1200 dollar gəliri olmalıdır. Öncə müvəqqəti yaşayış, üç il sonra isə vətəndaşlıq verilir.
Avstriya 6-10 milyon avroluq risk sərmayəsi yatıranlar həmin ölkənin vətəndaşı ola bilərlər. Hansısa dövlət qurumuna 2 milyon avroluq investisiya yatıran şəxslərin də bunun qarşılığında vətəndaşlıq alması mümkün sayılır.
Araşdırmalara görə, İngiltərə 13 ildə 2 milyondan artıq qaçqına vətəndaşlıq verib. İngiltərə hər 2,5 dəqiqədə bir şəxsə vətəndaşlıq verir.
Bolqarıstan azı bir il ölkədə daimi yaşayan və 1,2 milyon dollarlıq yatırım edənlərə vətəndaşlıq verir.
Sent Kits və Nevis Federasiyasının vətəndaşı olmaq üçün ölkənin şəkər sənayesini şaxələndirmək fonduna 250 min dollar ianə vermək lazımdır. Əgər siz hər hansı səbəbə görə şəkər sənayesinə investisiya yatırmaq istəmirsinizsə, onda mülkiyyət sektoruna pul qoya bilərsiniz, lakin bu məbləğ 400 min dollardan az olmamalıdır.
Polşa və Fransa orada müvəqqəti yaşamaq hüququ olan əcnəbidən ölkə ərazisində daim olmasını tələb etmir, lakin bu ölkələrdə daimi yaşayış hüququ almaq çox mürəkkəbdir. Polşada bu ölkənin tarixindən imtahan vermək və polyak dilində kifayət qədər səlis danışmaq tələb olunur. Fransada isə yerli dili bilməkdən əlavə, həm də ayda 2600 avrodan az olmayaraq gəlirə malik olmaq lazımdır.
Bu arada vacib bir detalı da vurğulayaq: Vətəndaşlıq, həm də vergi ödənməsini tələb edir, “köhnə Avropada” isə bu, xeyli pul edir. Təkcə Avstriyada fiziki şəxslər üçün vergilər 50 faizə çatır.
“Azadlıq” radiosunun məlumatına görə, hazırda ABŞ miqrasiya üçün ən cəlbedici istiqamət olaraq qalır.
Planet üzrə miqrant kimi yaşayanların sayı artmaqda davam edib.
2013-cü ildə 232 milyon adam və ya Yer əhalisinin 3,2 faizi miqrant kimi qeydə alınıb. Müqayisə üçün bildirilir ki, bu rəqəm 2000-ci ildə 175 milyon, 1990-cı ildə isə 154 milyon nəfər olub.
Dünya üzrə miqrantların yarısı 10 ölkədə məskunlaşıb.
Dediyimiz kimi, mühacirlərin tərcih etdiyi favorit ölkə ABŞ-dır. Bu ölkədə miqrantların sayı 45.8 milyon nəfərdir. Amerikadan sonrakı yeri 11 milyon mühacirlər Rusiya tutur. Almaniyada 9,8 milyon, Səudiyyə Ərəbistanında 9,1 milyon, Birləşmiş Ərəb Əmirliklərində 7,8 milyon, Britaniyada 7,8 milyon, Fransada 7,4 milyon, Kanadada 7, 3 milyon, Avstraliya və İspaniyada - hərəsində 6,5 milyon mühacir var.
BMT-nin hesabatına görəc 2013-cü il üçün Avropada 72 milyon, Asiyada isə 71 milyon miqrant məskunlaşıb.
Təxminlərə görəc Şimalın inkişaf etmiş ölkələrində 136 milyon, Cənubun inkişaf etməkdə olan ölkələrində isə 96 milyon miqrant sakindir.
Sevinc TELMANQIZI






