Ermənistanın xarici işlər naziri Moskvadan sonra Parisə səfər etdi-erməni diplomatın dəstək almaq üçün “dilənçilik yolu başlanıb”; Bakı və Ankaranın növbəti birlik nümayişi işğalçı və havadarlarına şok yaşatmaqdadır; politoloq: “Paşinyanın istefasını tələb edən siyasi qüvvələr...”
44 günlük müharibədə Azərbaycan ordusundan sarsıdıcı zərbələr alan Ermənistan vətəndaş müharibəsi astanasındadır. Nikol Paşinyana verilən vaxt tamam olduqdan sonra, eks-prezident Levon Ter-Petrosyan daxil, bir çox siyasətçilər toqquşmaların qaçılmazlığını etiraf etməyə başlayıblar.
Ancaq belə bir vəziyyətdə də, Ermənistan rəhbərliyi Qarabağla bağlı avantürist mövqedən əl çəkmək istəmir. Yenə də ayrı-ayrı erməni rəsmilər artıq “”cəhənnəmə göndərilmiş" status söhbətini gündəmə gətirməyə, fəaliyyətsizliyi nəticəsində böyük fəlakətlərə səbəb olmuş Minsk Qrupunun həmsədrlərini dövriyyəyə soxmağa cəhd göstərirlər. Döyüşlərdə və diplomatik müstəvidə ağır məğlubiyyətə düçar edilmiş Ermənistan rəhbərliyi geridönüşə nail olmaqdan ötrü canfəşanlıq edir.

Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanın Rusiya paytaxtına, daha sonra Parisə səfəri də məhz çıxış yolları axtarması istiqamətində növbəti cəhdlərdən sayıla bilər. Xatırladaq ki, 6-7 dekabr tarixlərində Ermənistan xarici işlər naziri Moskvada səfərdə olub, orada Rusiya xarici işlər naziri Sergey Lavrov və KTMT Baş katibi Stanislav Zas ilə danışıqlar aparıb. İlkin informasiyalardan belə qənaətə gəlmək olar ki, təyinatından sonra “havaya düşüb” Azərbaycana qarşı şərtlərlə (!) danışmağa belə cəsarət edən Ayvazyanın Rusiya gözləntiləri də iflasa uğradı. Hər halda Rusiya XİN rəhbəri Sergey Lavrovun açıqlamaları belə yanaşmaya rəvac verir.

Rusiyanın baş diplomatı deyib ki, Dağlıq Qarabağ münaqişəsi hələ qaynar mərhələnin çıxışındadır. “Biz hələ Dağlıq Qarabağ münaqişəsinin isti mərhələsindən çıxırıq. Azərbaycan Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş nazirinin 10 noyabrda imzaladığı birgə bəyanatın bu gün hamının tanımaq məcburiyyətində olduğunu vurğulamaq istəyirəm. Hansı ki, bu bəyanat müharibəni dayandırdı, həm qaçqınların, həm də məcburi köçkünlərin evlərinə qayıtmaları barədə razılaşmanı təmin etdi”, deyə - rusiyalı nazir bildirib. S.Lavrov qeyd edib ki, Rusiya rəhbərliyi uzun illərdir Dağlıq Qarabağda çalışan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) büdcəsinə əlavə vəsait ayırmağa qərar verib: “Biz (Dağlıq Qarabağda) dinc həyatın bərpasında öz resurslarını, təcrübələrini və potensiallarını sərmayə etməyə hazır olan beynəlxalq təşkilatların fəaliyyətini qətiyyətlə dəstəkləyirik. Xüsusilə Rusiya hökuməti uzun illər İrəvan və Bakı da daxil olmaqla həm bölgədə, həm də birbaşa Xankəndidə çalışan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) büdcəsinə əlavə vəsait ayırmağa qərar verib”. S.Lavrov erməni həmkarını qandırmağa çalışıb ki, artıq ayılmaq vaxtıdır, köhnə şablonlardan imtina edib normal mövqe sərgilmək, Ermənistanı uçurumun dibinə yuvarlanmaqdan xilas etmək lazımdır.
Görünür elə bunun nəticəsidir ki, A.Ayvazyan Moskvadakı müzakirələrdə şərt irəli sürməyə cəsarət etməyib. Erməni nazir deyib ki, Azərbaycan və Ermənistan tərəfi Qarabağ nizamlanması ilə bağlı görüş keçirəcək.
Onun sözlərinə görə, İrəvan və Bakı arasında hərtərəfli danışıqlar Qarabağ münaqişə zonasında vəziyyətin sabitləşməsindən sonra başlayacaq. “Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaxın vaxtlarda bölgəyə səfərini, habelə vasitəçilərlə xarici işlər nazirləri (Ermənistan və Azərbaycan - red.) arasında məsləhətləşmələrin başlanmasını gözləyirik. Gələcəkdə yeni danışıqlar prosesinin başlaması üçün zəmin hazırlamaq mümkün olacaq”, - Ayvazyan əlavə edib. Erməni nazir İrəvan və Moskvanın artıq dialoqu bərpa etmək baxımından bir az ehtiyatlı nikbinliyə sahib olduğunu söyləyib. Vurğulayıb ki, tərəflər faciənin təkrarlanmaması üçün mümkün olan hər şeyi etməlidirlər.
Qeyd etdiyimiz kimi, Ermənistanın xarici işlər naziri Moskvadan Parisə yollanıb. “8-9 dekabr tarixlərində Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Fransaya səfəri baş tutacaq. Səfər zamanı Ayvazyan fransız həmkarı Jan-İv Lö Drianla görüşəcək”, - rəsmi məlumatda qeyd olunub. (Virtualaz.org)
Fransa senatının, Milli Assambleyasının ermənipərəst qətnamələri Ermənistanda müəyyən ümidlər yaradıb. Ona görə də A.Ayvazyan tez özünü Fransadakı “bacı”larının yanına yetirmək istəyib. Ancaq Fransa XİN parlamentarların qərarlarına cavab olaraq bəyan edib ki, Qarabağın “müstəqilliyi”nin tanınması mümkün deyil. Elə Fransanın Bakıdakı elçisi də ölkəsinin mövqeyini açıqlayıb. “Bu il həm Ermənistan, həm də Azərbaycan üçün gərgin keçib, iyulda və payızda iki ölkə arasında açıq münaqişə baş verib”. Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz “Twitter” səhifəsində yazıb. Səfir bildrib ki, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu və Şuşa şəhərini geri qaytarıb, hər iki tərəf itkilərə məruz qalıb və əraziyə Rusiya qüvvələri yerləşdirilib. Z.Qros əlavə edib ki, Fransa beynəlxalq qanunu, BMT Təhlükəsizlik Şurasını, ATƏT-in Minsk Qrupunun prinsiplərini, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dstəkləməkdə davam edəcək.

Qafar Çaxmaqlı
Ermənişünas alim Qafar Çaxmaqlı Moskva görüşünün nəticələrini “Yeni Müsavat”a şərh etdi: “Lavrov- Ayvazyan görüşündə ermənilər yenə Dağlıq Qarabağ ermənilərinin özünütəyinetmə haqqından danışılması və Ermənistanın belə bir mövqe sərgiləməsi Rusiyanın hakim dairələrinin də buna bir söz deməməsinin şahidi olduq. Bu, onu göstərir ki, Ermənistanı xilas etməsinin müqabilində Rusiyanın Ermənistandan gözləntiləri var. Paşinyanın istefasını tələb edən siyasi qüvvələr də, onun tərəfdarları da son günlər Rusiyanı xilaskar kimi görürlər. Hətta müxalifətin ortaq namizədi olan Vazgen Manukyan da İrəvanın mərkəzi meydanında etdiyi çıxışında bunu açıq söylədi. Paşinyan özü də son zamanlar verdiyi açıqlamalarında Rusiyaya davamlı şəkildə minnətdarlıq edir və yeni təyinatlarını da Rusiyameyllilərdən seçir”. Q.Çaxmaqlının sözlərinə görə, Rusiya Ermənistanda, demək olar ki, istədiyinə nail olur: “Rusiyanın istəyi isə Ermənistanı özünün plasdarmına çevirməkdir. Əlbəttə, bu durum Ermənistanı aldığı öldürücü zərbədən xilas etmək fəaliyyətlərini də özü ilə gətirəcək. Artıq Azərbaycan tərəfindən dağıdılmış ordunun yenidən qurulması işinə başlanılıb, Gümrüdə pilotsuz uçan aparatların istehsalı üçün işlərə start verilib. Cəmiyyətdə də belə bir fikir var ki, Azərbaycanla yeni bir müharibəyə hazırlıq görülməlidir. Ermənistan cəmiyyəti müharibənin dayandırılması ilə bağlı üçtərəfli anlaşmanı qəbul etmir. Amma bu da reallıqdır ki, Ermənistan hərbi anlamda Rusiyasız heç bir addım ata bilməz. Bu anlaşmanın bir tərəfində Rusiya varsa, o pozula bilməz, ən azından yaxın gələcəkdə bu, baş verməyəcək. Ermənistanda isə qarşı duran tərəflər arasında müəyyən anlaşmanı da Rusiya nizama salmağa çalışacaq. Hələlik Rusiyaya Paşinyan sərf edir, Moskva ondan istifadə edib, bölgədə öz maraqlarını təmin etmək üçün addımlarını atacaq”.
Politoloq bildirdi ki, S.Lavrov erməni həmkarına müharibənin qaynar dövrünün bitməsinə işarə etsə də, gələcəkdə bu siyasət dəyişə bilər: “Rusiyaya əslində münaqişə lazımdır, siyasətini də həmin yöndə aparmağa çalışacaq ki, burada gedən proseslərə müdaxilə edə bilsin. Amma unudulmamalıdır ki, Ermənistanda irqçi və revanşist qüvvələr gündən-günə güclü şəkildə meydana çıxıb, yaranmış durumdan istifadə etməyə çalışırlar. Ona görə də Rusiyanın Ermənistanla bağlı siyasətinə diplomatik əngəllər törətmək ehtiyacı yaranır. Rusiyanın Dağlıq Qarabağda sülhməramlı funksiyalardan kənara çıxmasına qətiyyən icazə vermək olmaz. Yoxsa Dağlıq Qarabağın işğaldan azad etmədiyimiz əraziləri Pusiyanın protektoratına çevrilə bilər. Sülhməramlılar buraya yalnız erməni əhalinin təhlükəsizliyinin təmin olunması üçün gəlməyib. Dağlıq Qarabağa bir an öncə Azərbaycanlı əhalinin də köçürülməsi prosesinə başlamaq lazımdır. Buna qarşı çıxılarsa, Türkiyə ordusu da azərbaycanlıların qarantı kimi həmin ərazilərə dəvət edilməlidir”. Q.Çaxmaqlı xatırlatdı ki, Rusiya prezidenti V.Putin bir çıxışında hətta buna Azərbaycanın haqqı olduğunu dilə gətirib: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir və orada Azərbaycan dövlətinin suveren hüquqları bərpa olunmalıdır”.
Qardaş Türkiyənin bizimlə çiyin-çiyinə olması isə hansısa güc mərkəzlərinin oyununu pozur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan paytaxtında keçiriləcək qələbə paradında iştirak etməkdən ötrü Bakıya gəlir ki, bu da düşmən üçün növbəti şokdur. Qardaş ölkənin lideri Azərbaycan Prezidenti İlham Əliyevin dəvətilə dekabrın 9-10-da ölkəmizdə olacaq ki, bu da tarixi hadisədir. Qarabağdakı qələbəmizdə qardaş Türkiyənin mühüm rolunun olduğunu hər kəs bilir, odur ki, zəfər gününün qeyd olunmasında Ərdoğan başda olmaqla, Türkiyə hərbçilərinin də iştirakı arzuolunan idi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin qurulmasını müzakirə edəcək. “Report” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb. Qeyd olunub ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər, habelə Qarabağdakı son vəziyyət də müzakirə olunacaq. Təsəvvür edin, Türkiyə hərbçiləri Azadlıq meydanındakı qələbə paradından keçib, Ağdamda, birgə qurulacaq Monitorinq Mərkəzində qərar tutacaqlar, düşmənin bağrını çatladan hadisələr baş verir.
Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danıışığı olub. Tərəflər Qarabağda vəziyyəti müzakirə ediblər. Putin və Merkel ATƏT-in Minsk Qrupu çərçivəsində gələcək əməkdaşlığa qarşılıqlı hazır olduqlarını ifadə etdilər. Həmçinin Putin hərbi əməliyyatların dayandırılması səyləri və sülhməramlıların fəaliyyəti barədə məlumat verib.
“Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı müzakirə olundu. Vladimir Putin hərbi əməliyyatların dayandırılması üçün həyata keçirilmiş vasitəçilik səyləri, habelə Bakı və İrəvanın istəyi ilə təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti barədə məlumat verdi. Bundan əlavə, Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin 9 noyabr tarixli bəyanatında qeyd olunan razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin bölgədəki vəziyyətin ümumi sabitləşməsinə kömək etdiyi vurğulandı”, - Kremlin məlumatında deyilir.
Qarabağ məsələsi dünyanın bir saylı mövzusu olaraq qalmaqdadır. Azərbaycanın zəfərini sinirə bilməyənlər və qısa zaman çərçivəsində 30 illik işğala son qoyulmasını heyrətlə qarşılayanlar yenidən dövriyyəyə girmək üçün müxtəlif cəhdlər göstərirlər. Amma Azərbaycan dövlət başçısı sözünü deyib: “Bizim işimizə burunlarını soxmasınlar!”
Elşad PAŞASOY






